NAXÇIVAN :

03 May 2026, Bazar

Düzgün hava temperaturu necə ölçülməlidir?

...

Naxçıvandakı kəskin isti hava şəraiti hər kəsə məlumdur. Lakin son zamanlarda sosial şəbəkələrdə tez-tez rastlaşdığımız 50, 53, 60 dərəcə temperatur göstəriciləri əhalidə xüsusi narahatlıq doğurur. Bəs bu göstəricilər həqiqəti əks etdirirmi, yaxud nə zaman və hansı şəraitdə aparılan ölçü doğrudur? Suallarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin direktoru Toğrul Həsənzadəyə yönəltdik. Müsahibim dedi ki, havanın temperaturu yer səthindən 2 metr hündürlükdə olan psixometrik köşkdə qurulmuş termometrlərlə müəyyən edilir. Termometrləri Günəş radiasiyasının təsirindən qoruyan psixometrik köşkdür. Psixometrik köşk hər tərəfdən hava keçirməyə imkan verən xüsusi qutudur və bu qutunun içərisində havanın maksimum, minimum və indiki temperaturunu ölçmək üçün termometrlər mövcuddur.

Toğrul müəllim diqqətimizə çatdırdı ki, havanın temperaturu üzərində ölçü işləri müşahidələrin aparılma qaydalarına uyğun həyata keçirilməlidir. Havanın temperaturunun müşahidə vaxtları Qrinviç saatı ilə üç saatdan bir olmaqla ölçülür. Gün ərzində maksimum və minimum temperatur qeyd olunur. Onu da öyrəndik ki, müasir dövrdə avtomat meteoroloji stansiyalarda havanın temperaturunun göstərilməsi xüsusi sensorlar və elektronik sistemlər vasitəsilə həyata keçirilir, stansiya avtomatik işləyir, 10 dəqiqədən bir və ya daha tez olmaqla məlumatları yeniləyir.

Buna görə də havanın temperaturu haqqında ən düzgün məlumat məhz xüsusi qurğudan alınır və yanlış zamanda, yanlış yerdə ölçülmüş temperatura əhəmiyyət verməyin heç bir əsası yoxdur.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 06.08.2025 15:03