Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ötən gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2025-ci ilin sentyabr ayından etibarən doktorantura, ali, orta ixtisas və peşə təhsili alan tələbələrin təqaüdləri artırılacaq. Biz də mövzu ilə bağlı Naxçıvan Dövlət Universitetinin doktorant Məhəmməd Bayramov və həmin universitetin tələbəsi Ayla Hüseynin təəssüratlarını öyrəndik.
Doktorant Məhəmməd Bayramov dedi: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələbə təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sərəncam ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü gənclər siyasətinin mühüm addımlarından biridir. Bu qərar həm maddi, həm də mənəvi baxımdan Azərbaycan tələbəsinə verilən önəmin bariz ifadəsidir”.
Məlumdur ki, təhsilin keyfiyyəti yalnız infrastrukturla deyil, həm də təhsilverən və təhsilalanların sosial təminatının yaxşılaşdırılması ilə sıx bağlıdır. Tələbə təqaüdlərinin artırılması bu istiqamətdə atılmış mühüm addımlardandır. Gənclərin təhsilə və elmə marağını artıran bu qərar, eyni zamanda onların gələcək karyeralarına inamla hazırlaşmalarına zəmin yaradır.
Müsahibimiz əlavə etdi ki, müasir dövr cəmiyyətinin tələb etdiyi gənc nəsil fəal, savadlı, vətənpərvər və təşəbbüskar olmalıdır. Cənab Prezidentin bu addımı isə tələbəyə yalnız maliyyə dəstəyi deyil, həm də böyük bir etimad göstəricisidir. Bu etimad biz gəncləri daha məsuliyyətli, çalışqan və məqsədyönlü olmağa sövq edir.
Azərbaycan gəncliyi hər zaman bu etimadı doğrultmağa, dövlətimizin inkişafına öz töhfəsini verməyə hazırdır. Təqaüdlərin artırılması bu yolun daha inamla davam etdirilməsinə mühüm təkan verəcək.
Cənab Prezidentə elmə və təhsilə verdiyi önəmə, gənclərə göstərdiyi ardıcıl diqqət və dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Gənc tədqiqatçı olaraq qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək və Azərbaycan elminin inkişafına töhfə vermək üçün var gücümlə çalışacağam. Təhsilə qayğı gələcəyə sərmayədir.
Digər müsahibimiz Naxçıvan Dövlət Universitetinin tələbəsi Ayla Hüseyn tələbə təqaüdlərinin artırılması ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bu qərar gəncliyə verilən dəyərin bariz nümunəsidir: “Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncam yalnız maddi dəstək deyil, eyni zamanda tələbəyə verilən dəyərin, onun əməyinə göstərilən hörmətin, gələcəyinə olan inamın təzahürüdür. Bu biz tələbələrin daha əzmkar, məqsədyönlü olmağımıza və təhsilimizə daha dərindən yanaşmağımıza mühüm təkan verəcək”. Müsahibimiz qeyd etdi ki, bu addım tələbələrin sosial rifahını yaxşılaşdırmaqla yanaşı, onların daxili dünyasına da müsbət təsir göstərir, özünəinamı artırır: “Təhsil yolu ilə həyata atılan minlərlə gənc artıq hiss edir ki, onların arxasında dayanan güclü bir dövlət və diqqətli rəhbərlik var. Bu isə bizə “daha çox öyrən, daha çox çalış, çünki sənə inanırlar” mesajını verir”.
O, həmçinin vurğulayıb ki, təqaüdlərin artırılması gənclərin elmi və yaradıcı potensialının üzə çıxarılmasına da böyük töhfə verəcək: “Elmi məqalə yazan, könüllülük fəaliyyəti göstərən, tədbirlər təşkil edən tələbələrin sayı getdikcə artır. Bu dəstək onların fəaliyyətini daha da gücləndirəcək. Artıq bir çox gənc yeni planlar və ideyalarla çıxış edir”.
Sonda Ayla Hüseyn tələbə adının məsuliyyət daşıdığını vurğulayaraq, gənclərin bu etimada cavab olaraq öz bacarıq və ideyalarını cəmiyyətin rifahına həsr etməli olduqlarını bildirib.
Əhməd ƏHMƏDOV
Zəhra VƏLİYEVA
Digər xəbərlər