NAXÇIVAN :

09 May 2026, Şənbə

Dahiliyin Heydər Əliyev zirvəsi

...

Müasir Azərbaycan tarixinin 35 ildən artıq bir dövrü Ulu Öndər­in adı ilə bağlıdır. Tarix baxımından qısa zaman kəsiyi olan bu dövr Azərbaycanın əsrlərə bərabər inkişaf, tərəqqi, yüksəliş salnaməsini təşkil edir. İstər sovetlər birliyində, istərsə də müstəqilliyin ilk illərindən məhz bu tarixi şəxsiyyətin rəhbərliyi altında ölkəmizin siyasi və sosial-iqtisadi inkişafının əsası qoyuldu. Azərbaycanın əvvəlcə böyük iqtisadi potensiala malik bir respublika, müstəqillik əldə etdikdən sonra isə bir dövlət kimi formalaşmasında bu dahi şəxsiyyətin əvəzolunmaz rolu vardır. Ulu Öndərimiz ölkəni tarixin burulğanlarından keçirərək özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmış, onu beynəlxalq aləmdə söz sahibi olan qüdrətli bir dövlətə çevirmişdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində parlaq, silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəkası, fitri istedadı, dövlətçilik təfəkkürü ilə seçilən görkəmli dövlət xadimidir. Azərbaycanı müstəqilliyə, xalqımızı xoşbəxtliyə qovuşdurmaq bu böyük insanın həyat amalına çevrilmişdi. O, Ümummilli Lider kimi Azərbaycan dövlətinin, xalqımızın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, özündən sonrakı tarixi dövr üçün zəngin bir irs qoyub getmişdir.
1969-cu ilə qədər Azərbaycan sovetlər birliyinin geridə qalmış respublikalarından biri idi. Ümummilli Liderimizin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan inkişaf edərək SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrildi. Xalqımızın böyük oğlu yalnız qazanılan nailiyyətlərlə kifayətlənmirdi, onun fəaliyyəti həm də gələcəyə ünvanlanmışdı. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin dövrdə təməli qoyulmuş potensiala əsaslanır. Xalqımızın böyük oğlunun dərin zəkası, güclü iradəsi, siyasi təcrübəsi sayəsində Azərbaycan yaşadı, irəlilədi, inkişaf etdi, işıqlı sabahlara doğru addımladı. O elə bir şah əsər yaradıb ki, bu əsərin hər səhifəsi gələcək nəsillər üçün elmi axtarış mövzusu olacaqdır. Onun şah əsəri müstəqil Azərbaycandır. 
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda rəhbərliyə  gəldiyi hər iki dövr iqtisadi tənəzzüllə xarakterizə olunsa da, məhz bu fenomenal şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində ölkəmiz geriliyin daşını atmış, inkişaf edərək tərəqqiyə qovuşmuşdur. “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi inkişafına xidmət olmuşdur”, – deyən Ulu Öndər Heydər Əliyevin böyük ideyaları, amalları bu gün də Azərbaycanın yoluna nur saçır, xalqımızı xoşbəxt gələcəyə səsləyir. Vətəni və xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər Ümummilli Liderimizin şərəfli ömrünü tariximizin canlı səhifəsinə çevirmiş, ona əbədiyaşarlıq haqqı qazandırmışdır. 
Bu gün Azərbaycan Heydər Əliyev ideyaları ilə yaşayır, Azərbaycan sabaha ümidlə, inamla addımlayır. Bu ümidi, inamı xalqımızda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi yaradır. Müasir Azərbaycanı yaradan, yaşadan və onun əbədiliyini təmin edən Prezident İlham Əliyevin bu kursa sədaqəti hər bir azərbaycanlıda iftixar hissi doğurur. Bu inam xalqımızın işıqlı gələcəyinin təminatıdır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti artmaqdadır. Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin təmin olunmasında mühüm rol oynayır. Xalqımız özünün daha parlaq gələcəyinə doğru irəliləyir. Bütün bunlar üçün hər bir Vətən övladı, qədirbilən xalqımız dahi xilaskarımıza – Ulu Öndərimizə borcludur.
Hər birimiz sevinir və qürur hissi keçiririk ki, müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda Ulu Öndər­in amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Respublikamız böyük addımlarla qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləyir. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq. Xalqımız bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, – deyən Prezident İlham Əliyev qazanılan tarixi qələbəmizlə Ulu Öndərin dövlətçilik irsinə necə sadiq olduğunu, Ata vəsiyyətini yerinə yetirdiyini nümayiş etdirir.
Bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə və doğma Vətənin qüdrətlənməsinə həsr edən Ulu Öndərimiz hələ sağlığında Ümummilli Lider adını qazanmış, milyonlarla insanın qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Ümummilli Lider­imizin əziz xatirəsini əbədiləşdirmək üçün bir çox ünvanlara Ulu Öndərin adı verilmiş, Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində Ulu Öndərimizin heykəlləri və büstləri ucaldılmışdır. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə iki dəfə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görüldüyünə görə anadan olduğu Naxçıvan şəhərində Heydər Əliyevin büstünün qoyulması sağlığında dahi şəxsiyyətə xalq məhəbbətinin, el sevgisinin nəticəsi idi.
“Mən həyatımı xalqıma səadət gətirməyə həsr etmişəm”, – deyən dahi insan hər zaman öz titanik fəaliyyətində xalqa arxalanmış, ən çətin anında ona müraciət etmişdi. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Dahi şəxsiyyət Heydər Əliyev, sözün əsl mənasında, həyatın mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi, siyasi lider idi. 
Şərəfli ömür yolunu ölkəmizin inkişafına və tərəqqisinə həsr etmiş Ümummilli   Lider anadan olmasının   103-cü ildönümündə də böyük sevgi və ehtiramla xatırlanır. “Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanları, onun müdrik xalqıdır”, – deyən görkəmli dövlət xadimi  Heydər Əliyev təkcə ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. O, Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi. Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünür. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndər Heydər Əliyevin ölməz və işıqlı obrazı yaşayır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, – deyən Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu  Heydər Əliyev ölkəmizin dövlətçilik tarixində o qədər böyük yeniliklərə, nəhəng işlərə imza atıb ki, deyilən sözlər onun cahanşümul fəaliyyətini əhatə etməkdə acizdir.
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə təkrar-təkrar düşünməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. İstər ölkəmizin tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır. “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, – deyən Ulu    Öndər Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Bütün ölkə vətəndaşları inanırlar ki, həyatını canından əziz bildiyi Vətəninə xidmətdə keçirmiş Heydər Əliyev dühasının işığında doğma Azərbaycanımız həmişə irəliyə və yüksəlişə doğru gedəcəkdir. Ulu Öndər Heydər Əliyevin ideyaları həmişə olduğu kimi, bu gün də yolumuza işıq saçır, bizi yeni-yeni qələbələrə səsləyir. Ümummilli Lider Heydər Əliyev xalqın qəlbində tayı-bərabəri olmayan heykəl, əsrlərboyu yaşayacaq abidə – şah əsər ucaltdı. Bu abidənin, şah əsərin adı Azərbaycandır – müstəqil və qüdrətli Azərbaycan!

Məhəbbət MİRZƏYEVA
 

Nəşr edilib : 06.05.2026 15:25