Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə maraqlı və mənalı təşəbbüslərdən biri təşkil olunub. "Cahan Şirkətlər Qrupu" MMC-nin təşkilatçılığı ilə şəhərin mərkəzində, Möminə xatun Kitab Kafenin qarşısında xüsusi stend qurularaq kitab satışı və maarifləndirici fəaliyyət təşkil olunub. Satış şəhər sakinlərinin diqqətini cəlb etməklə yanaşı, kitaba və oxu mədəniyyətinə marağı bir daha ön plana çıxarır.
Tədbir çərçivəsində “Səssiz inqilab – kitabla dəyişən dünya” layihəsi təqdim olunur. Layihə "Sevinc – Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilir və əsas ideyası kitabın cəmiyyətdə yaratdığı səssiz, lakin güclü təsiri insanlara çatdırmaqdır.
Layihənin məqsədi milli-mənəvi dəyərlərin qorunması və təbliği, qadın intellektinin və maarifçi rolunun önə çəkilməsi, eyni zamanda gənclər arasında kitab mədəniyyətinin gücləndirilməsidir. Bu baxımdan, tədbirdə gənc könüllülər fəal iştirak edir.
Tədbirin gənc könüllülərin fəal iştirakı ilə təşkil olunması, qadının həm ana, həm ziyalı, həm də ictimai dayaqların qurucusu kimi təqdim edilməsi xüsusi önəm daşıyır. Bu baxımdan, Naxçıvanın zəngin mədəni və tarixi mühiti ilə səsləşən bu layihənin ictimai və mənəvi əhəmiyyəti böyükdür.
Tədbirdə qadın obrazı yalnız bayramın simvolu kimi deyil, həm də cəmiyyətin formalaşmasında mühüm rol oynayan bir qüvvə kimi təqdim olunur.
İctimai Birliyin üzvü Caner Quliyev bildirir ki, bu təşəbbüsün arxasında həm maarifçilik, həm də sosial dəstək ideyası dayanır.
Onun sözlərinə görə, sərgi çərçivəsində satılan kitablar və digər məhsullardan əldə olunan gəlir qadınların və qız uşaqlarının təhsilinə dəstək məqsədilə ayrılacaq. Bu sadəcə, bir satış aksiyası deyil, cəmiyyətin gələcəyinə qoyulan kiçik, amma dəyərli bir töhfədir. Çünki təhsilli qadın yalnız öz həyatını deyil, bütövlükdə, cəmiyyətin inkişafını dəyişə bilən gücə malikdir.
Sərgidə diqqətçəkən məqamlardan biri də milli-mənəvi dəyərlərimizi əks etdirən müxtəlif əl işlərinin təqdim olunmasıdır. Satışda iştirak edən, İctimai Birliyinin üzvü Gülay Ramazanlı bildirib ki, bu əl işlərinin bir qismi əlilliyi olan şəxslər tərəfindən hazırlanıb. Onların zəhmətini dəstəkləmək məqsədilə həmin məhsullar sərgidə satışa çıxarılıb. Beləliklə, bu təşəbbüs həm onların əməyinə dəyər verilməsinə, həm də əldə olunan vəsaitin yenidən xeyirxah məqsədlərə yönəlməsinə imkan yaradır.
Gülay Ramazanlı 8 Mart münasibətilə Azərbaycan xanımlarını da təbrik edərək qeyd edib ki, sərgidə təqdim olunan əl işlərinin satışından əldə olunan vəsait uşaq və qadın yaradıcılıq mərkəzlərində təhsilə dəstək məqsədilə istifadə olunacaq. Qeyd olunub ki, stendlərdə kuklalar, suvenirlər, toxunma şallar, çantalar və digər milli dəyər daşıyan əl işləri sərgilənir. Bununla yanaşı, kitabsevərlər üçün müxtəlif kitablar və kitab buketləri də təqdim olunur. Kitablar isə oxuculara daha əlçatan olması üçün endirimli qiymətlərlə satışa çıxarılıb. Məqsəd xüsusilə gənclər arasında oxu mədəniyyətini gücləndirməkdir.
Təşkilatçıların fikrincə, bu cür təşəbbüslər cəmiyyətin mənəvi həyatında mühüm rol oynayır. Qadınların təhsil alması, insanların kitaba marağının artması və sosial həmrəyliyin gücləndirilməsi layihənin əsas məqsədlərindəndir.
Qeyd edək ki, sərgi və satış yarmarkası 9 mart tarixinədək davam edəcək. Artıq tədbirin ikinci günüdür və ziyarətçilər sabahadək sərgiyə yaxınlaşaraq təqdim olunan əl işləri və kitablardan yararlana bilərlər.
Zəhra VƏLİYEVA
Digər xəbərlər