NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Böyük Qayıdış: postmüharibə dönəmi üçün nümunəvi beynəlxalq model

...

Prezident İlham Əliyev: "Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq".

Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən hesab olunur. Otuz il davam edən işğal nəticəsində ciddi dağıntılara məruz qalmış şəhər və kəndlərimizin yenidən qurulması təkcə ölkədaxili sosial-iqtisadi tərəqqi baxımından deyil, həm də regional sabitlik, beynəlxalq əməkdaşlıq və qlobal inkişaf prosesləri kontekstində böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun aparılan bərpa və yenidənqurma işləri, bu mənada, həm də postmünaqişə dövründə dövlətlərin qarşılaşdığı problemlərin həlli baxımından mühüm təcrübə və model ortaya qoyur. Dövlət başçısı müxtəlif yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışı zamanı da işğaldan azad olunmuş ərazilər üzrə aparılan quruculuq proseslərini beynəlxalq səviyyədə qəbul edilən nadir inkişaf modeli kimi yüksək qiymətləndirib: “Biz müasir şəhərsalma – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir”.
Məlum olduğu üzrə müharibələrdən sonra ərazilərin bərpası və yenidən qurulması ölkələrin daxili problemi olmaqla yanaşı, eyni zamanda beynəlxalq siyasətdə yer alan, diqqət mərkəzində dayanan mühüm məsələlərdən birinə çevrilir. Bu baxımdan, Qarabağ regionunda həyata keçirilən layihələr yalnız Azərbaycanın daxili inkişaf proqramı kimi deyil, həm də regional sabitliyin təmin olunmasına yönəlmiş strateji addım kimi qiymətləndirilir. Prosesin koordinasiyalı şəkildə təşkil olunması, görülən işlərin daha səmərəli planlaşdırılması və müxtəlif dövlət qurumlarının fəaliyyətinin uzlaşdırılması məqsədilə təşkil edilən iclaslar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev tərəfindən keçirilən bu iclaslarda azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa işlərinin gedişi, qarşıda duran vəzifələr və gələcək layihələr ətraflı müzakirə olunur. İclaslarda əsas diqqət infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması, müasir kommunal xidmətlərin yaradılması və insanların doğma torpaqlarına təhlükəsiz şəkildə qayıdışının təmin olunmasına yönəldilir. Martın 16-da Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib. 
Qarabağda aparılan quruculuq işlərinin beynəlxalq əhəmiyyəti həm də burada ən müasir texnologiya və texnoloji yeniliklərə əsaslanan infrastrukturun yaradılması ilə səciyyələnir. Yeni avtomobil, dəmir yollarının və hava limanlarının inşası regionun beynəlxalq nəqliyyat və logistika şəbəkələrinə inteqrasiyasını sürətləndirir. Bu kontekstdə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları kimi mühüm strateji obyektlər Qarabağın beynəlxalq iqtisadi əlaqələrə qoşulması baxımından böyük əhəmiyyət daşıyır. Bu layihələr, bütövlükdə, Cənubi Qafqazın tranzit potensialını artırır və gələcəkdə Zəngəzur dəhlizinin də açılması perspektivində Asiya ilə Avropa arasında yeni nəqliyyat marşrutlarının formalaşmasına töhfə verəcək. Böyük Qayıdışın icrasına dair proqramlaşdırılmış düzgün koordinasiya ilə yanaşı, geniş təbliğat da önəmli rol oynayır. Məhz bu kontekstdə Qarabağda baş tutan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən ötən il Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə görüşü yeni iqtisadi əməkdaşlıqların qurulması və işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının təqdimatı, imkanların qlobal müstəvidə dəyərləndirilməsi nöqteyi-nəzərdən mütərəqqi addımlardandır. 
Qarabağda həyata keçirilən bərpa layihələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən, diqqətçəkən xüsusiyyətlərindən biri də müasir şəhərsalma və innovativ texnologiyaların tətbiqidir. Belə ki, hazırda bölgədə dağıdılmış, məhv olunmuş kənd və şəhərlərin yerində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan yaşayış məntəqələri yaradılır. Bu baxımdan, 2022-ci ildə istifadəyə verilən Ağalı kəndi mühüm yol xəritəsi və düzgün praktik istiqamət müəyyənləşdirir. Zəngilan rayonu ərazisində həyata keçirilən bu layihə müasir texnologiyalara, ekoloji yanaşmaya və rəqəmsal idarəetmə sistemlərinə əsaslanır. Həmçinin kənd təsərrüfatının inkişafı, resursların səmərəli idarə olunması və regionda dayanıqlı həyat mühitinin yaradılması baxımından mühüm rol oynayır. Ağalının uğurlu davamı kimi, Şuşa şəhərində ağıllı şəhər konsepsiyası – turizm, mədəniyyət obyektləri, ictimai xidmətlər və smart nəqliyyat sistemlərinin qurulması nəzərdə tutulub. Eyni zamanda Füzuli və Hadrut bölgələrində ağıllı texnologiyalar əsasında infrastruktur yaradılır. Laçın və Zəngilan rayonlarında smart kənd təsərrüfatı və yaşayış məntəqələri üçün planlaşdırılmış pilot layihələr də hazırda icra prosesindədir. Bu layihələr, birinci növbədə, yerli əhalinin məşğulluğuna və uzunmüddətli sosial rifaha xidmət edir. Azərbaycanın tətbiq etdiyi bu innovativ yanaşmalar beynəlxalq səviyyədə böyük maraq doğurur. Bu da təsadüfi deyil. Çünki dünyanın bir sıra postmüharibə bölgələrində bərpa işləri ənənəvi üsullarla aparıldığı halda, Qarabağda innovativ və texnoloji əsaslı inkişaf modeli tətbiq olunur. 
Böyük Qayıdış siyasətinin beynəlxalq əhəmiyyəti həm də “yaşıl enerji” siyasəti və ekoloji davamlılıqla bilavasitə əlaqəlidir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası elan olunması qlobal müstəvidə vacib amil kimi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin vacib komponentlərindəndir. Bu çərçivədə bərpa olunan enerji mənbələrinin inkişafı, xüsusilə də günəş və su elektrik stansiyalarının tikilməsi planlaşdırılır və hazırda da həyata keçirilir. Sözügedən yanaşma ekoloji tarazlığın qorunmasına, karbon emissiyalarının azaldılmasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət etməklə qlobal çəkisini ortaya qoyur. Məhz, bu mənada, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur regionunu ekoloji cəhətdən təmiz enerji istehsalı mərkəzinə çevirməklə gələcəkdə beynəlxalq enerji bazarlarındakı rolunu daha da gücləndirməyi hədəfləyir.
Bildiyimiz kimi, Qarabağ Azərbaycanın yalnız iqtisadi və strateji baxımdan deyil, həm də zəngin mədəni irsi ilə seçilən regionudur. Bu baxımdan, postmüharibə dönəmində tarixi və mədəni abidələrin bərpası böyük əhəmiyyət kəsb edir. Xüsusilə Şuşa şəhərinin yenidən qurulması və mədəni irsinin bərpası regionun turizm potensialının inkişafına mühüm töhfə verir və bölgəyə turist axınını gücləndirir. Şuşanın mədəni mərkəz kimi dirçəldilməsi, 2021-ci ildə Azərbaycanın, 2023-cü il üçün Türk dünyasının, 2024-cü il üçün İslam dünyasının Mədəniyyət paytaxtları statusunu qazanması Azərbaycanın mədəni diplomatiyasının güclənməsinə və regionun beynəlxalq turizm xəritəsində daha geniş tanınmasına imkanlar açıb.
Ümumilikdə, qeyd etdiyimiz bütün bu amillər göstərir ki, Böyük Qayıdış siyasəti, Qarabağda aparılan quruculuq və bərpa işləri yalnız bir regionun yenidən qurulması prosesi deyil. Reallaşdırılan layihələr regional sabitliyin möhkəmlənməsi, beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsi və dağıdılmış ərazilərin postmüharibə dövründə bərpasının yeni modelinin formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Hazırkı Azərbaycan-Ermənistan sülh prosesi, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı belə deməyə əsas verir ki, Qarabağın yenidən qurulması gələcəkdə həm qlobal əməkdaşlığın dərinləşməsinə, həm də Cənubi Qafqazın iqtisadi, siyasi və sosial inkişafında mühüm rol oynayacaq. Azərbaycanın siyasi və iqtisadi qüdrətini özündə cəmləşdirən bu proses həm də onu göstərir ki, müharibədən zərər çəkmiş ərazilər düzgün strategiya və effektiv idarəetmə sayəsində qısa müddətdə nəinki bərpa edilə, inkişaf və tərəqqi məkanına da çevrilə bilər.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 24.03.2026 12:58