NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Dünyanı fəth edən diplomatiya, qitələri birləşdirən dövlət – Azərbaycan

...

Çoxəsrlik tarixə, özünəməxsus zəngin ənənələrə malik Azərbaycan diplomatiyası 1993-cü ildən bəri yüksək inkişaf və tərəqqi mərhələsini yaşayır. Prezident İlham Əliyevin praqmatik düşüncə və qətiyyətə əsaslanan çoxvektorlu xarici siyasəti nəticəsində bu gün respublikamız uzaq coğrafiyaları yaxınlaşdıran, qitələri birləşdirən, beynəlxalq münasibətləri tənzimləyən, iqtisadi, mədəni körpülər salan nümunəvi diplomatik model formalaşdırıb. Bu model dünyanın ən nüfuzlu güc mərkəzləri, beynəlxalq təşkilatları tərəfindən qəbul edilir, təqdir olunur. 
Azərbaycan diplomatiyasını özünəməxsus, fundamental edən birinci amil, sözsüz ki, onun milli maraqlara əsaslanmasıdır. Bu özünü irəli sürülən mühüm təşəbbüslərdə, reallaşdırılan regional, beynəlxalq əhəmiyyətli layihələrdə göstərir. Başqa sözlə, Prezident İlham Əliyevin də dəfələrlə dediyi kimi, regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür. Otuz ilə yaxın cərəyan edən ictimai-siyasi hadisələr də sözü imzası qədər dəyərli olan liderin tam haqlı olduğu faktını ortaya qoyur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP, Cənub Qaz Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Zəngəzur dəhlizi və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirməklə onun bölgədəki nüfuzundan, münasibətlər sistemindəki fəal rolundan xəbər verir. Və ələlxüsus da, qeyd etdiyimiz kimi, bütün bunların təməlində xalqımızın milli maraqları, ölkəmizin ümumbəşəri hədəfləri dayanır.
Azərbaycan diplomatiyasının üstün məziyyəti onun humanizm, haqq, ədalət prinsiplərinə əsaslanması ilə özünü göstərir. Bu baxımdan, respublikamızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər ən gözəl nümunədir. Belə ki, dünya analitikləri, ekspertlər, politoloqlar tərəfindən II Qarabağ müharibəsi müzəffər Ordumuzun hərbi gücü ilə yanaşı, dövlətimizin siyasi iradəsinin, qətiyyətinin nəticəsi kimi xarakterizə olunur. Eyni zamanda respublikamızın BMT-dən sonra ikinci ən böyük təsisat sayılan Qoşulmama Hərəkatına 4 il sədrlik dönəmində, xüsusilə də COVİD-19 pandemiyası ilə mübarizədə, həmçinin ötən il 200-ə yaxın ölkənin yekdil qərarı ilə Bakıda keçirilən COP29 konfransında diplomatiyamızın ədalət prinsipləri öz sözünü ən bariz formada, qəti şəkildə dedi. Humanizm, haqq, ədalət anlayışı 14 illik vətəndaş müharibəsindən çıxmış Suriyaya qaz nəqlində, müharibə şəraitində yaşayan, acınacaqlı vəziyyətdə olan Ukraynaya humanitar yardımda, Fransanın neokolonializm, müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqlara, iqlim dəyişmələrindən fəsad görən kiçik ada dövlətlərinə hərtərəfli dəstəkdədir.
Azərbaycan diplomatiyası sülhə çağırış edir, regional, qlobal təhlükəsizliyə töhfə verir, faydalı əməkdaşlıqlara vəsilə olur. Bu nüansı “Şimal-Cənub”, “Şərq-Qərb”, Orta Dəhliz, Cənub Qaz Dəhlizi layihələrində, müasir çağırışlara tutarlı cavab verən “yaşıl gündəlik”də açıq-aydın görə bilərik. Beynəlxalq nəqliyyat-logistika mərkəzi, tranzit ölkə kimi Azərbaycan Çindən-Avropa ölkələrinə, o cümlədən İtaliyayadək gedən yükdaşımalarının təşkilinə geniş imkanlar açmaqla etibarlı ticarət tərəfdaşlığı yaradıb. Bu addım uzaq coğrafiyaları yaxınlaşdırmaqla yanaşı, beynəlxalq siyasi, iqtisadi münasibətlərin tənzimlənməsinə, yeni dünya nizamının formalaşmasına, iqtisadiyyatların çiçəklənməsinə, turizmin inkişafına, sahibkarlıq mühitinin formalaşdırılmasına təkan verir. Eyni zamanda Cənub Qaz Dəhlizi layihəsini reallaşdırmaqla respublikamız qoca qitənin enerji təhlükəsizliyində aparıcı rol oynayır. Azərbaycan hazırda bu layihə əsasında 14 ölkəyə mavi yanacaq nəql edir ki, onun 10-u Avropa    ölkəsi, o cümlədən 8-i isə Avropa İttifaqının üzvüdür. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən  ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu baxımdan, təsadüfi deyildir ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. 

