NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

“Daş oldum ki, unudulmasın söz”

...

        Əllərim dizlərimdə oturmuşam, baxıram sizə...

Nə küçədən keçən uşaqdan gözümü çəkə bilirəm, nə də əlində qəzeti qatlayıb evinə tələsən o gənc oğlandan... Hamınıza baxıram... Amma heç nə demirəm. Çünki sözümü çoxdan demişəm.
İndi bu meydanda – Naxçıvan şəhərində yerləşən teatrın önündə daş olub durmuşam. Oturmuşam, başımı bir az əyib, susaraq düşünürəm. Elə bilirsiniz, bu sükut boşluqdur? Yox... Bu mənim ən gur səsimdir. İçimdə danışan bir xalq var – fikrə getmişəm...
Bura mənim vətənimdir. Bu torpaq, bu hava, bu sükut – hər şeyi ilə tanışam. Hələ Naxçıvanın insanı – axı bir vaxtlar o mənim qələmimin qəhrəmanı olub. Əyin-başı tozlu, amma düşüncəsi büllur kimi şəffaf olan o kəndlini mən gördüm... Bazarın ortasında danışana qulaq asdım, məclisdə susana söz verdim. Əlimdə qələm, könlüm dolu, məni doğan bu diyarda gördüyüm haqsızlığı, cəhaləti, yalanı yazıya çevirdim.
Mən yazanda söz hələ qorxuluydu, mən danışanda danışanlar az idi, qələmin ucunda təkcə mürəkkəb yox, həm də həyəcan, qorxu, sevda, ümid vardı.
Bu gün isə həmin sevdanın günüdür. Bu gün mətbuatın 150 illiyini qeyd edirsiniz. Mənə elə gəlir ki, bu 150 illik təkcə qəzetin yaşı deyil. Bu, xalqın düşüncəyə, maarifə, gerçəkliyə yolçuluğunun yaşıdır. Və bu yolçuluqda mən bir Mirzə Cəlil, daşı qələmlə oyub yazan bir yol bələdçisiyəm.
Bax, mən burada – Naxçıvanın ürəyində oturub sizə baxıram. Deyirsiniz ki, niyə elə əyilmişəm, niyə başımı aşağı salmışam? Mən öz millətimin dərdini daşıdım. Mən susanların səsini yazdım. İndi başımı aşağı salmışam ki, o günləri unutmayım. O günləri ki söz üçün mübarizə aparırdıq. Qəzet çıxarmaq körpü salmaqdan, su çəkməkdən çətin idi. Amma o söz – o doğru söz ki bir xalqı oyadacaq qədər güclü idi.
Baxın bir vaxtların “Cavanlar həyatı”, “Füqəra səsi” bu gün “Şərq qapısı” olaraq yaşayır. Mən də sizə buradan səslənirəm.
Yazırsınız, danışırsınız, araşdırırsınız... Və bu məni sevindirir. Amma bir şeyi unutmayın: söz yalnız yazı deyil – söz məsuliyyətdir. Qəzet yalnız kağız deyil – qəzet vətəndaşın gözüdür, ürəyidir. Onun dərdini yazmayanda o dərdə şərik olmamış olursan.
Naxçıvan sözə doğmalıq verən yerdir. Bu torpaqda adamlar sözə inanıblar – bəzən bir misra ilə barışıblar, bəzən bir cümlə ilə dəyişiblər özlərini. Mənim “Molla Nəsrəddin”im də bu torpağın övladının nəfəsini daşıyırdı – tikanlı, amma şəfalı bir dildə. Gülə-gülə qamçılayırdıq cəhaləti. Jurnalistlər, yazıçılar, maarifçilər – hamınız bir növ Molla Nəsrəddinsiniz. Susmayın. Qorxmayın. Gülə-gülə həqiqəti deyin!
Mən daşam, danışa bilmirəm. Amma siz hələ insansınız, yazın!
Mətbuat xalqın güzgüsüdür. O güzgüdə hər kəs görünməlidir. Söz o zaman ədalətli olur.
Bəzən baxıram, mənim adımı çəkirlər, amma yazdıqlarımı oxumurlar. Mənim heykəlimlə şəkil çəkdirirlər, amma fikir verdiyim dərdlərə göz yumurlar. Unutmayın, mənim heykəlimə baxmaqla iş bitmir – mənim ruhum sizin cümlənizdə yaşamalıdır.
150 illik mətbuat tarixində sətirlərlə dolu həyat yaşayır bu xalq. Bəzən qara hərflərlə, bəzən qırmızı başlıqlarla, bəzən susqun redaktor yazısı ilə... Amma nə olur-olsun, bu söz yolu davam etməlidir. Və mən də oturub baxacam – əlim çənəmdə, başım aşağı, qəlbim xalqa tərəf...
Məni oxuyun, məni yazın, məni yaşayın. Çünki mən daş yox, söz olmuşam... Və söz ölmür...

Rafiq TƏHMƏZ
 

Nəşr edilib : 23.07.2025 15:11