Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan dövlətinin Vətən müharibəsindən sonra qarşıya qoyduğu əsas vəzifələrdən biri işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq və abadlıq işlərinin aparılması, soydaşlarımızın mərhələli şəkildə öz yurdlarına qaytarılmasıdır. Bu xüsusda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” mühüm yol xəritəsi hesab edilir. Proqram çərçivəsində dayanıqlı məskunlaşma, infrastrukturun bərpası, təhlükəsiz yaşayış, ekoloji təmiz texnologiyalar və “yaşıl inkişaf” prinsiplərinin tətbiqi əsas məqsəd kimi qarşıya qoyulub. Bundan başqa, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 milli prioritetindən biri kimi də müəyyən olunub ki, bu da dövlət siyasətində bu istiqamətdə görülən işlərə necə böyük diqqət göstərildiyini, önəm verildiyini təsdiqləyir. Ötən 5 ilə yaxın müddətdə respublikamızın heç bir beynəlxalq maliyyə qurumundan dəstək almadan Qarabağ və Şərqi Zəngəzurda uğurlu infrastruktur quruculuğu prosesini reallaşdırması, soydaşlarımız üçün yaşayış, iş, istirahət, sosial xidmət imkanlarının yaradılması sübut edir ki, Azərbaycan dövlətinin siyasi iradəsi dönməzdir, hazırlanan inkişaf konsepsiyası unikaldır, alternativsizdir...
Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər səfəri yeni bir layihənin reallaşması və yaxud da hansısa şəhər, qəsəbə və kəndə soydaşlarımızın qayıdışı ilə əlamətdar olur. Ümumilikdə, son 5 ildə dövlət başçısı azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, 177 müxtəlif təyinatlı layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. Və bu il dekabrın 23-də Prezidentin Qarabağa növbəti səfəri isə Böyük Qayıdışın yeni – Xankəndi səhifəsinin də yazılmağa başladığını göstərdi. Ölkə başçısının doğum günü ərəfəsində reallaşan bu səfər bütün cəhətləri ilə tarixidir, mühümdür. Bəli, bir vaxtlar ad gününü məcburi köçkünlərlə keçirən lider bu gün onların öz yurdlarına qayıdışını reallaşdırır, sakinlərlə birgə əlamətdar günün ikiqat sevincini, qürurunu yaşayır.
34 illik həsrət sona yetir, Kərkicahana həyat qayıdır
Qədim Azərbaycan torpağı olan Xankəndinin respublikamızın ictimai-siyasi, sosial-mədəni həyatında yeri və rolu tarixboyu mühüm, əvəzedilməz olub. 272 illik keşməkeşli tarixə malik bu şəhərimiz hər zaman mənfur ermənilərin işğalçılıq planlarında yer alıb. Birinci Qarabağ müharibəsi dövründə, daha dəqiq desək, 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edilmiş Xankəndi başdan-ayağa vandalizmin qurbanı olub, şəhərdə erməniləşmə siyasəti aparılıb. Şəhərin özündən və Kərkicahan qəsəbəsindən soydaşlarımız zorla didərgin salınıb. Uzun illər erməni separatizminin kök saldığı qədim yurd yerimizi 44 günlük Vətən müharibəsindən sonra da düşmən heç bir vəchlə azad etmək niyyətində deyildi. Ancaq Prezident İlham Əliyevin siyasi səriştəsi, məharətli diplomatiyası, eləcə də müzəffər Ordumuzun peşəkarlığı sayəsində 2023-cü il sentyabrın 19-20-də reallaşdırılan lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi şəhəri də tamamilə düşməndən azad olundu. Bu tarixi hadisədən iki ay sonra – noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan Hərbi Paradın məhz Xankəndi şəhərində təşkili bu torpağın Azərbaycan üçün necə böyük, strateji əhəmiyyət daşıdığını göstərdi. Paradda çıxışı zamanı Müzəffər Ali Baş Komandan bir daha qədim torpağımızın azadlığının ölkəmizin əsas məqsədlərindən biri olduğunu vurğuladı: “Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar, demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər – sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz – həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”. Dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xankəndidə Zəfər parkının açılışı da məhz bu qədim şəhərin həm də müasir hərbi-siyasi tariximizdəki, eləcə də ərazi bütövlüyü və suverenliyimizin təminatındakı rolunun ifadəsidir.