Respublikamızın irəli sürdüyü “yaşıl enerji” gündəliyi də re­gional, qlobal təhlükəsizlik və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu xüsusda ölkə başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i diqqətə çəkmək olar ki, bu sənəddə “yaşıl enerji”yə keçid xüsusilə diqqət mərkəzindədir. Sosial-iqtisadi inkişafa dair beş Milli Prioritetlər sırasında yer alan “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti üzrə ötən dövrdə bir sıra təşəbbüslər irəli sürülüb, layihələrə imza atılıb. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanın “yaşıl enerji zona”ları elan edilməsi və bu istiqamətdə görülən işlər sözügedən prioritetin icrası baxımından xüsusi əhəmiyyət daşıyır. 
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın “yaşıl enerji”yə dair siyasəti təkcə milli deyil, həm də ümumbəşəri xarakter daşıyır, özündə beynəlxalq prioritet və məqsədlər ehtiva edir, sağlam dünya naminə birgə fəaliyyətə çağırış missiyasını uğurla yerinə yetirir. Bu xüsusda 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” də əsas istiqamətlər müəyyənləşdirir. Bu saziş Avropanı “yaşıl enerji” ilə təmin edən əsas kanal kimi Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur ki, bununla da Azərbaycan Avropaya “yaşıl enerji” körpüsü salmağı hədəfləyib. Sözügedən nəhəng layihə Azərbaycanla Avropa ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından da olduqca önəmlidir və tərəflərin müasir çağırışlara əsaslanan məqsədlərinə uyğundur. Ümumilikdə, imzalanmış bütün müqavilələrə və sərmayə öhdəliklərinə əsasən respublikamız 2030-cu ilədək 6,5 giqavat həcmində bərpa olunan enerji gücünə malik olacaq. Bu da Azərbaycanın ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək.
Azərbaycan diplomatiyası dünyada siyasi nüfuzu ilə seçilir, ölkəmizə strateji müttəfiq, strateji tərəfdaş imici qazandırır. Respublikamız hazırda 3 ölkə – Türkiyə, Özbəkistan və Rusiya ilə strateji müttəfiq, Çin ilə hərtərəfli strateji tərəfdaş, Pakistan, İtaliya, İsrail, Gürcüstan, İran, Qazaxıstan, Çexiya, Birləşmiş Krallıq və Rumıniya kimi ölkələrlə etibarlı ticarət tərəfdaşıdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), GUAM, MDB, TDT kimi beynəlxalq platformalarla faydalı əməkdaşlığa, siyasi, iqtisadi, mədəni dialoqa malikdir. Prezident İlham Əliyevin dünya səviyyəli sammitlərə, konfranslara, forumlara fəxri qonaq qismində dəvət alması respublikamızın mövqeyinə, ortaya qoyulan siyasi qətiyyətə etibardan, etimaddan, son illərdə formalaşan “regional lider və qlobal tərəfdaş” modelinin təsdiqindən xəbər verir.
Bəli, Azərbaycanın 32 illik müasir diplomatiya tarixinin son 5 ili uğurlar baxımından xüsusi vurğu gərəkdirir. Bu diplomatiya 44 gündə Böyük Zəfər qazanan, Avropa ilə Asiya arasında ticarət körpüsü yaradan, Avropanın enerji təhlükəsizliyini təmin edən, Avrasiyanın nəqliyyat xəritəsini formalaşdıran, Cənubi Qafqazdan okeanın o tayına gedib çıxan, Ağ evi fəth edərək bölgəyə davamlı sülhü gətirən, aparıcı iqtisadiyyata malik Çinlə hərtərəfli strateji tərəfdaşlığa imza atan, ABŞ kimi dünya nəhəngi ilə strateji tərəfdaşlıq yoluna qədəm qoyan siyasi güc və qüdrətin təcəssümüdür. Bütün bu nailiyyətlərin əsasında isə, təbii ki, Ulu Öndər ideyalarının yaşadıcısı, qətiyyətli siyasi lider, görkəmli dövlət xadimi İlham Əliyev və onun yaratdığı xarici siyasət doktrinası dayanır. Əminliklə demək olar ki, dünyanı fəth edən diplomatiya, qitələri birləşdirən dövlət modeli Azərbaycan üçün yeni üfüqlərin kəşfinə yol açmaqla onu daha böyük, misilsiz siyasi, iqtisadi qələbələrə aparmaqda davam edəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 03.12.2025 12:08