Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan Vətən müharibəsində hərbi-siyasi gücü ilə yanaşı, informasiya-kommunikasiya sahəsində də diplomatik məharətini tam mənada ortaya qoya bildi. Prezident İlham Əliyevin 44 gündə 11 ölkənin 26 KİV-nə özündə beynəlxalq hüququn prinsiplərini, tarixi həqiqətləri və siyasi reallıqları əks etdirən müsahibələri bunu qəti şəkildə sübut edir. Müharibədən sonra zəfər rəmzimiz sayılan Şuşa şəhərində hər il keçirilən Qlobal Media forumları həm ölkə, iştirakçı sayına, həm də mövzu aktuallığına görə respublikamızın beynəlxalq səviyyədə informasiya-kommunikasiya sahəsində diplomatiyasının gücünü ortaya qoyur. Noyabrın 21-də keçirilən, 8 ölkədən və D-8 təşkilatının Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə, 150-yə yaxın qonağı öz ətrafında toplayan “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu da Azərbaycanın liderliyi ilə bu istiqamətdə reallaşdırılan növbəti mühüm və qlobal əhəmiyyətli təşəbbüs kimi yadda qaldı.
Media forumunun roluna diqqəti çəkən zaman mütləq şəkildə bu formatın təsisçisinin, yəni D-8-in siyasi-iqtisadi əhəmiyyətinə və Azərbaycanın təşkilata üzvlüyünün önəminə toxunmasaq olmaz. D-8 1997-ci ildə İstanbulda yaradılan beynəlxalq təşkilatdır və fəaliyyəti dövründə inkişaf edən səkkiz müsəlman ölkəsinin iqtisadi və siyasi əməkdaşlığını gücləndirməyi qarşıya məqsəd qoyub. Türkiyə, İndoneziya, İran, Pakistan, Banqladeş, Nigeriya, Misir və Yəməndən ibarət təşkilat üzv ölkələr arasında birgə ticarət, investisiya və texnoloji əməkdaşlıq yaratmaq üçün müxtəlif proqramlar həyata keçirir, münasibətlər, əsasən, təhsil, mədəniyyət və sosial sahələr üzərindən qurulur. Eyni zamanda dövlətlər arasında iqtisadi əlaqələrin artırılması və inkişaf etməkdə olan ölkələrin dünya bazarlarında daha böyük rol oynaması üçün təşviqedici tədbirlər görülür.
Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən D-8-in ümumi daxili məhsul istehsalı 5 trilyon dollardan çoxdur. D-8 ölkələri arasında ticarətin həcmini 2030-cu ilədək 500 milyard dolara çatdırmaq nəzərdə tutulur. Özlüyündə belə bir perspektivli təşkilata Azərbaycanın üzvlüyü Asiya, Yaxın Şərq və Avropanın nəqliyyat-logistika mərkəzlərini birləşdirən, sənaye, texnologiya, enerji və təbii sərvətlər sektorlarına ticarət və investisiyalar da daxil bazarın genişlənməsi kimi mühüm üstünlük verəcək. Eyni zamanda Azərbaycanın bütün beynəlxalq platformalarda təbliğ etdiyi Orta Dəhliz və onun başlıca seqmentinə çevriləcək Zəngəzur dəhlizi də öz potensialını D-8 təşkilatına təqdim etmək üçün yeni imkanlar yaranacaq. Bütün bu cəhətlərin fonunda nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var və 30 ilə yaxın müddətdə təşkilat sıralarına heç kimi qəbul etməyib, o zaman Azərbaycanın bu təşkilata üzvlüyü olduqca uğurlu diplomatik nailiyyətidir fikrini əminliklə söyləyə bilərik.
Prezident İlham Əliyev noyabrın 21-də keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına ünvanladığı müraciətdə də respublikamızın təşkilata üzvlüyünü beynəlxalq etimadın göstəricisi kimi dəyərləndirdi. Sitat: “Bildiyiniz kimi, keçən il Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilmişdir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi”.
Azərbaycan D-8 ailəsinin üzvü olduğu ötən dövrdə təsisatın inkişafı ilə bağlı mühüm təşəbbüslər irəli sürüb, kreativ ideyalarla çıxış edib. Təqdiredici haldır ki, bu təşəbbüslər, ideyalar təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü göstərib. Belə ki, Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddətdə ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində ilk dəfə D-8 ölkələrinin QHT-lərinin görüşü təşkil olunub, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u keçirilib. Məhz bu tədbirlərin davamı olaraq, D-8 Media Forumu da Azərbaycanın təsisata üzv ölkələr arasında informasiya-kommunikasiya sahəsi üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinə növbəti töhfəsi kimi dəyərləndirilə bilər.
Dezinformasiya, saxta, qərəzli və manipulyativ xəbərlər, informasiya təxribatları dövrümüzün yeni növ müharibə vasitələridir. Hazırda dünyada bütün sahələr kimi media da qloballaşır, tranformasiyaya uğrayır və süni intellektin bu sahəyə təsiri hər ötən gün daha da artır. Təbii ki, bu yeniliklər, dəyişmələr fonunda sui-istifadə halları da çoxalır, dezinformasiyalar, “fake” materialların yayılma arealı genişlənir. Dövlət başçısının müraciətində də qeyd olunduğu kimi, müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, Bakı Media Forumu çərçivəsində irəli sürülən ideyalar, regional və beynəlxalq informasiya mübadiləsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə mexanizmləri, rəqəmsal mediada birgə layihələrin təşviqi kimi təşəbbüslər gələcəkdə D-8 ölkələrinin informasiya siyasətinin tərkib hissəsinə çevrilərək bu istiqamətdə öz töhfəsini verəcək. Forumda üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlığa dair Bakı Bəyannaməsi də imzalanıb. Müddəalara nəzər yetirdikdə aydın olur ki, bəyannamənin məqsədi daha sıx qarşılıqlı əlaqəli, məlumatlandırılmış və davamlı D-8 media məkanı formalaşdırmaq, eyni zamanda üzv ölkələr arasında sülhü, inkişafı və qarşılıqlı anlaşmanı dəstəkləməkdir.
Ümumilikdə, onu vurğulamaq olar ki, D-8 Media Forumu bir-birinə yaxın, dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq platforması rolunu oynayacaq. Əminliklə demək olar ki, tədbir çərçivəsində səslənən ideyalar, təkliflər və irəli sürülən birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində birgə fəaliyyətə dair mühüm perspektivlər açacaq. Azərbaycanın media sahəsində uğurlu ev sahibliyi etdiyi növbəti mötəbər beynəlxalq tədbir kimi tarixə düşən D-8 Media Forumu ilə ölkəmiz bir daha milli media strategiyası yolunda qarşıya qoyduğu hədəflərini açıqladı və bu istiqamətdə inamla irəlilədiyini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik”.
Nail ƏSGƏROV
Digər xəbərlər