NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Dünya İqtisadi Forumu Azərbaycan üçün mühüm iqtisadi dividendlər vəd edir

...

Prezident İlham Əliyevin apardığı xarici siyasətin əsas məqsədi dünyanın aparıcı ölkələri ilə yanaşı, beynəlxalq təşkilatlarla da əlaqələrin yüksələn xətlə inkişafını təmin etməkdir. Bu da, təbii ki, Azərbaycan üçün həm siyasi nüfuzun güclənməsi, həm də iqtisadi qüdrətin artırılması, o cümlədən respublikamızda ayrı-ayrı sahələrə yeni sərmayələrin cəlbi, yeni dividendlərin qazanılması baxımından olduqca vacib amildir. Beynəlxalq münasibətlər və dünya siyasəti baxımından mühüm təsir imkanlarına malik Dünya İqtisadi Forumu ilə əməkdaşlıq da məhz özündə bu müasir çağırışları, üstün keyfiyyətləri birləşdirir. 

Prezident İlham Əliyevin forumun illik iclaslarına mütəmadi olaraq dəvət alması ölkəmizin etibarlı qlobal tərəfdaş imicinin bu iqtisadi platforma tərəfindən güclü etimad qazandığını sübut edir. Bu il yanvarın 19-23-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun növbəti illik iclası da Azərbaycan üçün mövcud iqtisadi əməkdaşlığın dərinləşməsi, yeni tərəfdaşlıqların qazanılması baxımından faydalı müzakirə və qlobal siyasi nüfuzun daha da gücləndirilməsi nöqteyi-nəzərdən mütərəqqi addımların atılması ilə yadda qaldı.
DİF-in sayca 56-cı iclasında 130-dan artıq ölkədən 3000 nümayəndə iştirak edirdi. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla, 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılmışdı. Özlüyündə bu geniş təmsilçilik forumun qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm, cəlbedici platforma rolunu oynadığını göstərir. Prezident İlham Əliyev 4 gün ərzində dünyanın müxtəlif dövlət və hökumət başçıları, rəsmilər və şirkət rəhbərləri ilə, ümumilikdə, 19 görüş keçirdi. Bundan əlavə, “Euronews” kanalına müsahibə verdi, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda, “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə, Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda, “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak etdi. Dialoqlarda respublikamızın postmüharibə dövründə regionda yaratdığı yeni reallıqlar, ikitərəfli əlaqələrin gələcək inkişafı, iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əməkdaşlıqların dərinləşdirilməsi, qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar barədə fikir mübadilələri aparıldı, qarşılıqlı maraqdoğuran məsələlər müzakirə edildi. Dövlət başçımızın yanvarın 20-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşündə bərpa olunan enerji sektorunda fəaliy­yətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı mövcud əməkdaşlıq perspektivləri dəyərləndirildi. Görüş zamanı bugünkü reallıqlar fonunda Naxçıvana dair məsələlərin xüsusilə diqqətə çəkilməsi, heç şübhəsiz, Azərbaycan dövlətinin bu bölgəmizlə bağlı irəli sürdüyü təşəbbüslərə beynəlxalq ictimaiyyətin nəzərini yönəltmək, dəstəyini artırmaq, regiona yeni investisiyaların cəlbinə imkanlar açmaqdır. 
Davosda Prezident İlham   Əliyevin “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə ölkəmizdə müasir nəqliyyat infrastrukturun yaxşılaşdırılmasına dair icra edilən layihələr, “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə dialoq zamanı respublikamızda bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində  fəaliyyətinə yeni sərmayələrin yatırılması perspektivi müzakirə predmetinə çevrildi. Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə fikir mübadilələri qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşmasının, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühitinin, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələrinin dəyərləndirilməsi baxımından səmərəli keçdi. 
Dünya İqtisadi Forumunda ən diqqətçəkən incə nüans isə Prezident İlham Əliyevlə bütün görüşlərin məhz qarşı tərəfin xahişi əsasında baş tutmasıdır. Yəni əməkdaşlıq üçün can atan, təklif irəli sürən beynəlxalq təşkilatlar, təşəbbüsün dəyərləndirməsini aparan aktor qismində çıxış edən isə məhz Azərbaycan dövlətidir. Bütün bunlar respublikamızın dünyada necə strateji əhəmiyyətə malik tərəfdaşlıq statusu qazandığını, siyasi və iqtisadi nüfuzunun qlobal səviyyədə kifayət qədər yüksəldiyini açıq aydın göstərir. Əminliklə demək olar ki, Dünya İqtisadi Forumunun 56-cı iclası ölkəmizin iqtisadiyyatının qlobal çağırışlara uyğunlaşdırılması və investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətli nəticələr verəcək. 
Dünya İqtisadi Forumu da daxil olmaqla dünyanın bir sıra aparıcı siyasi, iqtisadi platformalarında respublikamızın rəyinin mütləq nəzərə alınması, irəli sürdüyü təşəbbüs və layihələrin dəstəklənməsi təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin strateji düşüncə və liderlik məharətinin yaratdığı yeni reallıqların həm bölgəyə, həm də qlobal miqyasa fayda vermək baxımından gün ötdükcə daha bariz formada praktiki təsdiqini tapmasının nəticəsidir. DİF-in respublikamızla yaxınlaşması, beynəlxalq şirkət rəhbərlərinin əməkdaşlığa can atması isə həm də ölkəmizdə formalaşdırılmış azad və rəqabətqabiliyyətli iqtisadi mühit, sərbəst biznes imkanları ilə əlaqədardır. Məlum olduğu üzrə Azərbaycan zəngin təbii resurslara malik olmaqla yanaşı, bu zənginliyi mühüm iqtisadi dəyərə çevirməyi müfəssəl bacaran ölkədir. Külək, günəş və su enerjisi potensialı, “yaşıl enerji” layihələri, ənənəvi enerji resurslarının tranziti ilə bağlı imkanlardan maksimum istifadə respublikamızı dünya iqtisadiyyatının bir parçasına çevirməklə paralel, bölgəyə yeni investisiya axınına da şərait yaradır. Həmçinin Orta Dəhliz, Zəngəzur dəhlizi, nəqliyyat-logistika marşrutları ilə bağlı müvafiq şərait və yeni reallıqlar ən nüfuzlu ölkələri belə Azərbaycanla strateji tərəfdaşlıq yoluna qədəm qoymasına təşviq edir. 
Bütün bu vacib amillər Dünya İqtisadi Forumunda respublikamızın yerini və rolunu zaman ötdükcə daha da gücləndirir, iqtisadi və siyasi nüfuzunu artırır. Eyni zamanda nəzərə alsaq ki, dünya nizamı yenidən formalaşır, beynəlxalq münasibətlər yeni mərhələyə qədəm qoyur, o zaman hazırkı dönəmdə güclü, etibarlı tərəfdaşlıq qazanmaq baxımından Azərbaycan-DİF münasibətlərinin möhkəmləndirilməsi olduqca vacib amildir. Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində dediyi kimi: “Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə, öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 14.02.2026 12:00