Azərbaycan XİN: Avropa Şurası komissarının qərəzli...
17:14 29.04.2025
0
0
0
NAXÇIVAN :
29 Aprel 2025, Çərşənbə axşamı
Vasif Adıgözəlov – 90
Azərbaycan musiqi tarixində öz yeri, dəst-xəti olan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, respublikanın Xalq artisti, professor, dövlət mükafatı laureatı, bəstəkarlarımız arasında yeganə olaraq ölkənin iki ali mükafatına – “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülən Vasif Adıgözəlov milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş etmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin ən yaxşı ənənələri üzərində yüksələn, yaradıcılığında Şərq və Qərb mənəvi dəyərlərinin yüksək bədii-fəlsəfi sintezinə nail olan Vasif Adıgözəlov XX əsr Azərbaycan musiqi mədəniyyətində üç nəsli birləşdirən etibarlı mənəvi körpü idi: xanəndə Zülfü Adıgözəlov, böyük bəstəkar Vasif Adıgözəlov və məşhur dirijor Yalçın Adıgözəlov! Ata, oğul və nəvə! Bu üç böyük sənətkar – bu şərəfli nəsil Azərbaycan musiqi mədəniyyəti tarixində müstəqil bir epoxadır. Yaratdığı ölməz sənət inciləri ilə mənsub olduğu xalqın mədəniyyət tarixinə bənzərsiz töhfələr verən sənətkarın sənət dünyası əbədiyaşardır, bənzərsizdir. Böyük musiqiçilər nəslinin layiqli nümayəndəsi Vasif Adıgözəlov müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzini duymuşdur. Bəstəkarın xalqımızın muğam xəzinəsinə dərin bələdliyi ilə səciyyələnən yaradıcılığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrindən birini təşkil edir. Vasif Adıgözəlov müasirliklə milliliyin uğurlu sintezinə nail olaraq qiymətli əsərlər yaratmışdır. Bəstəkar öz əsərlərində Azərbaycan xalq musiqisinin bütün janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Bəstəkarın yaradıcılığı üçün parlaq melodizm və milli muğamlarımızdan qaynaqlanan xüsusiyyətlər xarakterikdir.
Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfində alan V.Adıgözəlov, eyni zamanda uşaq yaradıcılığı sinfində məşğul olmuş, bəstəkarlıq sahəsində erkən addımlarını atmışdır. O hələ Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyarkən bir gənc bəstəkar kimi özünü sınaqdan keçirmişdir. 1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının təşkil etdiyi gənc bəstəkar-tələbələrin baxışında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tələbələri ilə yanaşı, onun da müxtəlif alətlər üçün yazılmış maraqlı və ifadəli əsərləri ifa olunur. Bu əsərlərin fortepiano partiyasını məharətlə və professionallıqla Vasif özü ifa edir.
Təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək o, konservatoriyanı iki ixtisas – bəstəkarlıq üzrə dahi bəstəkar, professor Qara Qarayevin sinfini, fortepiano üzrə isə professor Simuzər Quliyevanın sinfini əla qiymətlərlə bitirmişdir.
Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Bəstəkarın əsərləri nəinki ölkəmizdə, hətta dünyanın bir çox yerlərində – Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarında səsləndirilmişdir. Bu gün də Vasif Adıgözəlovun əsərləri müxtəlif beynəlxalq musiqi festivallarında məşhur dirijorların təfsirində səslənir, görkəmli kollektivlərin və ifaçıların repertuarına daxil edilir, respublikamızın musiqi təhsili ocaqlarında tədris olunur, disklərə yazılır.
Dahi Q.Qarayev məktəbinin zəngin ənənələrini və novatorluq prinsiplərini ən yüksək səviyyədə inkişaf etdirərək V.Adıgözəlov öz yolunu müəyyənləşdirmiş, musiqidə özünəməxsus dəst-xətini tapmışdır. V.Adıgözəlov sənət aləminə 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının 1-ci Qurultayında səslənmiş “Simfonik poema” və “Sonata”sı ilə gəlib. Bir qədər sonra M.F.Axundzadənin “Hacı Qara” komediyası əsasında Ramiz Mustafayevlə birlikdə “Xəsis” operettasını yazıb.
Bəstəkarın yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksəksəviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. 70-ci illərin əvvəllərində artıq məşhur bəstəkar V. Adıgözəlov “Nənəmin şahlıq quşu” və “Ayrılaq, evlənərik” operettalarını yaradır. Bəstəkar 2 operanın – “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın, o cümlədən “Aldın payını, çağır dayını”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 4 simfoniyanın, simfonik poemaların – “Qəhrəmanlıq poeması”, “Afrika mübarizə edir”, “Mərhələlər”, “Bayram uvertürası”nın, piano ilə simfonik orkestr üçün dörd konsert, violino ilə simfonik orkestr üçün konsert və violonçel ilə simfonik orkestr üçün konsert, daha sonra vokal-simfonik poemaların, simfonik orkestrin müşayiəti ilə dörd royal üçün yazılmış “Poema”, “Segah” muğam-simfoniyasının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romanın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Azərbaycanın tarixi taleyi ağır sınaqla üz-üzə gələndə sovet imperiyasının və onun totalitar ideologiyasının çökməsindən istifadə edən düşmənlər torpağımıza göz dikəndə böyük bəstəkar, əslən Qarabağdan olan V.Adıgözəlov vətən taleyi mövzusuna müraciət edərək “Odlar yurdu” və “Qarabağ şikəstəsi” oratoriyalarını yaratdı.
