NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Cari ilin yanvar-sentyabr ayları kreditlərin ümumi həcmi 389 milyon manat olub

...

Son illər Naxçıvanda kreditləşmənin sürətlə artması və bank infrastrukturunun təkmilləşməsi regionda iqtisadi həyatın mühüm göstəricilərindən birinə çevrilib. O da vurğulanmalıdır ki, əhalinin maliyyə intizamı, vaxtı keçmiş kreditlərin azalması və nağdsız ödəniş infrastrukturunun genişlənməsi regionda bank sisteminə olan etimadın yüksəldiyini göstərir. Bu, eyni zamanda ailə büdcələri və sosial rifah üçün də əhəmiyyətli mesajlar daşıyır. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Pərviz Babayev ilə söhbətimiz də bu və digər məsələlərlə bağlıdır.
– Regionda daha çox hansı növ kreditlərin üstünlük təşkil etməyi barədə oxucularımıza ətraflı məlumat verməyinizi xahiş edirik...
– 2025-ci ilin yanvar-sentyabr ayları ərzindəyeni verilmiş kreditlərin ümumi həcmi 389 milyon manat olmuşdur. Həmin kreditlərin strukturunda yeni istehlak kreditləri 65,7 faiz olmaqla ən yüksək paya malik olsa da, əvvəlki dövrlə müqayisədə bu istiqamət üzrə xüsusi çəkinin azaldığı müşahidə edilir. Belə ki, son 5 ilə baxdıqda, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində verilmiş yeni istehlak kreditlərinin payı 81,8 faiz təşkil edirdisə, 2025-ci ilin ilk 9 ayında bu göstərici 65,7 faizə düşmüşdür. Bu azalma həmin dövr üzrə yeni verilmiş kreditlərin tədricən diversifikasiya olunduğunu göstərir. Paralel olaraq digər kredit növlərində də əhəmiyyətli artımlar qeydə alınmışdır. Belə ki, sənaye sektoruna verilən kreditlərinin payı 2021-ci ilin yanvar-sentyabr ayları üzrə 5,2 faiz təşkil etdiyi halda, 2025-ci ilin müvafiq dövründə 14,7 faizə yüksəlmiş, ticarət və xidmət kreditlərinin xüsusi çəkisi isə müqayisə dövründə 2,1 faizdən12,5 faizə qədər artmışdır. İpoteka kreditləri üzrə dəyişiklik nisbətən sabit qalmaqla 2,9 faizdən 2 faizə enmişdir. Ümumilikdə, 2021-2025-ci illərin ilk doqquz aylıq hesabatlılıq dövründə yeni verilmiş kreditlərin strukturunda istehlak yönümlülüyün zəifləməsi və real sektorun xüsusilə sənaye və ticarət və xidmət kreditlərinin payının artması kreditləşmənin daha balanslı istiqamətə yönəldiyini göstərir.
– Naxçıvanda bank sisteminə inam və kredit ödəmə intizamı necə qiymətləndirilir?
– Qeyd edim ki, 1 oktyabr 2025-ci il tarixinə vaxtı keçmiş kreditlərin həcmi 6 milyon 636 min manat təşkil etmiş və ümumi kredit portfelindəki payı 1,4 faiz olmuşdur. Müqayisə üçün bildirim ki, 1 oktyabr 2021-ci il tarixə bu göstərici 10 milyon 251 min manat olmuş, ümumi kredit portfelindəki çəkisi isə 4,2 faiztəşkil etmişdir.
Müqayisə göstərir ki, beş il ərzində vaxtı keçmiş kreditlərin həcmi 3 milyon 615 min manat, xüsusi çəkisi isə 2,8 faiz azalmışdır. Bu, göstərici kreditləşmə mexanizmlərinin təkmilləşdirilməsinin, regionda kredit portfelinin keyfiyyətinin yaxşılaşdığının, rəqəmsal bankçılığın genişləndirilməsinin və risklərin idarə olunmasına yönəlik görülən kompleks tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər.
– Bəzi vətəndaşlar əməkhaqlarını, demək olar ki, tamamilə kredit ödəmələrinə sərf edir. Bu hal bölgədə sosial gərginlik yaradırmı?
– Bəzi vətəndaşlar gəlirlərinin böyük hissəsini, bəzən isə faktiki olaraq hamısını kredit ödəmələrinə yönəltdiyi hallar praktiki olaraq müşahidə olunur. Banklardan kredit götürərkən borcalanın ödəmə qabiliyyəti nəzərə alınsa da, borcun gəlirə nisbəti (BGN) tələbi yalnız bank kreditlərinə şamil olunur. Amma lombard, lizinq, mikrokredit təşkilatları və digər qeyri-bank maliyyə institutlarında BGN tələbi tətbiq edilmir. Təcrübədə vətəndaş bankdan kredit aldıqdan sonra əlavə olaraq başqa maliyyə təşkilatlarından da borclanır və nəticədə, ümumi borc yükü rəsmi gəlirlərinə nisbətən daha yüksək olur.
