Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Zəfərin beşinci qalibiyyət yürüşü
Bu günə kimi bu meydanda çox tarix yazıb Azərbaycan xalqı. Məhz elə buna görə bu meydanın adı da “Azadlıq” olub. Burada, bax, bu yerdə biz xalq olaraq tarix yazıb, sovet tanklarının, silahlı əsgərlərin qarşısına əliyalın çıxıb, 70 illik əsarətə son verib, müstəqil, azad olmuşduq. Müstəqil ölkənin ilk Hərbi paradı da elə məhz bu meydanda keçirilmişdi. Sonrakı illərdə də bu meydanda öz gücümüzü nümayiş etdirmişdik biz. Həmin paradlarda nümayiş olunan hərbi texnikalarımıza baxanda əmin idik ki, bir gün gələcək bu meydanda Zəfər paradı olacaq. Çünki biz yaxşı bilirdik ki, ordumuz təkcə əyninə hərbi forma geyinmiş əsgərdən, gizirdən, zabitdən deyil, bütöv bir xalqdan ibarətdir. Çünki Ali Baş Komandanımız “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı, Azadlıq meydanına gətiriləcək və Hərbi paradda göstəriləcək”, – deyirdi. Dedi və həmişəki kimi sözünə əməl etdi. Həmin gün gəldi. 2020-ci ildə Bakının baş meydanında keçirilən Zəfər paradı ordumuzun qüdrətini, Ermənistanın rəzilliyini dünyaya nümayiş etdirdi. Alman faşizmindən daha qədim olan erməni faşizminə “dəmir yumruğ”umuzla sarsıdıcı zərbə vurduq. Postsovet məkanında 1945-ci ildən sonra keçirilən ilk Qələbə paradına da biz imza atdıq. Hamı gördü ki, bu xalq torpaqlarının işğalına 30 il səbir edə bilər, amma bununla barışa bilməz. 30 ildə öz ordusu haqqında "miflər" yaradan, "keçilməz sədləri" ilə öyünən Erməni dövlətinin silahlı birləşmələri, "dağılmaz-keçilməz" sədləri cəmi bir saatda darmadağın edildi. Cəmi 44 gündə Azərbaycan Ordusu tərəfindən torpaqlarımız işğaldan azad edildi. Zəfər paradı azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvolu kimi yaddaşlarda qaldı. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. 2023-cü ildə Xankəndidə keçirilən hərbi paradda addımlayan Azərbaycan əsgərin ayaq səsi isə əbədi qayıdışın simvolu oldu. Bu gün həmin şanlı tarixdən beş il ötür.
Bu gün Azərbaycan xalqı birliyi ilə qazandığı qələbənin beşinci ildönümünü qürurla qeyd edir. Bakının baş meydanından dünyaya yayılan zəfər addımların səsi bütün yer kürəsində eşidilir.
Dostluğun və qardaşlığın rəmzi
Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, o cümlədən rəsmi şəxslərin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi və qardaş ölkənin təyyarəsinin Bakı səmasındakı uçuşu oldu ki, bunun da siyasi və rəmzi mənası var idi. Zəfərin beşinci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə oldular. Bu isə, sadəcə, bir keçid deyildi. Bu Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin nişanəsi idi. Türkiyə və Pakistan dövləti, onun siyasi-hərbi rəhbərliyi Vətən müharibsində birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bu ölkələrin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər.
Bu baxımdan, Azərbaycan-Türkiyə və Pakistan dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Yüz illər öncədən yaranan dostluq bağları Vətən savaşında daha da bərkidi. Zəfərin beşinci ildönümünə həsr edilmiş Hərbi paradda çıxış edən qardaş ölkələrin başçıları öz çıxışlarında bunu xüsusi ilə vurğuladı. Bakı səmasında dalğalanan üç bayraq isə dünyaya bir daha “Biz əzəli, əbədi qardaşıq” mesajını verdi.
Qalib xalqın müzəffər Ordusu
Bu parad təkcə hərbi güc nümayişi deyil, həm də xalqın birliyinin, dövlətin qüdrətinin və qalib millət ruhunun bayramıdır. Azadlığın, zəfərin və milli qürurun rəmzinə çevrilmiş 8 Noyabr günü dünyanın diqqəti yenidən Azərbaycanın hərbi qüdrətinə yönələldi. Azadlıq meydanında baş tutan parad zamanı Azərbaycan Ordusu son illərdə əldə etdiyi yenilikləri, modern silah arsenalını və texnoloji gücünü nümayiş etdirdi. Bakı səmasında qartal kimi süzən qırıcılar, helikopterlər, Xəzərin sinəsində sıralanan hərbi gəmilər, Azadlıq meydanından keçən hücum və müdafiə texnikaları, ilk dəfə nümayiş etdirilən " İnsansız sistem qoşunları",qalib olmaq şərəfi ilə addımlayan Azərbaycan əsgəri. Bu gün təkcə bu xalq yox, bütün dünya şahid oldu və dərk etdi, biz kimik və nəyə qadirik. Qarabağ Zəfəri təkcə Azərbaycanın yox, dünyaya yayılan minlərlə türkün zəfəridir.
"Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz – bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır". Müzəffər Ali Baş Komandanın sözləridir. Zəfərin beşinci ildönümünə həsr edilmiş Hərbi paradda qürurla deyirdi. Bu gün onun və bütöv xalq üçün ən gözəl gündür. Beş il öncəki kimi, ilk olaraq, Atasını, xalqımızın Ümummilli Liderini ziyarət etdi, ona şad xəbəri verdiyi həmin gündəki kimi Ata vəsiyyətini yerinə yetirən oğul olmaq, illərdir, torpaq həsrəti ilə yanan insanları öz ocağına qovuşdurmağın qüruru ilə Vətən üçün can verən oğullara borcunu ödəyib, Zəfər muzeyinin açılışını etdi.
Zəfərin beşinci sevincinin yaşandığı Hərbi paradda qürurla dayanan Ali Baş Komandanı və Azadlıq meydanında addımlayan Azərbaycan əsgərini görəndə Ulu Öndərin vaxtı ilə Naxçıvanda dediyi “Biz tam əminik ki, bu keçid dövründə, Ermənistanla gedən müharibə şəraitində yaradılmış milli ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, müasir hərbi elmə inadla yiyələnəcək, torpaqlarımızın etibarlı surətdə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər” sözlərini xatırlayanda bir daha əmin oldum bu yolun zəfər yolu olduğuna.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər