Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal o...
16:00 08.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
Azərbaycan xalqı öz tarixində bir çox görkəmli şəxsiyyətlər yetirmişdir. Lakin bu şəxsiyyətlər arasında eləsi var ki, onun adı təkcə bir dövrün deyil, bütöv bir epoxanın simvoluna çevrilmişdir. Bu böyük şəxsiyyət xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Dahi Öndərin siyasi irsi xalqına və dövlətinə xidmət yoludur. Qürurvericidir ki, müstəqilliyin qorunmasında və möhkəmləndirilməsində Ulu Öndərin əvəzsiz rolu tariximizdə qızıl hərflərlə yazılıb.
Mayın 10-da Azərbaycan xalqı hər il olduğu kimi Ulu Öndərin doğum gününü böyük ehtiram və qürur hissi ilə qeyd edir. Bu gün yalnız bir xatirə günü deyil, həm də milli yaddaşımızın və dövlətçiliyimizin gücləndiyi, gələcəyə olan inamımızın bir daha təcəssüm tapdığı gündür.
1969-cu ildə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkədə sosial-iqtisadi və mədəni inkişafın yeni mərhələsi başlandı. Məhz onun təşəbbüsü və gərgin əməyi sayəsində o dövrdə Azərbaycan Sovet İttifaqı miqyasında qabaqcıl respublikalardan birinə çevrildi. Dahi rəhbər istedadlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi, elm, təhsil və səhiyyənin inkişafı üçün geniş imkanların yaradılması ilə gələcəyin milli kadr potensialının əsasını qoydu.
Onun “xalq üçün yaşamaq və çalışmaq” prinsipi ilə qurduğu siyasət təkcə Azərbaycanın deyil, bütövlükdə türk və İslam dünyasının siyasi tarixində özünəməxsus yer tutur.
1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə əldə etmiş Azərbaycan ağır daxili siyasi çəkişmələr, iqtisadi gerilik və Ermənistanla aparılan müharibənin fəsadları ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb dövrdə, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi siyasət xadimi, ölkəni anarxiyadan və parçalanmadan xilas etdi. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, dövlət institutları formalaşmağa başladı, beynəlxalq əlaqələr genişləndi.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının əsasını qoydu və ölkəmizi dünya iqtisadiyyatına inteqrasiya yoluna çıxardı. Bu siyasət nəticəsində Azərbaycan regionun enerji və logistika mərkəzinə çevrildi.
Ümummilli Lİderimiz təkcə bir siyasətçi və dövlət başçısı deyildi. O, eyni zamanda Azərbaycançılıq məfkurəsinin banisi kimi milli birliyin və vətənpərvərlik ideyasının əsasını qoydu. Dahi rəhbərin təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi və demokratik dövlət quruculuğunun möhkəm bünövrəsini təmin etdi.
Ulu Öndərin siyasi fəaliyyəti hər zaman milli maraqlara əsaslanıb. O, xalqın istəklərini və ehtiyaclarını hər zaman ön planda tutaraq dövlət idarəçiliyində sosialyönümlü, balanslı və gələcəyə hesablanmış siyasət yürüdüb.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi strateji kurs uğurla davam etdirilir. Məhz bu irsin davamı olaraq Azərbaycan 44 günlük Vətən müharibəsində böyük Qələbə qazandı, ərazi bütövlüyümüz təmin edildi və Qarabağ torpaqları azad olundu. Bu tarixi zəfər Ulu Öndərin siyasi xəttinin real nəticəsidir.
Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Böyük Qayıdış Proqramı, sosial rifahın yaxşılaşdırılması və ölkənin beynəlxalq nüfuzunun artması – bütün bunlar Heydər Əliyev siyasəti yaşayır və inkişaf edir deməyə tam əsas verir.
Görkəmli dövlət xadimi öz xalqını zamanın ən çətin sınaqlarından uğurla çıxaran nadir liderlərdən biridir. Onun həyat yolu və fəaliyyət prinsipləri gələcək nəsillər üçün bir örnəkdir.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onun ideyaları isə daim yolumuzu işıqlandıracaqdır.
Sevinc HƏSƏNOVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər