Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Biz gəlmişik və biz qurub-yaradırıq
Onlar evlərindən çıxanda ən əziz əşyalarını belə götürməyə macal tapmamışdılar. Əli-ayağı yalın, gözüyaşlı tərk etmişdilər Ağdərəni. Öz doğmalarının məzarını, isti ocaqlarını tərk edəndə heç kim bilmirdi ki, bu gedişin qayıdışı nə vaxt baş tutacaq. İllərlə qışda soyuq, yayda isti olan vaqonlarda, çadırlarda yaşayan bir milyona yaxın məcburi köçkün olan insanlardan, sadəcə, bir neçəsi idi ağdərəlilər. Onlar dözdü, yaşadı və ümidlə gözlədilər öz yurdlarına dönməyi. Dövlət başçısına, ordusuna güvənib hər çətinliyə dövlətin dəstəyi ilə sinə gərdilər. Və nəhayət, ümidlər bir payız səhəri gerçəyə döndü. Şanlı Vətən savaşı başlayan gün torpaqlarımızın azad olunmağı xəbəri onların da ürəyində bir sevinc, bir fərəh yaratdı. Kiminin öz yurdundakı gözəl günləri gəldi ağlına, kimisi illərdir, sandıqda saxladığı açarlara sevinclə baxıb artıq qıfılların açılan vaxtı çatıb dedi. Və budur, həmin gün gəlib, insanlar öz ocaqlarının qapısını fərəhlə açıb evinə yenidən qədəm qoyur. Artıq beş ildir ki, Böyük Qayıdış başlayıb və insanlarımız öz isti ocağına geri dönməyin, əbədi qayıdışın sevincini yaşayır. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri əbədi qayıdışın yeni işıqlı günlərin başlanğıcına çevrilib.
Yollar, hər bir şəraitlə təmin olunmuş mənzillər, təhsil və səhiyyə ocaqları bu torpaqlara qayıdan hər sakinin yaxşı yaşaması üçün şərait yaradıb. Ordumuzun xüsusi əməliyyatı olan antiterror əməliyyatından sonra – 2023-cü ildən bu yana Ağdərəyə, Xocalıya, Xankəndiyə, Xocavəndə də həyat qayıdır. Günlər bir-birini əvəz etdikcə Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada yaradılan şərait isə insanların öz doğma yurdunda yaxşı yaşamasına imkan verir. 73 min insan bu ərazilərdə yaşayır. 2026-cı ilin ilk günlərində Ağdərə rayonunun Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərinin sakinləri də öz ocağına qayıtmağın və dövlət başçısı ilə görüşməyin sevincini yaşadılar.
Çapar kəndinə 26 ailə (96 nəfər), Heyvalıya 19 ailə (74 nəfər), Aşağı Oratağa 31 ailə (119 nəfər), Çıldıran kəndinə isə ilkin olaraq 13 ailə (48 nəfər) qayıdıb. Dövlətimizin başçısı bu kəndlərin hər birində görülmüş işlərlə tanış olub, sakinlərin mənzilində onlarla görüşüb. Burada onların məskunlaşması üçün bütün zəruri şərait yaradıldığını bildirib. Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü zamanı deyib: “Bütün bu kəndlərdə olmuşam: Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndləri. Evlər gözəl təmir olunub, bərpa edilib. Son iki il ərzində biz işğaldan azad edilmiş Ağdərə rayonunun bütün qəsəbələrində, kəndlərində monitorinq aparmışıq. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən etmişik və artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıtmışlar”.
Dövlət Proqramına əsasən işğaldan azad edilmiş şəhərlərimizin Baş planları hazırlanaraq böyük layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə də tanış olub. Qeyd edək ki, Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır. Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib.
Ocağımızda öz işığımız yanır
Ölkəmizin bütün ərazilərində olduğu kimi, işğaldan azad edilən torpaqlarımızda elektrik enerjisi istehsalı sahəsində də bir çox işlər görülüb və görülməkdədir. Belə ki, Vətən savaşında qazanılan zəfərdən sonrakı beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində səfərdə olan dövlət başçısı “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib. Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir.
Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES “AzərEnerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır. Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.
Dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihə
Qarabağın işğaldan azad edilməsi həm də təbii sərvətlərimizə sahibliyimizi təmin etdi. İşğaldan azad olunan torpaqlarda – Kəlbəcər, Laçın, Zəngilan və Tərtərdə 160 müxtəlif qiymətli metal: qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub. “Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul – mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır. Bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan tam və mütləq qələbə qazanıb
Azərbaycanda ordu quruculuğu daim diqqət mərkəzində saxlanılıb və bu sahədə görülən işlərin nəticəsində ordumuz Qafqazın ən güclü ordusu adını qazanıb. İşğaldan azad olunmuş ərazilərimizdə də ordumuzun infrastrukturu yaradılır. Dövlətimiz tərəfindən Milli Ordumuzun şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub. Bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələri, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq. Həmin gün Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binaları da istismara verilib.
Dövlətimizin başçısın da dediyi kimi, bu torpaqların sahibi bizlərik. Bu Vətənin hər qarışı “Mən azərbaycanlıyam”, – deyir, “Mən türk Vətəniyəm”, – deyə səslənir. Hansısa təcavüzkar qüvvə kimdənsə güc alıb torpağımızı işğal edə bildi, amma bu torpağı əbədiyyən əlində saxlaya bilmədi. Biz heç vaxt işğalla barışa bilməzdik. Bir həmlədə doğma Qarabağımızı düşmənin qanlı caynağından qoparıb aldıq. Artıq beş ildir ki, bu torpaqlar gülüstana dönüb zəhmətkeş azərbaycanlıların əllərində. Və biz sübut edirik ki, torpaq öz sahibinin əlində olanda, həqiqətən də, cənnətə dönür.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər