NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bu Sərəncam qədim Naxçıvanın memarlıq ənənələrinin yaşadılması və milli irsimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır

...

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncama əsasən Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinin davam etdirilməsi üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 9 566 000 (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.

Sərəncamla bağlı “Şərq qapısı” qəzetinə açıqlama verən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov bildirib ki, ölkə rəhbəri tərəfindən tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət nəticəsində bu sahədə ciddi işlər aparılır: "Ayrılan vəsait sayəsində abidədə aparılan bərpa və konservasiya işləri davam etdiriləcək, türbənin memarlıq bütövlüyünün qorunması, konstruktiv dayanıqlığının möhkəmləndirilməsi və tarixi görkəminin bərpa olunması təmin ediləcəkdir. Bu Sərəncam həm də qədim Naxçıvanın memarlıq ənənələrinin yaşadılması və milli irsimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Əminliklə demək olar ki, həyata keçirilən bərpa və konservasiya işləri nəticəsində Möminə xatun türbəsinin möhtəşəm siması qorunaraq gələcək nəsillərə çatdırılacaq, eyni zamanda Naxçıvanın və Azərbaycanın zəngin mədəni irsinin dünyaya tanıdılmasına mühüm töhfə verəcəkdir”.

Mədəniyyət və mədəni irs şöbəsinin müdiri qeyd edib ki, cənab İlham  Əliyev tərəfindən 2025-ci il 22 may tarixdə imzalanmış Sərəncama əsasən Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsində bərpa və konservasiya işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 (bir) milyon manat vəsait ayrılmışdır: “Bu gün isə dövlət başçısının növbəti Sərəncamı ilə abidədə aparılan bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması tarixi-mədəni irsimizin qorunmasına göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını bir daha nümayiş etdirir. Ölkəmizin tarixi-mədəni irsinin qorunması və bərpası istiqamətində göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, həyata keçirilən bu mühüm işlərin mədəni irsimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edəcəyinə əminliyimizi ifadə edirik”.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 16.03.2026 16:52