NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Dünya çempionatının qalibləri sırasında yer almaq qürurverici idi

...

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilmiş kəmər güləşi üzrə dünya çempionatında Azərbaycan milli komandası uğurlu nəticə əldə edib. Yarışda 29 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb. 
Yığmamızın heyətində yer alan Naxçıvan Muxtar Respublikasının təmsilçisi Kazım İsmayıllı da dünya çempionatının medalçıları sırasında yer alıb. O, böyüklər arasında 60 kiloqram çəki dərəcəsində üçüncü olub. 
İlk qarşılaşmada iranlı rəqibini tam üstünlüklə məğlub edən Kazım İsmayıllı növbəti mərhələdə Özbəkistan təmsilçisinə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Burada o, ardıcıl olaraq Misir və Qırğızıstan idmançılarını, daha sonra isə üçüncü yer uğrunda keçirilən qarşılaşmada gürcü rəqibini tam üstünlüklə məğlub edərək bürünc medala sahib çıxıb. 
Biz də dünya çempionatının bürünc medalçısı  Kazım İsmayılı ilə telefon əlaqəsi vasitəsilə təəssüratlarını öyrənirik. O bildirdi: “Yarışda çox güclü rəqiblərimiz var idi. Böyüklər arasında rəqabət kifayət qədər yüksək olsa da, bu yarışa ciddi şəkildə hazırlaşmışdıq. Yarışda yer almağımın ən böyük səbəbkarı isə şəxsi məşqçim Xəyyam Abdullayevdir. Düzdür, daha yaxşı nəticə əldə oluna bilərdi, lakin bu, bir daha sübut edir ki, daha səylə çalışmaq lazımdır. Bütün bunlara baxmayaraq, həvəsdən düşmürük, qarşıdakı turnirlərə daha güclü məşqlər və motivasiya ilə hazırlaşırıq.
İlk rəqibim İran idmançısı idi və ona tam üstünlüklə qalib gəldim. Sonra görüşlərdə Misir və Qırğızıstan idmançılarına qarşı da tam üstünlüklə qələbə qazandım”. 
Müsahibimiz qeyd etdi: “Bu mənim ilk ölkə xarici yarışım deyil. 2024-cü ilin 13 noyabrında keçirilən kəmər güləşinin sərbəst növü üzrə böyüklər arasında dünya ikincisi olmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və Avropa çempionu olmuşam. Həm də qeyd etməliyəm ki, 2024 dünya çempionatında ən gənc idmançı mən idim.
Bütün uğurlarım mənim üçün dəyərlidir. Xüsusilə də yeniyetmə yaşımda Azərbaycana böyüklər arasında keçirilən kəmər güləşi üzrə ilk dəfə gümüş  medal gətirməyim mənim üçün qürurvericidir.  İnşallah, gələcəkdə məqsədim daha da yaxşı hazırlaşıb bayrağımızı kürsünün ən yüksək pilləsində dalğalandırmaq və dünya çempionatında qızıl medal əldə etməkdir. Bu yolda mənə dəstək olan valideynlərimə və məşqçimə dərin təşəkkürümü bildirirəm”. 
Biz də idmançımıza uğurlar arzu edirik.

Bülbül RÖVŞƏNQIZI
 

Nəşr edilib : 08.07.2025 10:02