Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Gözlərimizi yumub uzaq əsrlərin sədasına qulaq assaq, ipək parçaların xışıltısını, gümüş kəmərlərin zərif cingiltisini və naxışların pıçıltısını eşidərik. Azərbaycanın milli geyimləri bu torpağın minillik yaddaşının, sevincinin və kədərinin ilmə-ilmə toxunmuş mənzərəsidir. Bir gəlinin geyindiyi al-qırmızı, zərli arxalıqda bərəkətli günəşin istisi, bir pəhləvanın çiynindəki çuxada isə uca dağların vüqarı gizlənir. Bu libaslar xalqımızın estetik ruhunun güzgüsüdür. Elə bir güzgü ki orada həm Arazın mavi dalğaları, həm də Naxçıvan yaylaqlarının əlvan lalələri əks olunur. İncə barmaqların gecələr çıraq işığında toxuduğu o naxışlar sanki dilsiz bir əlifbadır. Hər buta bir od rəmzi, hər gül bir bahar müjdəsidir. Qadın geyimlərindəki zəriflik sanki təbiətin bütün rənglərini bir araya gətirir. Məxmərin toxunuşundakı o yumşaqlıq Azərbaycan qadınının qəlbindəki mərhəməti, əl ilə toxunan parçanın ağırlığı isə onun nəcabətini simvolizə edir. Qolları yellənən çəpkənlər hər hərəkətdə bir quşun qanad çalmasını xatırladır, sanki o geyimi daşıyan xanım bu dünya üzərində süzür, torpağa toxunsa da, ruhu göylərlə həmdəm olur. Başa bağlanan kəlağayı isə bir namus və ismət çətiri kimi idi. Onun üzərindəki hər bir naxış elə bil, bir nənənin nəvəsinə pıçıldadığı layladır, ipəyin süzülən telləri isə tarixin axar çaylarıdır.
Kişi geyimlərində isə bir başqa aləm, bir başqa əzəmət var idi. Qalın çuxaların, bəzəkli gümüş kəmərlərin və qoyun yunundan hazırlanmış papaqların arxasında mərdlik, sözübütövlük və sarsılmaz bir iradə dayanırdı. O geyimlər insanı həm soyuqdan qoruyar, həm də daxili dünyasının bütövlüyünü nümayiş etdirərdi. Kəmərə bərkidilmiş xəncərin parıltısı hünərin, papağın başda dik durması isə ləyaqətin nişanəsi idi. Dağların havası ilə yoğrulmuş bu geyim forması insanın təbiətlə necə harmoniyada yaşadığını, hər bir detalın həm funksional, həm də dərin mənəvi anlam daşıdığını göstərir. Bu libasların hər bir qırışında bir nəsil, hər rəngində bir dövr yaşayır. Onlar sandıqlardan çıxanda otağa ətir qoxusu ilə yanaşı, həm də ulu babalarımızın, nənələrimizin ruhu dolur. Bu geyimlər bizi keçmişimizə bağlayan, qəlbimizi qədim köklərimizə qovuşduran canlı körpülərdir. Onları seyr edərkən başa düşürsən ki, gözəllik nə keçir, nə də itir, əksinə, sənətə çevrildikdə əbədiləşir. Azərbaycan milli geyimi bizim vizual musiqimizdir. Elə bir musiqi ki səssiz, amma ruhu titrədən, baxdıqca doyulmayan və hər baxışda yeni bir sirrini açan möhtəşəm bir dastan.
Hər bir tikiş xalqın dühasından süzülüb gələn bir hikmətdir. Məsələn, Şəki ipəyinin zərifliyi sanki o diyarın şirin kəlamlarını özündə yaşadır, Naxçıvanın naxışları isə qədim qalaların daş yaddaşını parça üzərinə köçürür. Bir gəncin toy libası onun gələcəyə atdığı ilk addımındakı ümidi, bir ağsaqqalın ağır kürkü isə keçilən yolların müdrikliyini təmsil edir. Bu geyim mədəniyyəti həm də Azərbaycanın coğrafi rəngarəngliyidir. Aran rayonlarının yüngül və nəfəs alan kətanları ilə dağlıq zonaların qalın, adamı həm fırtınadan, həm də soyuqdan qoruyan yun libasları arasındakı o harmonik keçid heyranlıq doğurur. Qadınların sinəsinə taxdığı gümüş şəbəkə bəzəklər gecənin ulduzlarını xatırladırsa, kişilərin geyindiyi ayaqqabılar olan nallı başmaqlar və ya uzunboğaz çəkmələr torpağa inamla basan qətiyyəti ifadə edir. Biz bu geyimlərə baxanda, sadəcə, estetik zövq almırıq, biz orada bir millətin necə yaşadığını, necə sevdiyini və nəyə inandığını görürük. Onlar bizim qürur mənbəyimiz, dünyaya olan səssiz, lakin ən təsirli mesajımızdır. Hər kəs bu geyimlərin bir parçasına toxunduqda damarlarında axan o qanın hənirtisini hiss edir, özlüyündə tarixin tozlu səhifələrindən boylanan bir qəhrəmana çevrilir. Bizə əmanət, miras olan, ruhumuzun libası, kimliyimizin ən parlaq bəzəyi kimi onu qorumalı və gələcək nəsillərə bir dastan kimi ötürməliyik.
Elnurə CƏFƏROVA
Digər xəbərlər