NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Diplom, yoxsa təcrübə?

...

Günümüzdə işə qəbul prosesi zamanı diplomun, yoxsa təcrübənin  daha önəmli olduğu tez-tez müzakirəyə səbəb olur. Biz də “Şərq qapısı” komandası olaraq bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirdik və maraqlı fikirlər öyrəndik. İlk müsahibimiz Naxçıvan şəhərindəki məktəblərin birində müəllim işləyən Həcər Həsənli oldu.

Həcər xanım hesab edir ki, təhsildə əsas olan diplom yox, insanın təhsil aldığı müddətdə topladığı bilik və dünyagörüşüdür. Müsahibimizin sözlərinə görə, iş mühitində diplom əsas meyar hesab olunmur. Nə bu gün, nə də gələcəkdə diplomun təkbaşına kimisə irəli aparacağına inanmır. Əsas olan beynin topladığı bilik, dünyagörüşü və özünü inkişaf etdirmək istəyidir. Əgər biliklisənsə, istənilən sahədə irəliləmək mümkündür. Öz üzərində işləmədən nəticə qazanmaq çox çətindir. Təcrübə hər zaman vacibdir, hətta universitetdə oxuduğun illərdə belə təcrübə toplamaq lazımdır. Amma bir həqiqət də var: çox vaxt məktəbdə əldə etdiyimiz bilikləri universitetə başlayanda itiririk. Ona görə də məktəbdə düzgün öyrənmək, dərk edərək oxumaq və bilikləri möhkəmləndirmək çox önəmlidir. Sadəcə laqeyd yanaşmaq deyil, anlayaraq öyrənmək insanı irəli aparır.

Həcər xanım fikirlərini dahi şair Nizami Gəncəvinin “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”sözləri ilə yekunlaşdıraraq diplomla birgə təcrübənin də iş sahəsində önəmli olduğunu qeyd edir.

Növbəti müsahibimiz isə Naxçıvanda təhsil alan türk  tələbə Emre Ağgünlü oldu. Onun fikrincə, dünya dəyişdikcə işəgötürənlərin tələbləri də dəyişir: “Bir çox yer hələ də diplomun önəmli olduğunu düşünür, amma məncə təcrübə daha vacibdir. Xüsusilə də proqramlaşdırma sahəsində bunu açıq şəkildə görürük. “Google”, “Microsoft” kimi böyük şirkətlər artıq yalnız diplomu olan deyil, real təcrübəsi olan insanları işə götürür. Hətta diplomu olmayan, amma bacarığı yüksək olan şəxslərə də üstünlük verirlər”. Emre Ağgünlü hazırda Naxçıvan Dövlət Universitetinin Tibb ixtisasının ikinci kursunda təhsil aldığını və diplomun yalnız müəyyən mərhələyə qədər rol oynadığını bildirir: “Diplom iş tapmaqda kömək edə bilər, amma bu o demək deyil ki, sənə məsuliyyətli iş tapşırılacaq. İnsan çalışmalıdır ki, ona tapşırılan işə layiq olsun. Təcrübə olmayanda diplom təkbaşına çox da işə yaramır”. Onun sözlərinə görə, gələcəkdə bu fərqin daha da aydın görünəcəyi gözlənilir: “Biz universitetdə hazırda, əsasən, nəzəriyyə öyrənirik. Amma təcrübəyə keçdikcə hər şey daha yaxşı anlaşılacaq. Məncə, gələcəkdə təcrübənin rolu daha da artacaq”.

Gələcək zamanda iş tapmaq problemi ilə üzləşən əsas kütlə, sözsüz ki, tələbələrdir. Biz də bu səbəbdən üz tutduq Naxçıvan Dövlət Universitetinə. Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən Jurnalistika ixtisasının tələbəsi Lalə Abdullazadə oldu:

“Müasir dövrdə təkcə diplom kifayət etmir. İşəgötürən, ilk növbədə, insanlarda, əsasən, təcrübə, və bacarığa önəm verir. Lakin buna baxmayaraq, diplomu arxa plana atmaq düzgün deyil.  Burada bizim ali təhsil ocağında öyrəndiyimiz nəzəri biliklər əks olunub. Hər ikisini də balanslı şəkildə paralel aparmaq lazımdır. İşlə təmin olunmaq üçün diplom əsas önəmli faktordur, həmin işi davam etdirmək və uğur qazanmaq üçün təcrübə vacibdir”.  

Sorğumuzun sonunda “Diplom, yoxsa təcrübə” mövzusunda universitetin digər tələbəsi olan Gülay Quliyevanın fikirləri dinlədik: “Diplomun önəmi ixtisasa görə dəyişə bilər. Xüsusi ilə təhsil aldığım Jurnalistika ixtisasında diplomdan çox bacarığa diqqət edirlər. Bu ixtisasda reportaj, müsahibə bacarıqları təcrübə ilə inkişaf etdirilməlidir. Buna görə də hər ikisi eyni vaxtda aparılmalıdır”.          

Zəhra VƏLİYEVA

          Rafiq TƏHMƏZ

Nəşr edilib : 26.11.2025 20:42