Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan ərəb dünyasının aparıcı ölkələrindən sayılan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərin müxtəlif sahələr üzrə dərinləşməsinə böyük önəm verir. Təqdiredici haldır ki, ötən dövrdə hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində uğurlu əməkdaşlıq modeli formalaşdırıblar. Bu xüsusda Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğu 2012-2013-cü illərdə BƏƏ-nin ölkəmizə göstərdiyi siyasi dəstək dövlətimiz və ictimaiyyətimiz tərəfindən yüksək dəyərləndirilir. Ötən müddətdə liderlərin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib, iqtisadi, siyasi və humanitar əməkdaşlıq üçün geniş imkanlar açıb. Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsi prosesinə təkan verən birgə mühüm fəaliyyət istiqamətləri müəyyənləşdirib. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə növbəti səfəri də “Gələcəyin Oyunları 2025” qlobal idman turnirinin açılış mərasimində iştirakla paralel, həm də Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin regionda stabilliyin qorunması baxımından böyük siyasi əhəmiyyət daşıyır.
Dünyada və regionda baş verən müxtəlif ictimai-siyasi proseslərə rəğmən Azərbaycanla BƏƏ arasında diplomatik əlaqələr hər zaman yüksək səviyyədə olub. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Bir il sonra isə hər iki respublika arasında diplomatik münasibətlər qurulub və 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə iki ölkə arasında münasibətlər dostluq zəminində yüksək trayektoriya qazanıb. BƏƏ daim Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin qüvvəyə minməsi ikitərəfli əlaqələrin tarixində yeni səhifə açıb. Prezident İlham Əliyev bu bəyannamənin siyasi əlaqələri ən yüksək səviyyəyə qaldırdığını vurğulayıb: “İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir”.
Azərbaycan-BƏƏ iqtisadi münasibətlərinin inkişafında enerji sektoru xüsusi çəkiyə və rola malikdir. Bu da təsadüfi deyildir. Çünki zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan ilbəil bu sahədə imkanlarını daha da şaxələndirir və eyni zamanda da elektrik enerjisi, əsasən də, “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilmək təşəbbüsləri ilə çıxış edir. Bu mənada, Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının – Qaradağ Günəş Elektrik Stansiyasının məhz BƏƏ şirkətinin investisiyası hesabına tikilib istifadəyə verilməsi də olduqca uğurlu, faydalı əməkdaşlıqdan xəbər verir. Gələcəkdə Qarabağda, Şərqi Zəngəzurda və Naxçıvanda qeyri-neft sekoru, sənaye, “yaşıl enerji” üzrə yeni layihələrin icrasında BƏƏ şirkətlərinin yaxından iştirakı bölgədə iqtisadi həyatın yüksəlişinə güclü təsir göstərəcək. Ümumilikdə, indiyədək Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə edən 50-dən çox ikitərəfli sənəd imzalanıb ki, bu da münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini təsdiqləyir. Dekabrın 17-də Əbu-Dabidə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə də strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpa olunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulandı. Dövlətimizin başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunuldu.
Prezident İlham Əliyevin Əbu-Dabiyə səfərinin əsas məqsədlərindən biri də, təbii ki, Azərbaycan liderinin “Gələcəyin Oyunları 2025” qlobal idman turnirinin açılış mərasimində iştirakıdır. Bu xüsusda onu vurğulamaq olar ki, idmanın inkişafına böyük önəm verən, 2015-ci ilin Avropa Oyunlarını, 2017-ci ilin İslam Həmrəylik Oyunlarını və builki MDB Oyunlarını yüksək səviyyədə təşkil edən Azərbaycanın bu qlobal turnirin açılışında ali səviyyədə təmsil olunması aparılan uğurlu dövlət idman siyasətinə beynəlxalq rəğbətin ifadəsi kimi dəyərləndirilir. Bu eyni zamanda hər iki ölkə liderinin şəxsi münasibətinin göstəricisi, xalqlarası tarixi-mədəni bağlılığın növbəti təcəssümüdür. Qeyd etmək yerinə düşər ki, “Gələcəyin Oyunları” hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir. Turnir iki mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. “Növbəti nəsil insanlar. Gələcəyini oyna” devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar, ümumilikdə, 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək 2025-ci ildə keçiriləcək “Gələcəyin Oyunları” turnirinə ev sahibliyi etmək hüququ qazanıb.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, səfər çərçivəsində keçirilən görüş həm də bu il iyulun 9-da imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin reallaşdırılması prosesini daha da sürətləndirəcək. Bu Saziş ticarət həcmlərinin artırılması, investisiya axınlarının şaxələndirilməsi, innovasiya və yaşıl texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Şübhəsiz ki, həmin istiqamətlər üzrə tərəflərin birgə fəaliyyəti gələcəkdə dünya düzəninin nizama salınmasında, beynəlxalq iqtisadi-ticari münasibətlərin tənzimlənməsində, eyni zamanda davamlı regional sülhün, sabitliyin təmin olunmasında mühüm faktor rolunu oynayacaq.
Nail ƏSGƏROV
Digər xəbərlər