NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Dəhlizlərində uşaqlığım, adında qürurum

...

Bəzən keçmişin tozlu yolları gəlib ən müasir qapıların önündə dayanır. Bu gün mən doğma kəndimizdə yenidən inşa edilən, fərqli üslubu ilə gözoxşayan o məktəb binasına baxanda, sadəcə, müasir bir tikili görmürəm. Mən orada öz uşaqlığımı, ilk əlifba bayramımı, o köhnə binanın soyuq divarlarını isidən səmimi dostluqlarımızı görürəm. Amma bu dəfə qəlbimi titrədən başqa bir duyğu da var. O məktəb indi yenidən ailəmizin siması, atamın əmisi, şəhid Əhməd Cəfərovun adını daşıyır.
Mən o məktəbin köhnə divarları arasında böyümüşəm. O vaxtlar hər şey, bəlkə, daha sadə, bəlkə, daha köhnə idi, amma o siniflərdə sinif yoldaşlarımızla birgə qurduğumuz xəyallarımız göylərə çatırdı. İndi o xatirələrin üzərində möhtəşəm bir elm məbədi yüksəlib. Köhnə məktəbin hər küncündə mənim və mənimlə böyüyən dostlarımın ayaq izləri, gülüşləri qalıb. İndi isə o divarlara bir nəslin şərəfli adı – Əhməd Cəfərov adı həkk olunub. Bir insanın adının doğulub boya-başa çatdığı torpaqda, gələcək nəsillərin yoluna işıq tutan bir məktəbdə yaşaması qədər böyük mükafat varmı?
Məktəbin dəhlizlərində gəzərkən insanın burnuna həm o yeni binanın təzə boya qoxusu gəlir, həm də keçmişin doğma ətri... Divarlara baxıram, hər guşədə müasir dizayn, hər otaqda yeni nəfəs var. Amma mənim üçün ən gözəl dizayn girişdə ucalan o adın yaratdığı mənzərədir. Əhməd Cəfərovun adı bizim üçün bir ailə böyüyünün adı ilə yanaşı, həm də dürüstlüyün, ziyalılığın və bu torpağa bağlılığın rəmzidir. 
Köhnə məktəbdə təhsil almış bir məzun kimi ürəyimdə həm bir qəribə sızıltı, həm də sonsuz bir fərəh var. Sızıltı odur ki, o köhnə partalar, o tozlu yazı taxtaları artıq yoxdur... Amma fərəhim ondan min qat üstündür ki, mənim oxuduğum məkan indi öz doğmamın adı ilə yenidən doğulub. Bu binanın hər daşında həm mənim uşaqlığımın izi, həm də ailəmizin qüruru var.
Məktəb insanın ikinci evidir deyirdilər. İndi bu söz mənim üçün həqiqət oldu. Çünki bu məktəb həm uşaqlıq evim, həm də ailəmin adını yaşadan şərəf qalamdır.
Arzu edirəm ki, bu nurlu ocağın işıqlı siniflərində Əhməd Cəfərovun ruhunu şad edəcək, adını dünyaya yayacaq zəka sahibləri və xalqına sadiq ləyaqətli Vətən övladları yetişsin.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 31.01.2026 18:08