Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
O gün dağlar da nəfəs alırdı. Külək sanki illərin həsrətini sinəsinə çəkib, azadlıq qoxusunu dağlardan düzənlərə, şəhərlərdən qəlblərə daşıyırdı. Torpaq sükutla danışırdı, amma gurultulu bir səssizliklə. Hər qarışında şəhid qanının, anaların göz yaşının, igidlərin andının izi vardı. O səhər günəş başqa doğdu.
Qarabağın üstündə illərlə duman kimi gəzən qəm həmin gün yerini işığa verdi. Sanki göy üzünün özü səcdəyə durdu, “Zəfər” adında bir dua oxundu bu torpağın üzərində. Hər çiçək, hər ağac, hər daş o duanı təkrarlayırdı. Bir əsgər səngərdə dayanmışdı, çiynində silah, qəlbində Vətən. Bəlkə də, gecələr ulduzlara baxıb fikirləşirdi: “Bəlkə, anam indi o ulduza baxır, bəlkə, mənim üçün dua edir”.
O, igidlər döyüşə sevgisiz getməmişdi, onun silahı sevgi idi, mərdliyi inam idi. Sevginin ən uca forması olan Vətən sevgisi ilə... Hər addımda bir yurdun nəfəsi, hər güllə, bir əsrin cavabı idi. Zəfər müharibəsi zamanı bütün analar səhəri dua ilə açır, əllərini səmaya qaldırıb oğlunu sağ, Vətəni isə bütöv görməyi arzulayırdı. Küləklər, bəlkə də, onların göz yaşlarını səngərdəki əsgərin alnına toxundururdu, görünməz bir sevgi kimi.
Həmin gün küləklər bayrağın rənglərini daşıdı. Üçrəngli bayrağın kölgəsi dağlara, dərələrə, şəhərlərə yayıldı. O bayraq minlərlə qəlbin döyüntüsü idi. O bayraq, şəhidlərin ruhu, anaların duası, bir xalqın təntənəsi idi.
Həmin Zəfərin unudulmaz səsi ilə Qarabağ yenidən doğuldu. Şuşa yenidən səsləndi. Sanki Xan Şuşinskinin avazı, xan qızı Natəvanın qələmi yenidən dil açıb danışır, tar-kamanın simləri də azadlığın nəğməsini çalırdı. Daşlar danışır, çinarlar baş əyirdi. Hər yerdə həyat yenidən nəfəs alırdı. Körpə uşaqlar “Şuşa” adını qürurla söyləyirdi, sanki qədim bir nağıldan danışırdılar. O nağılın qəhrəmanları isə bu torpağın oğulları idi, canını Vətənə hədiyyə etmiş, adını tarixə yazmış igidlər. İndi Zəfər Günü bir bayramdan daha artığıdır. O, bir millətin dirçəlişinin, bir sevginin yenidən doğuluşunun günüdür.
Külək hər dəfə dağların zirvəsində əsəndə o pıçıldayır. Mən o səngərin yanından keçmiş, o əsgərin nəfəsini duymuş və bu torpağın sevgisinə şahid olmuşam. Və hər dəfə bir uşaq məktəbdə Zəfər haqqında inşa yazanda, o təkcə azad bir ölkənin deyil, bir sevdanın dastanını yazır. Çünki bu zəfər sevginin, birliyin, mərdliyin və ümidin zəfəridir. Bu zəfər bəzən bir xalqın “Mən varam” deyə hayqırdığı, minillik yaddaşına yazdığı bir möcüzədir.
Qarabağ torpağı indi bir simfoniya kimi hərdən soyuq, hərdən isti meh ilə dil açıb danışır, hər daşı, hər ağacı, hər axan suyu ilə “Zəfər” nəğməsini oxuyur. Əbədiyyətə səs salan ömürlük bir nəğmə ilə...
Rafiq TƏHMƏZ
Digər xəbərlər