Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan əlifbası və Azərbaycan dili…
Bu iki ad yan-yana yazılanda, elə bil, köksümüzün dərinliklərində, dahi Füzulinin “Leyli və Məcnun”u səslənir. Sanki əlifba bu ölkənin Leylisi, Azərbaycan dili isə Məcnunu olub. Uzun müddət qovuşa bilməsə də, ondan əl çəkməyib.
Bir-birinə sarılıb yaşayan iki sevgili kimidir onlar: biri yazır, danışır, digəri isə görünür və duyur.
Hər millətin yaddaşında bir əlifba hekayəsi olur. Bizim yaddaşımız isə hekayə yox, bütöv bir roman kimidir, səhifə-səhifə dəyişən, amma sonluğu eyni olan bir roman.
Qədim zamanlarda daş kitabələrə həkk edilən işarələr, ərəb qrafikası ilə yazılan klassik poeziya, sovet illərinin kiril hərfləri… Hamısı bir vaxtlar bu xalqın dərgahında olub, amma vaxtı çatdıqda bu xalqın pişvazını tərk edib. Və indi latın əlifbasının işığında danışırıq, yazırıq, oxuyuruq. Bu hərflər yalnız kağız üzərindəki işarələr deyil, eyni zamanda bir sevginin canlı şahidləridir.
Azərbaycan əlifbasının hər bir hərfi özündə bir duyğu saxlayır. “A” sanki bir körpənin ilk “ana” deyə çağırışı, “B” Babəkin Vətən uğrunda qaldırdığı azadlıq hərəkatı, “Ə” isə əl-ələ yapışaraq gəzən saf sevgilərin təcəssümü. Axı bu hərflər sırf texniki işarələrdən ibarət deyil... Onlar bizim danışan gözlərimizdir.
Və Azərbaycan dili…
Onu təsvir etmək üçün söz tapmaq da çətindir, çünki tapdığımız hər söz yenə də bu dilin özündən doğur. Bu dil nənənin soba başında danışdığı nağıl, uşaq vaxtı eşitdiyimiz layla, şəhərin səs-küyündə belə eşidilən “Qardaş” sözüdür. Bu dil bizim keçmişimiz, Dədə Qorqudun dilindən səslənən boylarda, Nizaminin misralarından axan məhəbbətdə, Füzulinin “Söz”ə verdiyi əbədi dəyərdə və babalarımızın unutmamaq üçün xısın-xısın ağlayaraq təkrarladığı kəlmələrdə gizlidir. Bu dil bizim bu günümüzdür, küçədə bir-birinə salam verən insanların səmimiyyəti, sosial şəbəkələrdə belə istifadə etdiyimiz sadə “salam” kəlməsidir.
Və bu dil bizim gələcəyimizdir… Çünki uşaqlar ilk “Ana”, – deyəndə, o söz həm də sabahımızın ilk şeiri olur.
1 avqust tarixi, sadəcə, bir tarix deyil, bu, dilin və əlifbanın bir-birinə vurulduğu günün simvoludur. O sözlər məktublara yazılır, şeirlərə hopur, uşaq dəftərlərinə çəkilir, sevgiliyə pıçıldanır.
Bəzən bir söz bütün bir duyğunu daşıyır. Çox sadə, məsələn, “Sevgi”, – deyirik, ilk baxışdan beş simvol, amma o beş hərfin içində neçə həyat yaşanır! Digər bir variantda “Vətən”, – deyirik. Sanki bu zaman bütün dağlar, çaylar, torpaq və səma bu sözün içinə sığışır. Bunların hamısı əlifbamızın işi, dilimizin sehri deyilmi?
Amma bir həqiqəti unutmamalıyıq: dilə sevgi yalnız onu danışmaqla ölçülmür. Dili sevmək həm də onu qorumaq, ona dəyər verməkdir. Hər səhv yazılan söz bir gülün solması kimidir, hər unudulan hərf bir melodiyanın itib getməsi. Biz bu dili yalnız danışmamalı, ona könül bağlamalıyıq.
Çünki Azərbaycan dili bizim qəlbimiz, əlifba isə onun döyüntüsünü yazıya çevirən möcüzədir.
Bu gün çatanda elə bil, bütün bu duyğular bir yerdə oyanır. Əlifbanın hərfləri bu gün bir az daha cilalı və parlaq görünür, sözlər bir az daha sevgi ilə deyilir. Çünki bu gün məhz elə sözümüzün və özümüzün bayramıdır.
Rafiq TƏHMƏZ
Digər xəbərlər