NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Dil xalqın gələcəyi, varlığı üçün əsas vasitədir

...

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibədə ana dilimizin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu mövzunun nə qədər aktual və strateji əhəmiyyət daşıdığını bir daha gündəmə gətirdi. Dövlət başçısı çıxışında Azərbaycan dilinin milli kimliyimizin əsas dayaqlarından biri olduğunu vurğulayaraq bu məsələyə hər bir vətəndaşın məsuliyyətlə yanaşmalı olduğunu xüsusi qeyd etdi. “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”, – deyə Prezident İlham Əliyev bildirib. Məhz bu çağırış fonunda ana dilimizin bugünkü durumu və qarşıda duran vəzifələrlə bağlı AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevlə həmsöhbət olduq. İnstitutun direktoru qeyd etdi ki, dilin saflığının və zənginliyinin qorunması təkcə dövlətin deyil, cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən mühüm missiyadır: “Dil məsələsi millət üçün, dövlət üçün strateji məsələdir. Dövlətçiliyin əsas atributu dil sayılır. Dil olmasa, dövlətin milli birliyi olmaz. Hələ Ulu Öndər 1969-cu ildə hakimiyyətə gəldiyi dövrlərdən başlayaraq Azərbaycanın milli birliyinə xidmət edən əsas məsələlərdən biri kimi dil məsələsini ön cərgəyə çəkmişdi. Və bu istiqamətdə ana dilinin inkişaf etdirilməsi sovet dövlətləri içərisində də milli birlik xəttində fəaliyyətini davam etdirirdi”. 
“1978-ci il Konstitusiyasına “Dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi dilimizin bu respublikanın hüdudları daxilində qanuni yerini hüquqi şəkildə müəyyən etdi. Ulu Öndər bu istiqamətdə Azərbaycan dilinə aid dərsliklərin nəşrini həvəsləndirdi. Hətta 4 cildlik “Azərbaycan dili” dərsliyinin müəlliflərinə Azərbaycan Dövlət Mükafatı verildi. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra dilimizin statusu daha da möhkəmləndirildi və genişləndirildi. Azərbaycan dilinin bütün dövlət idarələrində işlədilməsi və inkişaf etdirilməsi 2002-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun vasitəsilə hüquqi status aldı. Bundan sonra Ulu Öndərin layiqli varisi, ölkə Prezidenti İlham Əliyev də milli dil siyasətini ardıcıl şəkildə davam etdirməyə başladı”. 
Professor bildirdi ki, ölkə Prezidenti 2013-cü ildə "Azərbaycan dilinin qlobollaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramı imzalandı. Bu proqram dilimizin hərtərəfli inkişaf etdirilməsinin əsas ana xətlərini müəyyən edirdi: “Dövlət Proqramı dilimizin həm respublika daxilində, həm də beynəlxalq müstəvidə milli sərvətimizi, Azərbaycançılıq ideologiyasının təməl sütunlarından biri kimi inkişaf etdirməyi nəzərdə tutur. İlham Əliyev son illərdə bu məsələyə daha ciddi şəkildə yanaşmağı bir nömrəli vəzifə kimi qarşıya məqsəd qoyub. Belə ki, keçən dövr ərzində Azərbaycan dilinin qorunub inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb, Azərbaycan dilinin dövlət idarələrində və insanlar arasında əsas ünsiyyət vasitəsi kimi fəaliyyəti təmin edilib. Ölkə Prezidenti 2025-ci il 3 noyabr tarixdə Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki parlaq çıxışında dil məsələsinin xalqımız üçün, dövlət üçün, millət üçün çox mühüm əhəmiyyət kəsb etdiyini bir daha nəzərə çatdırdı. Və dil məsələsinin təkcə ictimai əhəmiyyət deyil, həm də siyasi əhəmiyyət kəsb etdiyini, onun milli kimliyin əsasını təşkil etməsi ilə bağlı olduğunu vurğuladı”. 
Əbülfəz Quliyev qeyd etdi ki, ölkə Prezidenti yerli televiziya kanallarına müsahibəsində dilimizin  inkişafını, xarici təsirlərdən qorunmasını mühüm vəzifə kimi qarşıya qoyaraq Azərbaycan vətəndaşlarını bu istiqamətdə mübarizəyə dəvət etdi. Ölkə başçısının da vurğuladığı kimi, dil məsələsi milli kimliyin əsasını təşkil edir. Dilimizə qarşı bir təhlükə gözlənilirsə, bu, dövlətçiliyə qarşı qəsd hesab olunmalıdır. Dilə qarşı təhlükə olarsa, xalqımızın gələcəyinə qarşı da təhlükə yarana bilər. Ona görə də ölkə Prezidenti bu mühüm məsələdə bütün xalqımızı ayıq olmağa, səfərbər olmağa çağırdı. O qeyd etdi ki, xüsusilə xaricdən təsir alan sözlərin lüğətimizə geniş şəkildə daxil olması dilimizi pozur və milli kimliyimizi də sarsıdır. Ona görə də dilimizi qorumaq lazımdır. Bunun üçün dil sevgisi hamı üçün bir nömrəli vəzifə olmalıdır. Dili bağçadan, məktəbdən övladlarımıza sevdirməliyik. Azərbaycan dilinin daha dərindən öyrənilməsinə, tədris olunmasına diqqəti daha da artırmalıyıq. Dövlət idarələrində, rəsmi dairələrdə dövlət dili olan Azərbaycan dilinin funksiyasının təsir dairəsini genişləndirməliyik. Dilimizi sevməliyik. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət səviyyəsində planlı şəkildə işlər həyata keçirilir. Azərbaycan beynəlxalq aləmdə əməkdaşlıq etdiyi dövlətlərdə Azərbaycan dilinin öyrənilməsi ilə əlaqədar mərkəzlər yaradır. Diasporda Azərbaycan məktəblərinin təşkil olunmasını qarşıya məqsəd qoyub. Dilin xalqımızın milli-mənəvi dəyərlərindən biri kimi qorunub saxlanılmasına diqqət və qayğı artırılıb. 
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev son olaraq diqqətə çatdırıb ki, dil xalqın gələcəyi, varlığı üçün əsas vasitədir və xalqın milli sərvətidir: “Naxçıvanda isə dilin təbliği ilə bağlı elmi-tədqiqat və tədris müəssisələrində yarışlar, müsabiqələr keçirilir. Ali məktəblərdə dilimizin inkişafına aid konfranslar təşkil olunur. Küçə adlarının, yer adlarının, reklamların milliləşdirilməsi istiqamətində dövlət orqanları qarşısında təkliflər irəli sürülür. Ölkə Prezidentinin qeyd etdiyi kimi, dilin qorunub inkişaf etdirilməsi milli məsələdir və hamı bu istiqamətdə səfərbər olmalı, dilimizi qoruyub inkişaf etdirməliyik. KİV-də də ədəbi dil normalarına riayət olunmasına diqqət artırılmalıdır. Bu məsələdə həssas olmalıyıq”.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 06.01.2026 16:08