NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ədalət bərpa olub, indi quruculuq vaxtıdır

...

Düşmənin xarabalığa çevirdiyi torpaqlar əsl sahibinə qovuşandan  sonra gülüstana dönüb. Gerçəkləşən “Böyük Qayıdış” pro­qramı sayəsində yenidən qurulan şəhərlərə, kəndlərə qayıdan insanların sevinci qaysaq bağlamış yaralarımıza məlhəm olur və ədalətə inamımızı bir daha möhkəmləndirir. Ədalət gec də olsa, mütləq öz yerini tapır. İndi quruculuq vaxtıdır.

Fevralın 25-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd rayonunun Xocavənd kəndində və şəhərində görülmüş işlərlə tanış olublar. 

Xocavənd kəndində yaşayış üçün lazımi infrastruktur qurulub, bir sıra sosialyönümlü işlər görülüb. 20 ailə öz evinə, ocağına qovuşub. Xocavənd şəhərində isə əsaslı təmirdən sonra fərdi evlərə 50 ailə köçürülüb. Məskunlaşan hər bir ailə çırağı yanan bir ocaq, Qarabağa qayıdan həyatdır. Prezidentin: “İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz” fikri torpağına qayıdan insanlara sevinc bəxş etməklə yanaşı, gələcəyə ümid, işıq, əminlik yaradır: övladları, nəvələri indi bu torpaqlarda əvvəlkindən daha rahat, tam təhlükəsiz, firavan yaşaya biləcək, doğma torpaqlarda öz xoşbəxt   gələcəklərini quracaqlar.

Xocavənd şəhər və kənd sakinləri ilə keçirilən səmimi görüş isə uzun müddət yaddaşlarda qalacaqdır. Ulu Öndərin vəsiyyətini yerinə yetirən ölkə başçısına minnətdarlıqlarını bildirən sakinlər doğma yurda qayıdışın sevincini bölüşüblər. İnsanların mehribanlıqla dövlət başçısını və ailə üzvlərini qarşılaması, dövlət başçısının uşaqdan tutmuş böyüyə hər kəsə diqqət ayırması,  sakinlərin birinci xanıma sevgisi çəkilən fotolarda əbədiləşdi. Səmimi ortamda keçən görüşdə dövlət başçısı təndir çörəyinin dadına da baxdı, uşaqlara nəvaziş göstərdi. Ağsaqqal, ağbirçək  xeyir-duası ilə sakinlər üçün yaradılan şəraitlə tanış oldu. “Artıq o dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır”, – deyən ölkə başçısı illər sonra doğma yurdlarına qayıdan sakinlərə xoşbəxt həyat arzuladı.

Xatırladaq ki, ötən ilin sentyabrından bu günədək Xocavəndin 5 yaşayış məntəqəsinə, ümumilikdə, 1485 nəfər – 355 ailə qayıdıb. Uğurla icra edilən “Böyük Qayıdış” Qarabağa həm quruculuq, həm doğma nəfəs, yeni həyat gətirib. Qarabağı  cənnətə döndərən ölkə başçısının da dediyi kimi: “Əsas odur ki, insanlar burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək”.

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 26.02.2026 18:45