NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Əbədi zəfər tonqalımız

...

Prezident İlham Əliyev: "2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".

1990-cı ilin soyuq və çətin qışından sonra gələn baharda doğulan günəş ürəyimizi isitməyə macal tapmamış torpağımızda yanan iki tonqalın atəşi qəlbimizi kül etdi. Bu elin insanları Şuşaya yağan qarın soyuğunda üşüyəndə səngərdə dayanan əsgərin qəlbindəki intiqam atəşi daha da alovlanırdı. Biz illərlə Qarabağda qalanan iki tonqalın harayına çatmağa can atdıq. Həsrətlə baxdıq o yanan tonqallara... Ağdamın, Füzulinin torpağını əkib-biçib taxılının çörəyini yeyən düşmənin torpağın bağrına od vurduğunu lap yaxından izləmək məcburiyyətində qalanda gözümüzdən axan yaş qəlbimizdəki alovu söndürə bilmədi. 
Bu xalq nə az, nə çox – 30 il Novruzu qarşılayanda “Gün o gün olsun ki, gələn il bu vaxt Qarabağda tonqal qalayaq” oldu arzusu. Şuşanın sinəsində bahar çiçəkləri açılmamış solanda, Ağdamın xarabalıqları arasında qaranquşlar yuva qurmağa yer tapmayanda, Həkəri lal axanda, Laçın quşu qanad salanda, Cəbrayılın çinar meşələri nəfəssiz qalanda bu xalq öz Vətənindən öz yurduna həsrətlə baxdı.

Səbir etdik illərlə, ordumuza, Ali Baş Komandanımıza inanıb gözlədik. İllər sonra 44 gündə həsrət bitdi. İllərdir, həsrətlə yol gözləyən Qarabağ azad oldu, yenidən əsl sahibinə – öz anasına, Azərbaycanına qovuşdu. Qəhrəmanlar yurdu, qədim Azərbaycanın igid oğulları tariximizin şanlı səhifələrinə daha bir zəfər dastanı yazdı. Həmin gün sanki yenidən dünyaya gəldi Şuşa, Zəngilan, Ağdam, Kəlbəcər. Babalardan miras qalan qeyrət yolunda oğullarının qazandığı zəfərlə qovuşduq atalarımızın ruhunun gəzdiyi torpağa. Zəfər himni çalındı, azan oxundu, illərdir, həsrətində olduğumuz yurdlarda. 
2021-ci ilin baharı illər sonra Qarabağa gələn ən gözəl bahar oldu. Qarabağa illər sonra əsl bahar gəldi. Günəş dağların başında görünəndə həsrətdən buz tutan uca zirvələrin qarı əriyib can atdı azad torpağa qovuşmağa. Xarıbülbül açmağa tələsdi. Bayram gördü Şuşa yenə. Cıdır düzündə şahə qalxan Qarabağ atının səsi Şuşa dağlarına yayıldı. Bülbülün, Üzeyirin, Xan qızının, Vaqifin ruhu sakitliyə qovuşdu. Çünki həmin gün Şuşada bir tonqal qalandı. Zəfər tonqalı, bayram atəşi. Qalib Komandan Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə yandırdığı bayram tonqalı bizim əbədi zəfər tonqalımız oldu. Həmin gün o tonqalın istisinə 30 ildir, donan ürəklər isindi. İllərlə həsrət çəkib kor olan gözlər həmin tonqalın işığında nura qərq oldu. 
Azad Vətənin səmasında ağ göyərçinə dönüb qanad çalan şəhid ruhları şad oldu. İndi artıq çiçək açır Kəlbəcər. Dağlar yol verir öz oğul-qızlarına. Zəngilanda, Laçında, Cəbrayılda qalanan bayram tonqallarının ətrafında yallı gedən gənclər birliyimizi, azadlığımızı göstərir. Daha üşümür Şuşa, qərib-qərib boynunu bükmür Zəngilan. Biz dünyanın ən xoşbəxt xalqına çevrilmişik. Biz qalibik, biz məğruruq, biz alnıaçıq, başı dik gəzirik artıq. Çünki biz qələbə qazan­mışıq. Bu böyük xoşbəxtçilikdir. Dövlət başçısının Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olduğu və bayram tonqalını alovlandırdığı gündə dediyi kimi: “Artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir”.
Şuşada səməni cücərdirik, Laçında bayram süfrəsi açırıq, Xankəndində təhsil alan gənclərimiz bayram tonqalının ətrafında birləşib bir olur. Biz bu günləri xalqımıza bəxş edən ordumuzla, Ali Baş Komandanımızla qürur duyuruq. Xoşbəxtliyimizin işığı düşməni kor edir artıq. İndi artıq orada yanan od-ocaqlardan çörək ətri gəlir. Ocağımız yanar, təknəmiz doludur artıq. Xocalıda, Laçında bayram süfrəsi açılır. Məhəllələrdə qalanan tonqalların alovu ətrafa şölə saçır. Cavanların səsi baş alıb gedir, uşaqlar sağa-sola qaçıb bayram sevincini yaşayır. Hər kəs öz yaxınına, qonşusuna pay verib, pay alır. Hamı bayram süfrəsinin başına toplaşıb, bu əziz günü qeyd edir. Uşaqlar “papaqatdı”ya, gənclər isə qulaq falına çıxırlar. 
Bütün bunları seyr edəndə 20 mart 1998-ci ildə Ulu Öndərin məcburi köçkünlərlə görüşündə dediyi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır” sözlərini xatırlayıram. 90-cı illərin ən çətin günlərində ümidimiz olmuşdu bu sözlər. Bu xalq da əmin idi o günün gələcəyinə. Bəli, gün həmin gündür. Biz artıq Şuşada – Cıdır düzündə yanan tonqalı seyr etməyin, Xocalıdan gələn uşaq səslərini eşitməyin qürurunu yaşayır, Ağdamda yanan çırağımızın işığını görürük. Bu gün Azərbaycanın hər qarşında alovlanan tonqal təkcə bayram tonqalı deyil, torpağı Vətən edən oğulların qəlbimizdə alovlandırdığı əbədi məşəldir həm də... Bu tonqal heç vaxt sönməyəcək. Yüz illər sonra da Qarabağda hər bahar yanan bayram tonqalı bizə birliyimizi, Vətən sevgimizi xatırladacaq.

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 20.03.2026 00:52