Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Yurdumun alınmaz qalası Sədərək həm təbiətlə, həm də düşmənlə uzun illər mübarizə aparıb. Vaxtilə üzüm bağlarının barı, gül istixanalarının qərənfillərinin sorağı uzaq Rusiyanın şəhərlərindən gəlirdi. Sonra həm düşmənlə, həm də susuzluqla mübarizəyə başladı bu qədim yurd. Düşmən mərmisi ilə dağılan üzümlüklər, istixanalar həm də mənfurların rayonun su mənbəyi olan “Şirarxı”nın qarşısını kəsməsi ilə quruyub xəzana döndü. Elə gün oldu ki, bahar çiçəkləri şəhid qanı ilə sulandı bu torpağın, amma solmadı. Qeyrətli naxçıvanlılar solmağa qoymadı Sədərəyin bahar çiçəklərini. Dədə Qorqudun nəsihətini yerinə yetirib torpağı həm qoruyur, həm də əkib-becəririk. Muxtar respublikanın susuzluqdan ən çox əziyyət çəkən bölgəsi olan Sədərəkdə insanlar illərdir, alın tərini torpağa qatır, onu qurumağa qoymurlar. Ölkə başçısının fevralın 21-də imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Bu Sərəncam sədərəklilərin də qəlbinə, necə deyərlər, “su səpib”.
Sədərək kənd sakini Eldəniz Məmmədov 50 hektara yaxın ərazidə arpa, buğda əkini aparır. Onunla həmsöhbət olduğumuzda dedi: “Rayonun torpağı digər ərazilərimizdən fərqli olaraq daha quru və suya ehtiyac duyan torpaqdır. Buğda və arpa əkini (payızlıq) sentyabr-oktyabr aylarında torpağın şumlanması, gübrələnməsi və toxumların səpilməsi ilə başlayır. Payızın və qışın yağıntılı keçməsi məhsuldarlığa təsir edir. Suvarma suyuna olan tələbatın ödənilməsi isə çox vacibdir. Arpaçay dəryaçasının Aşağı Yaycı kəndi ərazisindəki supaylayıcı qurğusundan qidalanan sağ və sol sahil kanalları, həmçinin çayın yatağı ilə təkcə Şərurun yox, həm də Sədərək və Kəngərli rayonlarının torpaq sahələri suvarma suyu ilə təmin edilir. Dövlət başçısının Sərəncamı ilə görüləcək işlər bundan sonra da Sədərək rayonunun suvarma suyuna olan ehtiyacının ödənilməsində mühüm rol oynayacaq. Dövlət başçısına minnətdarıq”.
Muxtar Nəsirov Sədərək kəndində üzümçülüklə məşğul olan zəhmətkeşlərdəndir. O dedi: “Vaxtilə bu ərazilərdə böyük üzüm bağları var idi. İnsanlar hər il tonlarla üzüm toplayır, rayon ərazisində yerləşən şərabçılıq zavoduna təhvil verirdi. 1990-cı illərin hadisələrindən sonra rayon ərazisinə həyat bəxş edən “Şirarxı”nın qarşısı ermənilər tərəfindən kəsildi. Üzüm bağları məhv oldu. Əvvəllər burada elə ev tapılmazdı ki, həyətində gül istixanası olmasın. Məlum problemlər həmin istixanaların da məhv olmasına gətirib çıxardı. Ulu Öndərin gəlişi ilə yurdumuz işıqlı günlərə qədəm qoydu. Dövlətimiz düşmən mərmisinin zərbələri nəticəsində dağılan evləri yenidən qurub rayon sakinlərini yaxşı şəraitlə təmin etdi. Biz isə əlimizdən gələni edir. Sədərəyi yaşıllıqlar diyarına çevirməyə çalışırıq. 35 il öncə buraya qədəm qoyanlar bu gün Sədərəyi görəndə etiraf edir ki, bura çox dəyişib. Biz dövlətimizə inanıb bunu bacarırıq. Hər addımda dövlət başçısının qayğıkeş əlini çiynimizdə hiss edirik. Prezident İlham Əliyevin imzaladığı Sərəncam Novruz bayramı ərəfəsində hər kəsə bayram sevinci bəxş etdi. Əminik ki, görüləcək işlər nəticəsində rayonda üzümçülük inkişaf etdirilib əvvəlki şöhrətinə qovuşacaq. Sədərək rayonu ərazisində yerləşən və Araz çayından qidalanan hidrotexniki qurğuların əsaslı təmiri ilə suvarma suyuna olan ehtiyac ödəniləcək. Bu da kəndlini əkib-becərməyə həvəsləndirəcək”.
Sədərək kənd sakini, kiçik sahibkar Mehbarə Hüseynova ilə həmsöhbət oluruq: “Ətəyindən Araz çayı keçməsində baxmayaraq, Sədərəyin su problemi illərdir, həll edilməmiş vəziyyətdə qalırdı. Əkinlərin, bağların suvarma, insanların içməli suya olan ehtiyacı tam ödənilə bilmirdi. Kənd camaatı içməli suyu evindən uzaq məsafədən gətirirdi. Ölkə başçısının imzaladığı Sərəncam bizim sevincimizə səbəb oldu. Sədərək rayonunun Heydərabad qəsəbəsinin, Qaraağac və Sədərək kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması ilə bu elin insanlarının içməli suya olan tələbatı tam olaraq ödəniləcək. Dövlət başçısına minnətdarıq. Ulu Öndərin layiqli davamçısının diqqət və qayğısı ilə Sədərək bundan sonra da inkişaf edəcək, insanlar firavanlıq içərisində yaşayacaqlar”.
“Su həyatdır”, – deyirlər. Su elə həyatın özü qədər böyük və dəyərlidir. Muxtar diyarın hər bir sakini də hər damla suyun nə qədər qiymətli olduğunu yaxşı bilir və dövlətimizin yaratdığı şəraitdən maksimum istifadə edərək ümumi işə öz töhfəsini verməyə çalışır.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər