NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bratislava görüşü: Azərbaycan-Slovakiya strateji tərəfdaşlığında yeni səhifə

...

Azərbaycan dövləti xarici siyasətində Avropa ölkələri ilə siyasi, iqtisadi münasibətlərə, ticarət əlaqələrinin genişləndirilməsinə böyük önəm verir, bu xüsusda mühüm təşəbbüs və layihələrlə çıxış edir. Avropa İttifaqının üzvü kimi, Slovakiya ilə hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi respublikamız üçün prioritet məqsədlərdən hesab olunur. Təqdirəlayiq haldır ki, son bir neçə ildə ölkələrimiz arasında həm siyasi, iqtisadi, ticari, həm də mədəni dialoq güclənərək ümumi regiona faydalar verməkdədir. Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiya Respublikasına ilk rəsmi səfəri tərəflər arasında mövcud sahələr üzrə əlaqələrin müzakirəsi və strateji tərəfdaşlıq xarakterinə malik münasibətlərin yeni hədəflərinin müəyyənləşdirilməsi baxımından yadda qaldı.

Azərbaycan-Slovakiya diplomatik münasibətləri 1990-cı illərin əvvəllərindən bəri sistemli inkişaf yoluna qədəm qoyub. Avropa İttifaqının üzvü olan bu ölkə Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və  tərəflər arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu isə 2009-cu ilin aprelində yaradılıb. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından, Azərbaycanın Slovakiyada səfirliyi 2023-cü ilin iyulundan fəaliyyət göstərir. Son bir neçə ildə ikitərəfli münasibətlər yeni dəyər, məzmun qazanmaqla yüksək mərhələyə addımlayıb. Bu mənada, 2021-ci ilin sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupunun təsisi və növbəti dövrdə iclaslarının keçirilməsi də tərəflərin iqtisadi yaxınlaşmasında, faydalı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan-Slovakiya əlaqələrini yeni müstəviyə daşıyıb. Məhz bu bəyannamənin praktiki təsirinin nəticəsi olaraq bir neçə ay sonra, daha dəqiq desək, ötən ilin noyabrında COP29 çərçivəsində Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfər edib. Səfər çərçivəsində noyabrın 11-də iki ölkə prezidentlərinin görüşündə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirilib, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı diqqət mərkəzində olub. Eyni zamanda Azərbaycanla Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulanıb. Dekabrın 8-də Bratislavada Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniştərkibli görüşlərinin ardından mətbuata bəyanatında da birgə bəyannamənin ikitərəfli münasibətləri yüksək səviyyəyə qaldırdığını qeyd etdi, həmin sənədin imzalanmasında sonra bütün sahələrdə fəal əməkdaşlığın yarandığını vurğuladı. Sitat: “Qeyd etdiyiniz kimi, keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük”.

Azərbaycanla Slovakiya arasında əməkdaşlıq, əsasən, enerji, müdafiə və informasiya texnologiyalarına dair sahələri əhatə edir. Təqdiredici məqamdır ki, bu Avropa ölkəsi ölkəmizin Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilər üzrə apardığı Böyük Qayıdış siyasətinə də dəstək verir. Slovakiya şirkətlərinin Ağdam rayonunun Baş Qərvənd kəndinin “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması prosesində iştirakı iki ölkə arasında mövcud faydalı əməkdaşlığın mühüm göstəricilərindəndir. Eyni zamanda bu il noyabrın 8-də Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı strateji tərəfdaşlığın, dostluq münasibətlərinin təzahürü olmaqla respublikamızın haqq işinə dəstəyin növbəti ifadəsidir.

Slovakiya Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulan 8 Avropa İttifaqı üzvündən biridir, 2024-cü ildən etibarən bu ölkəyə mavi yanacaq nəqlinə başlanılıb. Bir faktı da qeyd etmək yerinə düşər ki, təkcə ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib. Bu da qoca qitənin enerji təhlükəsizliyində Azərbaycanın rolunun ilbəil daha da gücləndiyini göstərən faktor kimi Avropa enerji bazarında böyük pay sahibi olduğunu təsdiqləyir. Dünyada boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olaraq birinci yerdə qərarlaşan respublikamız bu gün, ümumilikdə, 14 ölkənin mavi yanacağa olan tələbatını ödəyir, ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir. Prezident İlham Əliyev Bratislavada mətbuata bəyanatı zamanı Azərbaycanın enerji siyasətinin hədəflərini açıqladı, yaxın gələcəkdə digər Avropa ölkələrinə, o cümlədən də Slovakiyaya qaz ixracatının artacağını bildirdi: “Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”.

Azərbaycan bu gün yaratdığı müasir infrastrukturu, nəqliyyat sektoruna qoyduğu sərmayə ilə Şərq-Qərb Nəqliyyat Dəhlizinin önəmli parçasına çevrilib. Həmçinin respublikamız dünya nəhənglərinin, xüsusilə də Çinin böyük marağında olan Orta Dəhliz layihəsində fəal iştirak edir. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrutun əsas hissəsi kimi Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsini müəyyənləşdirir. Ölkəmizin uzaq gələcəyə hesablanmış – informasiya texnologiyaları, “yaşıl enerji” gündəliyi, enerji, müdafiə təhlükəsizliyi və digər istiqamətlər üzrə hədəfləri bütün Avropa ölkələri kimi Slovakiya ilə münasibətlərində də yeni perspektivlər açır. Respublikalarımız yaxın gələcəkdə sözügedən sahələrə dair əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduqlarını artıq ortaya qoyublar. Əminliklə demək olar ki, Azərbaycan liderinin Slovakiyaya ilk rəsmi səfəri bu nöqteyi-nəzərdən dost ölkələrimizin əməkdaşlığının daha da dərinləşdirilməsində mühüm yol xəritəsi müəyyənləşdirəcək, Bratislava görüşü strateji tərəfdaşlıqda yeni mərhələnin əsaslarını yaradacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Mənim Slovakiyaya rəsmi səfərim əminəm ki, iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəkdir. Siz qeyd etdiyiniz kimi, bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir. Əlbəttə ki, səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlar bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır”.

Nail ƏSGƏROV

Nəşr edilib : 09.12.2025 13:20