NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ədalət prinsipi ilə çalışan bütün həmkarlarım adından bu yüksək təltifi qəbul edirik

...

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə və məhkəmə orqanlarında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilib. Biz də həmin şəxslərin  bir neçəsinin təəssüratlarını öyrəndik.
 “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında Analitik və məhkəmə statistikasının aparılması şöbəsinin müdiri Vüsal Qaybalıyev qeyd etdi: 
"22 ildir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində çalışıram. Bu gün mənim üçün olduqca qürurverici və məsuliyyətli bir gündür. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə və məhkəmə orqanlarında fəaliyyətimə verilən yüksək qiymətin təcəssümü olaraq “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunmaq mənim üçün böyük şərəfdir.
Bu yüksək mükafata layiq görülmək, ilk növbədə, mənə göstərilən etimadın və dövlətimizin hüquq sisteminə verdiyi dəyərin təzahürüdür. Mən bu təltifi təkcə şəxsimə yox, ümumilikdə, hüquq sahəsində vicdanla, peşəkarlıqla çalışan bütün həmkarlarım adına qəbul edirəm. Göstərilən etimada və diqqətə görə dərin minnətdarlığımı bildirirəm.
Əmin edirəm ki, bu mükafat mənim üçün yalnız keçmiş fəaliyyətimin qiymətləndirilməsi deyil, həm də gələcək işlərimə ruh verən, məsuliyyətimi artıran, dövlətimə və xalqıma xidmət borcumu bir daha xatırladan müqəddəs bir amildir.
Bu gün müstəqil Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının hüquq sistemində şəffaflıq, qanunun aliliyi, ədalət prinsiplərinin qorunması prioritet vəzifələrdəndir. Biz hüquqşünaslar bu prinsipləri rəhbər tutaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması naminə var gücümüzlə çalışmaqda davam edəcəyik.
Bu təltifi qəbul edərkən bir daha anlayıram ki, dövlətə, cəmiyyətə və ədalətə xidmət etmək – şərəfli və məsuliyyətli bir missiyadır.
Bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

 “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan Turac Əlizadə bildirdi: "Artıq 10 ildir ki, muxtar respublikanın ən yüksək məhkəmə orqanı olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində çalışıram. Bu il məhkəməmizin 100 illik yubileyi qeyd olunur, böyük qürur hissi və fəxrlə bildirirəm ki, Ali Məhkəmənin 100 illik yubileyi münasibətilə təltif olunan şəxslərdən biriyəm. Mənə göstərilən etimada, fəaliyyətimi qiymətləndirdiyinə, eyni zamanda öz vəzifələrimizi layiqincə yerinə yetirməyimizə şərait yaratdığına görə dövlətimizə minnətdarlığımı bildirirəm. Bu təltif yalnız mənim üçün deyil, eyni zamanda çiyin-çiyinə çalışdığım bütün həmkarlarım üçün də bir dəyərin təntənəsidir. Əmin edirəm ki, bundan sonra da vəzifə borcumu vicdanla yerinə yetirəcək, göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacağam. Bizə göstərilən bu etimada görə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi kollektivi adından dərin minnətdarlığımızı bildiririk".

Bülbül Rövşənqızı

Nəşr edilib : 07.10.2025 18:50