NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Dünya mətbuatı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir

...

Dünyanın aparıcı mətbuat orqanları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir.

"Şərq qapısı" xəbər verir ki, Avropa İttifaqının “Commonspace.eu” nəşri dövlətimizin başçısının çıxışının tam mətnini dərc edib.

Türkiyənin “Hürriyet qəzetinin “Prezident Əliyevdən Ermənistana barış mesajı” sərlövhəli məqaləsində Azərbaycan-Ermənistan münasibətlərində faktiki sülh mühitinin yarandığı diqqətə çatdırılır, iqtisadi və nəqliyyat əməkdaşlığı üzrə ilk addımların atıldığı qeyd olunur. “İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistana 12 min ton neft məhsulları ixrac edib, həmçinin öz ərazisindən 28 min ton yükün tranzitini asanlaşdırıb”, -deyə nəşr yazır.

Məqalədə, həmçinin Azərbaycanın dövlət başçısının Avropa institutları, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə ikili standartlar tətbiq etməsi barədə fikirləri də yer alıb. Materialda Azərbaycanın öz mövqeyini daha sərt və prinsipial şəkildə beynəlxalq auditoriyaya çatdırdığı vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyev Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamələri “təhqir və yalanlarla dolu” adlandıraraq onları açıq şəkildə tənqid edib.

Qardaş ölkənin “TRT World”, “Akşam”, “Cumhuriyet”, “Haber Global”, “Star”, “Aydınlık”, “Yeşil İğdır”, “Mersin Haber”, “Haber 1”, “Ankahaber” media orqanları da Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışından əsas məqamları dərc edib.

İranın “Tasnim” xəbər agentliyi, “Şafaqna” və “Xabarpru” portalları da Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti bazar ertəsi günü Avropa Parlamentini Azərbaycanla Ermənistan arasındakı sülh prosesini sabotaj etməkdə ittiham edib. “İlham Əliyev İrəvanda keçirilən Zirvə toplantısında video bağlantı vasitəsilə çıxışında bildirib ki, Avropa Parlamenti son beş ildə Bakıya qarşı təhqiramiz tonda 14 qətnamə qəbul edib”, -deyə İran mediası yazır.

Misirin “NDB Masr” nəşri, Yəmənin “Saba” və Livanın NNA xəbər agentlikləri, “Leboanon files” portalı, Qazaxıstanın “Ulısmedia” qəzeti, Tacikistanın “Xabarixuş” saytı da dövlətimizin başçısının “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışına geniş yer verib. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişlərin olduğunu vurğulayıb və bunu konkret iqtisadi və nəqliyyat addımları ilə əsaslandırıb. Həmçinin Azərbaycan Prezidentinin Avropa Parlamenti və digər qurumların qəbul etdiyi qətnamələri kəskin tənqid etdiyi və bu yanaşmanın ədalətsiz olduğunu bildirdiyi də diqqətə çatdırılıb.

Nəşr edilib : 05.05.2026 17:58