NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Əbədiyaşar Lider

...

Azərbaycan tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbətdir. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev xalqımızın qəlbində əbədi məskən salıb. Onun qurduğu dövlət indi qalib dövlətdir və bu dövlətin “dəmir yumruğ”u yeni reallıqlar yaradıb.  “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, –  deyən Heydər Əliyev bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışıb. Dahi liderin xidmətləri sayəsində dövlətçilik, Azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ümummilli Lider Heydər Əliyev öz fəaliyyəti ilə vətənpərvər cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edib, xalqımız tarixi hədəflərinə qovuşub, Vətənimiz bütövləşib. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” - deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub”.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova deyib.

 Deputat daha sonra əlavə edib: “Ulu Öndər Azərbaycanda hakimiy­yətdə olduğu hər iki dönəmdə – istər 1969-1982-ci illərdə, istərsə də 1993-2003-cü il­lərdə üstün siyasəti və heyratamiz zəkası ilə ölkənin inkişafına, iqtisadi qüdrətinin artırıl­masına çalışıb, xalqın rifahının yaxşılaşması naminə yorulmaz səylər göstərib. Fenomenal bacarığı sayəsində Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirərək haqq səsimizi dünyaya yayıb. Ulu Öndər hər birimizin qəlbindədir. O daim xalqın içində olan böyük şəxsiyyət idi, milləti sevən, müasirliyə can atan, eyni zamanda, milli dəyərləri qoruyub saxlayan bir şəxsiyyət idi. Ulu Öndər Azərbaycanı sev­məyin, millətə, ölkəyə özünü fəda etməyin nümunəsini göstərdi. Unudulmaz milli lider bizim hər birimiz, eləcə də gələcək nəsillər üçün bundan sonra da örnək olacaq. Azər­baycan Vətən müharibəsində tarixi qələbə qazandıqdan sonra Ulu Öndərin ərazi bütöv­lüyümüz, suverenliyimiz və sərhədlərimizin toxunulmazlığının təminatı ilə bağlı arzuları tam reallaşdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Tam əminik ki, bu gün Ulu Öndərin ruhu şaddır.

“Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin etmişdir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasi xəttin uğurlu davamının nəticəsidir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf edir, quruculuq obyektlərinin sayı günbəgün artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əldə olunan uğurların Heydər Əliyev yolunun davamı olduğunu bildirərək demişdir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır”.   

Azərbaycan xalqı bu gün çox­əsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları qürur və sevinc hissləri keçirirlər. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə çağdaş tariximizə şanlı səhifə yazdı. Tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü  təmin edildi. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı, haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi xalqımızın tarixinin ən parlaq səhifəsidir. Bu qələbə Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin şərəflə davam etdirdiyi böyük siyasətin məntiqi nəticəsidir”.- deyə deputat bildirib.

Nəşr edilib : 10.12.2025 09:32