Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu gün yolum Ordubad şəhər tam orta internat məktəbinə düşdü. Məkana çatanda artıq qəribə bir həyəcan yaranmışdı içimdə. Hiss edirdim, adicə bir yerə gəlmədiyimi bilirdim, sadəcə, bir məkana yox, saysız-hesabsız talelərə daxil olacağımı...
Bir neçə dəqiqə sonra olduğumuz otağın sükutunu uşaqların sevinc səsləri pozdu. Addım-addım, bir az çəkinə-çəkinə, amma baxışlarında gizli sevinc işığı ilə bizə doğru gəlirdilər. Bizi görən kimi üzlərində təbəssüm yarandı... O an başa düşdüm ki, bu divarların daxilindəki sevinclər səssiz olur, baxmayaraq ki, çox dərindən yaşanır.
Biz ora əliboş getməmişdik. Özümüzlə gətirdiyimiz hədiyyələri təqdim etməyə başladıq. Hər uşaq payını alanda üzündə yaranan sevinc, gözlərində parlayan işıq heç bir sözə sığmırdı. Hədiyyələr o qədər də böyük deyildi, amma onların verdiyi hiss ölçüyəgəlməz idi mənə görə. Bir neçə oyuncaq və şirniyyatlar… Sadə şeylər, amma böyük xoşbəxtliklər. Uşaqlar hədiyyələri bir-birlərinə göstərir, paylaşır, birgə sevinirdilər. Burada sevinc tək yaşanmırdı, bölüşülürdü. Bu paylaşım heç onlara öyrədilməmişdidə, həyatın özü tərəfindən məcbur edilmişdi.
Sonra oyunlar başladı. Uşaq səsləri divarlara dəyib geri qayıdırdı. Gülüşlər, qaçışlar, uşaq sevinci… Bir anlıq elə gəldi ki, bu yer internat məktəbi yox, böyük bir ailənin doğma yeridir. Kimisi oyunda uduzsa belə gülür, kimisi dostunun əlindən tutub onu da oyuna qatmağa çalışırdı. Burada heç kim tək qalmaq istəmirdi və heç kim tək buraxılmırdı.
Elə həmin an diqqətimi bir bağlılıq çəkdi, bacı-qardaş olan Dəniz və Yusif. Yusif hələ birinci sinifdə oxuyur, balaca addımlarla böyüyən, dəcəl, lakin çox düşüncəli bir uşaqdır. Dəniz isə üçüncü sinif şagirdi olsa da, qardaşına qarşı ana kimi qayğıkeş idi. Baxışlarında “Hər zaman yanındayam” deyən bir sözsüz vəd vardı. Oyun zamanı da, hədiyyə alanda da bir-birlərindən ayrılmırdılar. Nə alsalar bölüşür, nə etsələr birlikdə edirdilər. Onların bağlılığı həyatın sərt üzünə qarşı qurulmuş səssiz bir sipər kimi gəldi mənə.
Uşaqların səmimiyyəti insanı istər-istəməz düşündürürdü. Burada sevgi sadə idi, təmiz idi. Kimsə özünü göstərməyə çalışmırdı, kimsə digəri ilə yarışmırdı. Hamı eyni sevinci, eyni diqqəti paylaşmaq istəyirdi. Bəlkə də, bu səbəbdən onların gülüşü daha gerçək, baxışları daha dərindən idi.
Amma bütün bu gülüşlərin arxasında ürək ağrıdan bir həqiqət də vardı. Bu uşaqların bir çoxunun valideynləri həyatda idi. Amma onların həyatında deyildilər. Uşaqlar bunu dillə demirdi, amma bunu iliyimizə kimi hiss edirdik. Bəzi baxışlarda bir az kədər, bir az da gözlənti vardı…
Zaman necə keçdi hiss etmədik. Ayrılıq anı yaxınlaşdıqca uşaqların səsi bir az yavaşladı, gülüşlərinə qəribə bir kölgə düşdü. Sağollaşmaq çətin idi, həm bizə, həm də onlara. Uşaqlar bir az da qalmağımızı istəyirdi.
Sonda balaca Yusif mənə yaxınlaşdı. Heç nə demədən üzümə baxdı. O baxışda sual da vardı, ümid də. Mən ona söz verdim, yenə gələcəyəm. Bu sadə söz onun üzündə elə bir sevinc yaratdı ki, elə bil, ən böyük hədiyyəni artıq almışdı.
Uşaq evindən çıxarkən addımlarım ağırlaşdı. Elə bil, bilərəkdən ən dəyərli əşyamı orada qoyub çıxmışdım, əslində, həqiqətən, elə idi. Artıq ürəyimin bir parçası da orda qalmışdı. Bəzən bir uşağın həyatına toxunmaq üçün böyük sözlərə, böyük addımlara ehtiyac yoxdur. Bəzən, sadəcə, orada olmaq kifayətdir. Hansı ki həmin uşaqların evlərinin dördüncü divarının olmaması kimi. Valideynləri kimi.
Elnurə CƏFƏROVA
Digər xəbərlər