Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm bir mərhələ kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidentinin Gürcüstana növbəti dövlət səfəri tərəflər arasındakı əməkdaşlığın dərinləşməsinə, münasibətlərin müsbət istiqamətdə irəliləməsinə xidmət edəcək. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf etməkdədir. İki ölkə enerji, nəqliyyat və ticarət sahələrində sıx əməkdaşlıq edir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığın bariz nümunəsidir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti bu reallıqlara yönəldərək bildirdi: “Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlərboyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir”.
Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında daha da möhkəmləndirilir. Prezident İlham Əliyevin Gürcüstanın dövlət başçısı Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlərində ikitərəfli əlaqələrin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edildi. Əməkdaşlığın müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, o cümlədən energetika, “yaşıl enerji”, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində roluna toxunuldu. Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi fikirlər Azərbaycan-Gürcüstan münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək prioritetlərini ortaya qoyur. Dostluq prinsiplərinə əsaslanan bu münasibətlər qtisadi, siyasi və strateji maraqlar əsasında möhkəmləndirilir.
Azərbaycan və Gürcüstan arasında formalaşmış əməkdaşlıq modeli regionda sabitliyin, inkişafın və qarşılıqlı faydalı tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi çıxış edir. Keçirilən görüşlər və verilən bəyanatlar göstərir ki, tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdırlar. Bu isə yalnız iki ölkə üçün deyil, bütövlükdə, region üçün mühüm strateji əhəmiyyət daşıyır.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər