Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Turana qapı, türk dövlətlərini bir-birinə birləşdirən körpü, qədim Azərbaycanın mərdlik, igidlik qalası, Vətənin bir parçası, güllü-çiçəkli Naxçıvan. Qışı çox sərt, yayı isə çox isti. Baharı çiçək ətirlidir, yayı quraq olsa da, zəhmətkeş insanlarının alnından torpağa süzülən tər bu torpağı qurumağa qoymur. Payızından toy sədası ucalır, bağların, çöllərin bərəkəti insanı cuşa gətirir. Qış fəslində bəmbəyaz qara bürünən çölləri, dağları, kənd evlərinin bacasından çıxan tüstüsü ilə bir rəsm əsərini xatırladır Naxçıvan. Uca dağlar ətrafına sıralanıb, sanki onu qoruyan qalxan kimi. Xan Araz belinə sarılıb gümüş bir kəmər kimi... Bir ucu Kotam, bir ucu Sədərək kəndidir Naxçıvanın.
Bu qədim diyar Sədərək rayonunda başlayıb, Ordubadın Kotam kəndində bitir. Sehrlidir Naxçıvan torpağı, bir az da sirli. Mərddir naxçıvanlılar, həm də Vətən sevdalı.
Xəyalımda gəzirəm qarış-qarış bu diyarı, Sədərəkdən Ordubada kimi, Vətəndən qoparıldığımız torpağa kimi.
Yarımsəhra torpağı var Sədərəyin, amma insanları çox zəhmətkeşdir. Həm də qürurlu, döyüşkən. Vaxtilə az sinə gərməyib Sədərək düşmənə. Ən kiçik rayonudur Azərbaycanın, amma di gəl ki, 2 dövlətlə həmsərhəddir Sədərək. Ulu Öndərin adını daşıyan Heydərabad qəsəbəsi gözəlliyi və mərd duruşu ilə qürur verir bu qədim yurd yerinin sakinlərinə. Vaxt var idi bahar çiçəkləri şəhid qanına boyanmışdı bu torpağın. Onlarla oğul sinəsini düşmən gülləsinə sipər edib bu dağlarda aman verməyib yağıya.
Torpağı həm qoyurur, həm də əkib-becərir sədərəklilər. Düşmən gülləsinin bir addımlığında dağ kimi dayanıb buranın sakinləri. Ümid körpüsü də bax elə bu yurdda salınıb, bizi qardaşımıza qovuşdurur. Keçmişi çətin olub Sədərəyin, bu günü, gələcəyi isə işıqlıdır.
Şərur ən böyük rayonudur bu qədim elin. Zəhmətkeş insanları çoxdur Şərurun, ilin hansı fəslində oraya getsən, iş başında görərsən şərurluları. Ucsuz-bucaqsız taxıl zəmiləri, gözəl bağ-bağçası var bu qədim yurd yerinin. Dağların qoynunda, xan Arazın, Arpaçayın ətəyində yaşayan insanların zəhməti ilə ucalır bu torpaq. Qədim Şərurun ən kiçik dağ kəndlərində belə sosial problemlər öz həllini tapıb. Hər cür şəraitə malik müasirtipli təhsil ocaqları, tibb məntəqələri, mədəniyyət obyektləri ucaldılıb. Bir vaxtlar yolu, izi olmayan dağ kəndlərinə geniş abad yollar salınıb, dünənə kimi qonşu kəndlərlə əlaqəsi olmayan sərhəd yaşayış məntəqələri indi dünyanın istənilən yeri ilə rabitə əlaqəsi yarada bilir. Yolların kənarında salınan yaşıllıqlar isə, sözün əsl mənasında, göz oxşayır. Bütün bunlar yurdumuza gözəllik verir, həm də insanlara rahatlıq gətirir.
Kəngərli özü gəncdir, amma adı qədim. Kəngərli süvariləri ilə tarixə ad salıb bu yurd. Tarixi yüz illərlə ölçülən Qarabağlar bu rayonun ən qədim yaşayış yeri, Şahtaxtı şahların taxtının qurulduğu kənddir. Kəngərli süvarilərinin, Şahtaxtinskilərin döyüşlərdə qılıncından çıxan səs hələ də eşidilir bu torpaqda. Kəngərli tarixin qoynundan boylanır sirli-sehrli sözlər deyir bizə.
Naxçıvan şəhəri qarşılayır sonra bizi. Möminə xatun anamızın şərəfinə ucalan əzəmətli türbə, damcıları mirvari kimi süzülən Qızlar bulağı, Nuhun türbəsi, Naxçıvanqala bu şəhərin tarixini danışır bizə sanki. Hüseyn Cavidin səsi gəlir bu şəhərin hər bucağından, Əcəminin əlinin izi görsənir. Araz üstü şəhərin gözəlliyi hər gələni valeh edir özünə. Təmizdir küçə, meydanları, gecələri də gündüzləri kimi işıqlı.
Şahbuz dağlar gözəlidir bu yurdun. Yaz gəldimi uca dağlarının qoynunda qoyun-quzu mələşər. Dağlar həm də dərman bitkiləri ilə zəngindir. Mərcan gözlü Batabatın seyrinə gələnlər Məmməd Arazı xatırlayar buranın gözəlliyini görəndə. Bu yerin insanları torpağa sevdalı, zəhmətkeş, əməyi ilə çörəyini qazananlardır.
Qəhrəman Babəkin adını daşıyır Babək rayonu. Qədim Nehrəm, Cəhri qəsəbələri bu yurdun keşməkeşli tarixindən xəbər verir. Bir yanı Araz, bir yanı uca dağlardır Babəkin. Babək kimi oğullar o uca dağların başına qurulan səngərlərdə gecə-gündüz keşik çəkir Vətənə.
Culfa – ucsuz-bucaqsız çölləri, bir də yaralı ürəyi var bu diyarın. Yüz illər öncə yarıya bölünən ürəyi hələ də Arazın lilli, sakit sularına baxa-baxa qalıbdır. Bu el çox dərd çəkib, vaxtilə yarımcan edilən Azərbaycanın sinəsinə çəkilən dağ da bu torpağı yandırıb, erməni quldurlarının qəfil hücumlarının qarşısında da dayanıb Culfa. Əlincənin alınmazlıq tarixi bir qəhrəmanlıq möhürü olub Culfanın sinəsində. Bu gün o da gözəlləşib, yaraşıq gəlib hüsnünə.
Ulu keçmişi, gözəl qələm sahibləri, yüz illərdir, bu torpağın köksündən çıxan sərin kəhrizləri, tarixi yerləri ilə məşhurdur Ordubad. “Meyvə cənnəti” də deyirlər bu rayona. Ta qədimdən buraya yolu düşən səyyahlar belə adlandırıb Ordubadı. Hə bir də bura Zəngəzur dəhlizinin Naxçıvana açılan qapısıdır.
Yüz illər öncə Sədərəkdən başlayırdı Naxçıvan, ucu vardı, bucağı yox. Ana Vətənin qoynunda yaşayıb böyüyürdü Naxçıvan. Ta ki həmin tarixə kimi. Torpağımızın qəlbinə sancılan soyuq, qanlı xəncərin bizi hissələrə böldüyü günə kimi. “Gülüstan” və “Türkmənçay” adları sülh müqaviləsi idi, amma bizə sülh yox, ayrılıq gətirdi. Bağ-bağçamıza bərəkət gətirən xan Araz qəmli bir bayatı olub dilimizə düşəndə zənn etdik ki, bu sondur, bir daha namərd əli dəyməz torpağımıza. Yarım canımızla yaşamağımıza razı olsaq da, bitmədi imtahanımız. Naxçıvan da İrəvan, Göyçə kimi köçəri tayfalara peşkəş verilmək istəniləndə ayağa qalxdıq, malımızı, dövlətimizi, canımızı bir ovuc torpağa qurban verib əliyalın çıxdıq onların qarşısına. Mübarizə apardıq, anamız Azərbaycandan ayıra bilməsələr də, bizi, qədim Zəngəzuru alıb qopardılar köksümüzdən. Və o gün bu gündür, bizim gözlərimiz yollarda qaldı. Bizi anamız Azərbaycandan ayıran yollarda. Beş il öncə Vətənin başı üzərində doğulan Günəşin şəfəqləri ilə yollara dikilən gözlərimizə də nur gəldi. Bizi ana Vətənə birləşdirəcək o yol artıq uzaqda deyil, lap yaxındadır. Müzəffər Sərkərdənin bir addımında...
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər