NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Böyük Qayıdışın Xocavənd səhifəsi

...

Hadrut, Qırmızı Bazar qəsəbələri və Sos kəndi yeni görkəminə qovuşur

Azərbaycanın tarixən sosial-iqtisadi inkişafında, mədəni həyatında xüsusi yeri olan, turizm potensialı ilə seçilən bölgələrdən biri də Xocavənd rayonudur. Saf dağ iqlimi, gözəl təbiət mənzərələri, qədim abidələr burada iqtisadiyyatın çiçəklənməsini, turizmin inkişafını, dərin sivilizasiyanın formalaşmasını şərtləndirir. Təəssüf doğuran hal odur ki, otuz ilə yaxın müddətdə erməni işğalı, vandalizmi nəticəsində ölkəmizin bu dilbər guşəsinin füsunkar gözəlliyi əlindən alınıb, təbiət, mədəniyyət abidələri viran edilib. Vətən müharibəsinin məntiqi davamı kimi müzəffər Ordumuzun 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə rayon tamamilə düşmən tapdağından azad olunub. Böyük Qayıdış proqramı artıq iki ildir ki, Xocavəndi də geniş mənada əhatə edir, bölgəyə iqtisadi, mədəni həyat yenidən qayıdır. Xocavənd Şəhəri Günü ərəfəsində – sentyabrın 14-də Prezident İlham Əliyev rayona səfəri çərçivəsində Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə müzəffər Ordumuzun tarixi zəfərinə, dövlət suverenliyinin qazanılmasına, Böyük Qayıdış proqramının uğurlu icrasına əsas səbəb kimi xalqımızın birliyi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini xüsusi vurğuladı. Sitat: “Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik”.

Hadrut qəsəbəsi nəinki Xocavənd rayonunun, ümumilikdə, Qarabağın ərazi, relyef baxımından mühüm strateji guşələrindən biridir. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsi dönəmində də ordumuzun əks-hücum planlarında bu bölgə prioritet təşkil edirdi. Belə ki, gərgin döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadruta yönəldi. Oktyabrın 9-da Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri kimi tarixə düşdü. Çünki məhz Hadrutun azad olunmasından sonra əsgər və zabitlərimiz Şuşaya doğru istiqamət aldı. Ona görə də tarixi zəfərimizin qazanılmasında və bilavasitə Şuşanın azad olunmasında Hadrut döyüşləri xüsusi yer tutur. Və göründüyü kimi, tarixi zəfərdən sonra da Azərbaycan dövləti Hadruta böyük diqqət ayırıb, bu gün aparılan Böyük Qayıdış siyasətində də qəsəbə önəmli paya sahib olmaqdadı. Prezident tərəfindən təməli qoyulan qəsəbədə ən müasir yol, inzibati bina, yaşayış məhəlləsi inşa olunub, soydaşlarımızın köçünə başlanılıb, 10 ailə, ümumilikdə, 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb. Ötən dövrdə “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb. Hazırda isə Hadrut qəsəbəsində “PMD GROUP” tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda yüksək keyfiyyətlə icra olunur.

Qarabağın bütün ərazisində reallaşdırılan yenidənqurma və bərpa prosesi zamanı soydaşlarımızın firavan yaşayışının təminatı ilə yanaşı, xalqımıza məxsus tarixi-mədəni dəyərlərin dirçəldilməsi, yaşadılması da diqqətdə saxlanılır. Bu çərçivədə dağıdılmış məscidlərin bərpası və yeni məscidlərin inşası da mühüm yer tutur. Xatırlatmaq yerinə düşər ki, otuzillik işğal dönəmində Qarabağ və Şərqi Zəngəzurda olan 67 məsciddən 65-i erməni terrorçuları tərəfindən məhv edilib. Ötən dövrdə tarixi abidələrin inventarlaşdırılması həyata keçirilib və bərpasına başlanılıb. Heydər Əliyev Fondu tərəfindən Saatlı məscidi, Şuşada Aşağı və Yuxarı Gövhər ağa, Ağdam Cümə məscidləri bərpa olunub, eyni zamanda şəhər, qəsəbə və kəndlərdə yeni məscid binaları tikilib. Bu baxımdan, Hadrut qəsəbəsində məscidin inşası, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir. 2021-ci ilin oktyabrında təməli qoyulan məscid bu il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Xocavəndin Böyük Qayıdışdan böyük pay alan Qırmızı Bazar qəsəbəsi də Qarabağ bölgəsinin ən məşhur yaşayış məntəqələrindən biridir. Qəsəbənin adı və yaranması tarixçəsi də maraqlıdır. Belə ki, yerli məlumata görə, qədimdən bu ərazidə bazar olub, 1924-cü ildə isə ilk dəfə burada 1 may – Həmrəylik günü qeyd edilib və həmin vaxtdan da sözügedən yer “Qırmızı Bazar” adlanıb. Tədricən köçüb gələnlər məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilib. Yaşayış məntəqəsi 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb. Qırmızı Bazar İkinci Qarabağ müharibəsinin yekunlarına dair imzalanan 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. Və nəhayət, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində bütün digər torpaqlarımız kimi bu qəsəbə də işğaldan azad olunub. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, dövlətimizin apardığı Böyük Qayıdış siyasəti nəticəsində artıq Qırmızı Bazar qəsəbəsi də yenidən qurulur, soydaşlarımız öz doğma torpaqlarına geri dönürlər. Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə, 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.

Göründüyü kimi, tarixi zəfərimizin 5-ci ildönümündə Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışın ayaq səsləri daha da yüksək, təmtəraqlı, təntənəli şəkildə eşidilir. 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə tamamilə azad edilən Xocavənd rayonu da yenidən qurulur, bərpa olunur, tarixiliyini qorumaqla müasir görkəmə qovuşur. Rayonun Hadrut, Qırmızı Bazar qəsəbələri və Sos kəndinin sakinləri öz doğma yurdlarına qayıdaraq əmin-amanlıq şəraitində yaşayırlar. Və bütün bu proseslər bir daha göstərir ki, dövlətimizin apardığı uğurlu daxili, xarici siyasət bir məqsədə – Azərbaycan xalqının rahat, xoşbəxt və sülh içində yaşamasına xidmət edir. Prezident İlham Əliyevin sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə dediyi kimi: “Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün – heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Sizin yaşadığınız kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın”.

Nail ƏSGƏROV

Nəşr edilib : 15.09.2025 17:28