Bəli, qısa zaman Azərbaycan xalqının Müzəffər Liderinin praqmatik düşüncəyə, uzaqgörən siyasətə malik olduğunu, “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ideyasının əməli təsdiqini göstərdi. Bir sözlə, “Lider xalqa, xalq liderə arxalanır” tandemi Qarabağın hər addımında, görülən hər işdə, reallaşan layihələrdə təcəlla edir, özünü göstərir. Və bu həmrəyliyin, birliyin nəticəsidir ki, 34 ildən sonra artıq Xankəndi öz soydaşlarına qucaq açır, kərkicahanlıların həsrəti, nisgili sona yetir. Sakinlərin öz lideri ilə söhbətində, hər jestdə, mimikada böyük xoşbəxtlik, sonsuz sevinc, fərəh hiss olunur, duyulur. Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşündə də bu qayıdışın tarixi əhəmiyyət daşıdığını, böyük xoşbəxtlik olduğunu dedi: “Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.
Böyük Qayıdış: Dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramı
“Böyük Qayıdış” proqramına uyğun olaraq digər yaşayış məntəqələri kimi, Kərkicahanda da abadlıq-quruculuq işləri bütün sahələri əhatə edib, insanların yaşayış şəraitindən uşaq, yeniyetmə və gənclərin təhsilinin təşkilinə qədər hər bir məsələ həssaslıqla nəzərə alınıb. Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur ki, onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb, ilkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə, 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə – öz dədə-baba yurdlarına qayıdıb. Xatırlatmaq yerinə düşər ki, 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılıb. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla, 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda isə qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə, 2531 sakin var. Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəb binasının əsaslı təmiri Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir təhsil infrastrukturunun yaradılmasının işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biri olduğunu təsdiqləyir. Bu addım, eyni zamanda müəllimlərin və şagirdlərin doğma yurdlarına qayıdışını sürətləndirməklə Qarabağda sosial, ictimai mühitin formalaşmasına təkan verir.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər gedişi kimi, budəfəki səfəri də genişmiqyaslı quruculuq işlərinin, innovativ layihələrin reallaşması, istifadəyə verilməsi ilə yadda qaldı. Təməli qoyulan Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası bu istiqamətdə təhsilin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına töhfə verəcək. Xocalı rayonunun Ballıca kəndində “Accurate Az”, Ağdam Sənaye Parkında “Construction” MMC-lərin istehsal müəssisələrinin, Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin istifadəyə verilməsi, Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı bölgəyə yeni həyatın qayıdışını, eləcə də qeyri-neft sənayesinin, turizmin inkişafını sürətləndirməklə paralel, əhali məşğulluğunun təminatına, yeni investiyaların axınına xidmət edəcək. Ümumilikdə, dövlət başçısının Qarabağa son səfəri belə deməyə əsas verir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərlə bağlı məqsədlərinə, hədəflərinə qətiyyətlə çatır, “Böyük Qayıdış” proqramı dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramı kimi özünü praktiki şəkildə təsdiq edir. Prezident İlham Əliyevin 34 ildən sonra öz ata-baba torpaqlarına qayıdan Kərkicahan qəsəbə sakinləri ilə görüşündə də dediyi kimi: “Doğma torpağa 34 ildən sonra qayıdışınız münasibətilə sizi təbrik edirəm. Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni “Böyük Qayıdış” proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır”.
Nail ƏSGƏROV
Digər xəbərlər