NAXÇIVAN :

19 Aprel 2026, Bazar

“Cinsi ayrı-seçkiliyə görə selektiv abortların qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib

...

14 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Kəngərli rayonunun Xok kəndində “Cinsi ayrı-seçkiliyə görə selektiv abortların qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə açılış nitqi ilə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Bilqeys Rüstəmli çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirib ki, cinsi ayrı-seçkiliyə əsaslanan selektiv abortlar cəmiyyətin demoqrafik tarazlığına və sosial dəyərlərinə ciddi zərər vurur. Bu proses gender bərabərliyini pozduğu üçün selektiv abortların qarşısının alınması məqsədilə hüquqi, tibbi və maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir. Daha sonra çıxış edən Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim- mama ginekoloqu Sürəyya Hacıyeva vurğulayıb ki, cinsi əsaslarla edilən abortlar əhalinin gələcək strukturuna və psixososial mühitə uzunmüddətli təsir göstərir. Xüsusilə tibb müəssisələrində etik nəzarət mexanizmləri selektiv abortların qarşısının alınmasında mühüm rol oynayır. Çünki ictimai rəydə sağlam və bərabər yanaşmanın formalaşması problemin həllində əsas şərtlərdəndir.
Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə əlaqədar broşürlər paylanılıb.

Nəşr edilib : 14.04.2026 13:16