Bu hal uzunmüddətli dövrdə ailə büdcəsinə təzyiq göstərir, xərclərin azalmasına, həyat səviyyəsinin aşağı düşməsinə və sosial narazılıq risklərinin artmasına səbəb ola bilir. Ona görə də məsuliyyətli borcalma prinsiplərinin tətbiqi və istehlak kreditlərinin həddindən artıq genişlənməsinin qarşısının alınması mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı tənzimləyici mexanizmləri təkmilləşdirir, məsələn, BGN normalarının sərtləşdirilməsi, kredit kartlarının verilmə şərtlərinin yenilənməsi, risklərin limitləşdirilməsi və istehlak kreditləri üzrə prudensial tələblərin gücləndirilməsi. Paralel olaraq əhalinin maliyyə savadlılığının artırılmasına dair maarifləndirmə tədbirləri də davam etdirilir ki, bu da borclanma qərarlarının daha şüurlu verilməsinə şərait yaradır.
– Kreditlərin artması ailə büdcələrinə və həyat keyfiyyətinə necə təsir edir? 
– Regionda kreditləşmənin artması ailə büdcələrinə birbaşa təsir göstərən sosial-iqtisadi amillərdəndir. Yaş qrupları üzrə rəsmi statistika mövcud olmasa da, ümumilikdə, istehlak və ipoteka kreditlərinin daha geniş yayılması insanların aylıq gəlirlərinin mühüm hissəsinin borc öhdəliklərinə yönəlməsinə səbəb ola bilir. Bu hal ailələrin sərbəst xərclərini məhdudlaşdırır, qənaət imkanlarını azaldır və uzunmüddətli maliyyə dayanıqlığında risklər yarada bilər.
Digər tərəfdən, kreditlər düzgün idarə olunduğu halda mənzil təminatının yaxşılaşmasına, biznes fəaliyyətinin genişlənməsinə və həyat şəraitinin yaxşılaşmasına da şərait yaradır. Kredit davranışının müsbət və ya mənfi nəticəsi, əsasən, borclanmanın necə həyata keçirilməsindən asılıdır.
Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı məsuliyyətli borclanma prinsiplərinin tətbiqinə xüsusi diqqət yetirir. Bu istiqamətdə:
•    istehlak kreditləri ilə bağlı prudensial tələblərin sərtləşdirilməsi,
• borcun gəlirə nisbəti kimi məhdudlaşdırıcı normativlərin tətbiqi və təkmilləşdirilməsi,
•    kredit kartı və digər qısamüddətli borclanma alətlərində risklərin azaldılması,
•   əhalinin maliyyə savadlılığının artırılması üçün davamlı maarifləndirmə tədbirləri icra olunur.
Bu tədbirlər kreditdən istifadəni daha balanslı, hesabatlı və dayanıqlı hala gətirməyə yönəlmişdir ki, bu da uzunmüddətli dövrdə ailə büdcələrinin və həyat keyfiyyətinin qorunmasına xidmət edir.
–    Muxtar respublikada bank infrastrukturu son illər ərzində necə dəyişmişdir?
– Son 5 ildə regionda 4 bankın Naxçıvan filialı, 5 bank şöbəsi, 7 sığorta təşkilatının Naxçıvan fililalı və rayon nümayəndəlikləri, 1 bank olmayan kredit təşkilatının Naxçıvan şəhəri və digər rayonlarda olmaqla, ümumilikdə, 3 filialı fəaliyyətə başlamışdır.
Bank infrastrukturu ilə yanaşı, banklara məxsus ödəniş infrastrukturunda da əsaslı artımlar müşahidə olunmaqdadır. Belə ki, banklar tərəfindən quraşdırılmış POS-terminalların ümumi sayı 2025-ci ilin 1 oktyabr tarixinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1987 ədəd artaraq 3489 ədədə çatdırılmışdır. Qeyd edim ki, POS-terminalların 1538-i məhz modern ödəniş vasitəsi olan mobil POS-terminalların payına düşmüşdür. Ödəniş terminallarının sayı da artırılmış və 362 ədədə çatdırılmışdır. Regionda ödəniş xidməti şəbəkəsində yeni operatorların fəaliyyəti təmin edilmiş və bu sahədə diversifikasiya formalaşdırılmışdır. Belə ki, 1 oktyabr 2025-ci il tarixə mövcud ödəniş terminallarının 194-ü MilliÖn, 113-ü isə MPAY, 55-i isə banklara məxsus terminalların payına düşmüşdür. Bu dinamika regionda nağdsız ödəniş infrastrukturunun genişləndiyini göstərməklə yanaşı, ödəniş xidmətləri bazarında operatorlar üzrə rəqabətin artdığını da təsdiq edir. 
–    Müsahibə üçün sağolun.

Günay HACIYEVA

Nəşr edilib : 27.11.2025 18:51