NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bu gənclərin sədası hələ çox yüksəklərdən gələcək

...

Bakı şəhərində voleybol üzrə 14 və 18 yaşadək oğlanlar və qızlar arasında keçirilən Azərbaycan birinciliyi Naxçıvan təmsilçilərinin parlaq qələbələri ilə yadda qalıb. Ölkə miqyaslı bu nüfuzlu yarışda Naxçıvan Muxtar Respublikası iki fərqli yaş qrupunda iki güclü kollektivlə – oğlanlarda “Naxçıvan”, qızlarda isə “Möminə xatun” komandaları ilə təmsil olunub. Hər iki komandamız yüksək peşəkarlıq nümayiş etdirərək yarışı fəxri kürsüdə tamamlayıblar.

14 yaşadək oğlanlardan ibarət “Naxçıvan” komandası turnir boyu nümayiş etdirdiyi əzmkar oyunla bütün rəqiblərini geridə qoyub. Gərgin keçən qrup mərhələsi və pley-off qarşılaşmalarından sonra finala vəsiqə qazanan təmsilçilərimiz, həlledici görüşdə də rəqibinə heç bir şans tanımayıblar. Finalı böyük üstünlüklə tamamlayan voleybolçularımız Azərbaycan birinciliyinin qızıl medallarına sahib çıxaraq çempionluq sevincini yaşayıblar.

Turnirin digər uğurlu nəticəsi isə 14 və 18 yaşadək qızlar arasında mübarizə aparan “Möminə xatun” komandasından gəlib. Üçüncü yer uğrunda keçirilən qarşılaşmada rəqibi üzərində inamlı qələbə qazanan voleybolçu qızlarımız bürünc medalları Naxçıvana gətirməyi bacarıblar.

Azərbaycan birinciliyində tarix yazan naxçıvanlı gənc voleybolçular və onların məşqçiləri qazandıqları uğurları, keçirdikləri həyəcan dolu anları “Şərq qapısı” ilə bölüşüblər.

14 yaşlı oğlanlardan ibarət çempion komandanın üzvü Əhməd Məmmədli qələbəyə gedən yolun heç də asan olmadığını vurğulayıb: “Bu qələbə bizim üçün aylarla çəkdiyimiz zəhmətin bəhrəsidir. Hər oyun bir imtahan idi, rəqiblər güclü, atmosfer gərgin idi. Lakin biz meydançaya çıxanda bir-birimizin gözlərindəki inamı görürdük. Komanda yoldaşlarımın hər birinin dəstəyi mənə güc verirdi. Final oyununda bütün enerjimizi ortaya qoyduq. Mənim üçün ən unudulmaz an finalda ilk qazandığımız saniyələr oldu. O an anladıq ki, biz bunu bacaracağıq! İndi hədəfim daha böyükdür, Naxçıvanın adını beynəlxalq arenalarda ucaltmaq”.

14 yaşlı qız voleybolçumuz Gültəkin Kərimli məğlubiyyətdən qələbəyə uzanan o kritik dəqiqələri belə xatırlayır: “Oyunun başlanğıcı bizim üçün bir az çətin oldu, ilk seti rəqibə verdik. Amma ruhdan düşmək bizə yaraşmazdı. Hər top uğrunda sona qədər döyüşdük. Bürünc medal bizim üçün böyük bir qürurdur və bu uğur bizə sübut etdi ki, əzm olan yerdə imkansız heç nə yoxdur. Bu, sadəcə, başlanğıcdır”.

18 yaşlı qızlar komandasının üzvü Fatimə Mirzəyeva isə yarımfinaldakı çətinliyin onları daha da bərkitdiyini qeyd edib: “Yarımfinalda məğlub olmaq bizə bir az ağır gəldi, amma biz o anı kədərlənmək üçün deyil, səhvlərimizdən nəticə çıxarmaq üçün istifadə etdik. Üçüncülük uğrunda keçirilən həlledici qarşılaşmada bütün gücümüzü, iradəmizi birləşdirdik. Bürünc medal qazanmaq həm böyük bir sevinc, həm də gələcək üçün motivasiya mənbəyidir. Biz başa düşdük ki, hər oyun bir təcrübə, hər addım bir inkişafdır. Durmadan çalışmağa və Naxçıvan voleybolunun gücünü göstərməyə davam edəcəyik”.

Komandaların bu uğurunda böyük pay sahibi olan məşqçi Pərvin Səfərli gənclərin nümayiş etdirdiyi peşəkarlıqdan danışıb: “Komandalarımızın hər iki yaş qrupunda göstərdiyi şücaət məni hədsiz qürurlandırır. 14 yaşlı oğlanlarımızın çempionluğu və qızlarımızın hər iki yaş kateqoriyasında bürünc medal qazanması təsadüfi deyil. Bu, gənclərimizin sonsuz çalışqanlığının, günlərlə davam edən intizamlı məşqlərinin və ən əsası, sarsılmaz komanda ruhunun nəticəsidir. Əminəm ki, bu istedadlı uşaqlar gələcəkdə həm doğma Naxçıvanımızın, həm də Azərbaycanın voleybol tarixində yeni səhifələr açacaqlar. Onlara inamım tamdır”.

Bu tarixi uğur gənc idmançılarımız üçün gələcəkdə qatılacaqları daha böyük beynəlxalq turnirlər üçün tükənməz motivasiya mənbəyi və örnək bir yol xəritəsidir. İnanırıq ki, bu gənclərin sədası hələ çox yüksəklərdən gələcək!

Elnurə CƏFƏROVA

Nəşr edilib : 08.04.2026 16:26