Bəstəkarın müxtəlif janrları əhatə edən zəngin və əhatəli yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil etsə də, o ən mürəkkəb janr olan operaya iki dəfə müraciət edərək yüksək bədii keyfiyyətə malik musiqili səhnə əsərləri yaratmağa nail olmuşdur. Əgər o, 1963-cü ildə görkəmli Azərbaycan dramaturqu C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında ilk operası “Ölülər”i yazmışdırsa, 40 ildən sonra yenidən bu janra müraciət edərək Azərbaycan xalqının böyük şairəsi Xurşidbanu Natəvanın 170 illiyinə həsr edilmiş ikinci operası “Natəvan”ı ərsəyə gətirmişdir.
Bəstəkar hələ tələbəlik illərindən başlayaraq fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər – piano və orkestr üçün 3 “Konsert”in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir. Bu gün bəstəkarın həm “24 prelüd” piano silsiləsi, həm də konsertləri respublika pianoçularının repertuarında özünə möhkəm yer tutur və musiqi tədrisi sistemində geniş istifadə edilir.
V.Adıgözəlovun romans və mahnı yaradıcılığı uzun illərdir ki, milli mədəniyyətimizin ən gözəl nailiyyətləri xəzinəsində mühüm yer tutur. Bəstəkarın mahnı və romans yaradıcılığı nəinki Azərbaycanda, hətta sərhədlərimizdən uzaqlarda da geniş şöhrət tapmışdır. Əlbəttə, bir çox romans və mahnıların dillər əzbəri olması gözəl sənətkarlarımız Rəşid Behbudovun, Mirzə Babayevin, Şövkət Ələkbərovanın, Fidan və Xuraman Qasımovaların, “Qaya” vokal-instrumental ansamblının yüksək ifaçılıq məharəti, incə interpretasiyası ilə bağlıdır. Bəstəkarın romans və mahnıları görkəmli şairlərimizin sözlərinə yazılmışdır. R.Rzanın sözlərinə “Yeddi çinar”, Natəvanın sözlərinə “Qərənfil”, Ə.Kürçaylının sözlərinə bəstələnmiş “Ay olmaq istəyirəm” əsərləri dediklərimizə nümunədir.
İrihəcmli monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə qəlbləri fəth etmişdir. Onun dillər əzbəri olan “Qərənfil”, “Bakı”, “Xoşum gəlir”, “Naz-naz”, “Şuşa laylası”, “Ana” kimi mahnıları insanın ülvi hisslərini riqqətə gətirən təkrarolunmaz sənət inciləridir. Bəstəkarın bir çox kinofilmlərə yazılmış musiqiləri xalqımızın dərin rəğbətini qazanmışdır.
Vasif Adıgözəlov görkəmli ictimai və musiqi xadimi kimi respublikanın mədəni həyatında fəal iştirak etmiş, milli musiqimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Onun Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində baş redaktor, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru, Azərbaycan Bəstəkarlar İttifaqında məsul katib, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında bədii rəhbər, A.Zeynallı adına Bakı Musiqi Texnikumunda direktor, Bakı Musiqi Akademiyasında Xor dirijorluğu kafedrasının professoru və müdiri, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanmış, geniş ictimai-pedaqoji fəaliyyətini dövlətimiz yüksək qiymətləndirmişdir.
Öz novator yaradıcılığı ilə XX əsr Azərbaycan professional musiqisinin yeni zirvələrini müəyyənləşdirən V.Adıgözəlovun 3 noyabr 1995-ci ildə keçirilən yubileyi əsl musiqi hadisəsinə çevrildi. Bu zaman o, Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən “Şöhrət ordeni” ilə təltif olundu.
Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərmişdir. Müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqi qaynaqlarından bəhrələnərək öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb. Vasif Adıgözəlov məşhur Adıgözəlovlar nəslinə mənsub, Üzeyir Hacıbəyli ənənələrini davam etdirən, Qara Qarayev məktəbinə sadiq bir sənətkar olmaqla yanaşı, qayğıkeş və tələbkar ata idi. Unudulmaz bəstəkarımızın oğlu respublikamızın tanınmış dirijoru, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov bu musiqiçilər nəslinin layiqli davamçısıdır.
Belə zəngin ömür yolu keçmiş, gözəl sənət əsərləri yaratmış, böyük musiqiçilər nəsli yetişdirmiş, geniş təşkilatçılıq fəaliyyəti göstərmiş bir insan olmaqla yanaşı, V.Adıgözəlov öz səmimiliyi və alicənablığı ilə xalqımızın qəlbində əbədi ehtiram hissi yaratmışdır. V.Adıgözəlov Azərbaycan musiqi mədəniyyətimizin tarixində heç kəsə bənzəməyən, öz fərdi üslubu ilə seçilən və Qərb musiqisinin imkanlarından, janr və formalarından bacarıqla istifadə edən qüdrətli sənətkar idi.
Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub. Vasif Adıgözəlovun ecazkar musiqisi zaman-zaman səslənəcək və “Vasif Adıgözəlov” adlı “sənət karvanı” daim irəliləyəcək.
Sevinc MUSAYEVA
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının müdiri
Digər xəbərlər