NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Böyük qayıdışın Kəlbəcər səhifəsi

...

Kəlbəcər dünyanın ən gözəl, mənzərəli şəhərlərindən birinə çevrilir

Azərbaycanın tarixi zəfəri ilə yekunlaşan Vətən müharibəsindən sonra dövlətimizin qarşıya qoyduğu əsas hədəflərdən biri Qarabağın, Şərqi Zəngəzurun bərpası və bu bölgələrdə hərtərəfli iqtisadi, mədəni dirçəlişin təmin olunmasıdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında görülən tədbirlərdə, quruculuq, yenidənqurma işlərində, inteqrasiya, restavrasiya proseslərində effektivliyi, səmərəliliyi artıran əsas nüans kompleks yanaşmanın tətbiqidir. Yəni paralel şəkildə şəhər və kəndlərin yol infrastrukturu qurulur, fərdi evlər, yaşayış kompleksləri inşa olunur, “yaşıl texnologiyalar”a əsaslanan müəssisələr yaradılır, yurd yerlərimizin əvvəlki şöhrəti, turizm cəlbediciliyi özünə qaytarılır. Prezidentin azad olunan torpaqlara hər gəlişi quruculuq və bərpaya dair yeni addımların atılması, dünyaya ünvanlanan, regionda baş verən ictimai-siyasi hadisələrə dair mühüm mesajlarla tarixə düşür. Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına növbəti səfərləri də bu baxımdan olduqca yaddaqalan oldu...

2020-ci ildə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun yaratdığı reallıq, məxsusən də Ali Baş Komandanın siyasi iradəsi, diplomatik məharəti sayəsində azadlığına qovuşan Kəlbəcər Qarabağın, sözün əsl mənasında, cənnət guşəsidir. Təsadüfi deyil ki, bu rayonumuzu Azərbaycanın “qərb qapısı” adlandırırlar. Kəlbəcərin gözəl təbiəti, zəngin mineral suları ölkəmizdə turizmin inkişafına təkan verməklə iqtisadiyyatın gücləndirilməsi üçün böyük əhəmiyyət daşıya bilər. Ümummilli Liderimiz Heydər Əliyev bu yurdumuzun füsunkarlığını ən gözəl, səmimi sözlərlə dilə gətirib: “...Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”. Bu gün dövlət başçısının göstərişi, birbaşa diqqəti, nəzarəti ilə Ulu Öndərin arzuları reallaşıb, səfalı yurd yerimiz yenidən dirçəldilir, İstisuyun əvvəlki şöhrəti özünə qaytarılır. Qeyd etdiyimiz kimi, əldə olunan bütün nailiyyətlər Böyük Qayıdış proqramının düzgün və kompleks icrasının məntiqi nəticəsidir. Göstərilən diqqət və həssas yanaşma həm də onu deməyə əsas verir ki, qayıdış prosesi ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun istifadəyə verilməsi məskunlaşmanın sürətləndirilməsi, Kəlbəcər və ətraf ərazilərin iqtisadi potensialının gücləndirilməsi Böyük Qayıdış proqramının uğurlu nəticələr verməsinə səbəbiyyət yaradacaq. Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaların qurulması isə Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ideyasının növbəti uğurudur. Qeyd etmək yerinə düşər ki, sözügedən stansiyaların istifadəyə verilməsi ilə bu cür stansiyaların sayı, ümumilikdə, 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. Sistemli şəkildə tikilib istismar olunan bu stansiyalar iqtisadiyyata, yaşıl enerjinin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verir. Rayonda yaşayış komplekslərinin inşası, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın istifadəyə verilməsi isə sakinlərin həm firavan yaşayışı, həm də təsərrüfatçılıq ənənələrinin inkişafı baxımından olduqca mühüm addımdır.  Avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhərində sakinlərlə görüşü zamanı Böyük Qayıdışa dair Dövlət Proqramının icra əhəmiyyətinə diqqəti çəkib, Kəlbəcər şəhərinin dünyanın ən gözəl, mənzərəli şəhərlərindən birinə çevrildiyini vurğulayıb: “Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq”.

Naxçıvan Muxtar Respublikasında dəmir yolu tam müasirləşdiriləcək

Prezidentin azad olunan torpaqlara digər səfərləri kimi, Kəlbəcərə gedişi də təkcə Böyük Qayıdış proqramının icrasına aydınlıq gətirmədi, eyni zamanda regionda qarışıqlıq, hərc-mərclik, çaxnaşma yaratmağa çalışan siyasi qüvvələrə, dairələrə mühüm mesajların verilməsi ilə yadda qaldı. Ölkə başçısı otuz illik işğal dövrünün, 2020-ci ilin Vətən müharibəsi və sonrakı mərhələnin, antiterror əməliyyatlarının nəticələrini, sülh prosesini, bölgədə yaradılan yeni reallıqları şərh etdi, müharibənin də, sülhün də yeganə qalibinin məhz Azərbaycan olduğunu bir daha diqqətə çatdırdı.

Kəlbəcər səfərindən ünvanlanan vacib siyasi, iqtisadi mesajlardan biri isə son günlərdə əsas diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının təmin olunması məsələsidir. Bu xüsusda onu diqqətə çəkmək olar ki, avqustun 8-də Ağ evdə əldə olunan tarixi razılaşmalardan sonra artıq regionda yeni sülh, əməkdaşlıq mühiti formalaşmaqdadır. Məhz bu baxımdan Zəngəzur dəhlizinin mühüm hissəsi olan Kars-İğdır-Aralık-Dilucu (Qars-Naxçıvan) dəmir yolu xəttinin təməlinin qoyulması, tikinti işlərinə start verilməsi də bölgədəki geoiqtisadi canlamanın əsas göstəricilərindəndir. Bu xətt qardaş Türkiyənin bölgələri ilə yanaşı, Naxçıvanın da nəqliyyat infrastrukturunun yenilənməsinə, iqtisadi, turizm potensialından səmərəli istifadəyə yol açacaq, ixrac-idxal əməliyyatları genişlənəcək. Zəngəzur dəhlizinin digər bir qolu isə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməklə paralel, beynəlxalq nəqliyyat dəhlizi kimi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, digər bir adla desək, Orta dəhlizin yükaşırma qabiliyyətini və rentabelliyini artıracaq.

Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə Naxçıvanla Azərbaycanın digər ərazisinin nəqliyyat bağlantısını təmin edəcək marşrutun əhəmiyyətinə də toxundu, Vaşinqtonda əldə olunan razılaşmanı növbəti tarixi uğur kimi dəyərləndirdi. Sitat: “Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda bu təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu bizim növbəti tarixi uğurumuzdur”.

Ümumilikdə, Kəlbəcər səfəri bir neçə vacib, əhəmiyyətli mesajı dünyanın diqqətinə çatdırdı: Azərbaycan azad olunan torpaqlara Böyük qayıdış siyasətini uğurla reallaşdırır, regionda baş verən bütün ictimai-siyasi hadisələr nəzarətdədir, istənilən təxribata qarşı hazırlıqlıyıq, bu xüsusda hərbi gücün artırılması daim diqqətdə saxlanılır. Müharibəni qazanan ölkə kimi, sülh, əməkdaşlıq prosesi də respublikamızın təşəbbüsü və əsas tərəf kimi iştirakı, razılığı ilə həyata keçirilir. Regionda sabitlik, əmin-amanlıq dövlət siyasətimizin əsas prioritetlərindəndir, bu sabitliyi pozmağa çalışanlar layiqli cavablarını mütləq alacaqlar. Xalqımız, xüsusilə də gənc nəsil dövlətçilik, ərazi bütövlüyü və suverenliyimizin qorunmasına həssaslıqla yanaşmalıdır, sülhə rəğmən vaxtilə Qarabağda soydaşlarımıza qarşı törədilən bəşəri cinayətlər, o cümlədən də Xocalı, 20 Yanvar və digər soyqırımı, vandalizm aktları unudulmamalıdır. Və nəhayət, Azərbaycan dünyaya sübut etdi ki, onunla razılaşmaq vacibdir, hesablaşmayan mütləq peşman olacaqdır. “Dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir və bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu - bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan, nəticədə, peşman olur. Bunu Ermənistan-Azərbaycan müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bunu bugünkü reallıqlar da göstərir” sitatın sonu!

Nail ƏSGƏROV

Nəşr edilib : 22.08.2025 10:47