NAXÇIVAN :

19 Iyun 2025, Cümə axşamı

Bonn danışıqlarının mərkəzində Azərbaycanın COP29 təcrübəsi dayanır

...

İyunun 16-dan etibarən Almaniyanın Bonn şəhərində start götürmüş və iyunun 26-dək davam edəcək BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası (SB62) cari ilin qlobal iqlim diplomatiyasında əsas dönüş nöqtələrindən biri kimi qiymətləndirilməlidir. Tədbirin gündəliyində duran məsələlərə, iştirak edən tərəflərin tərkibinə və danışıqların daxili dinamikasına nəzər yetirdikdə burada Azərbaycanın COP29 çərçivəsində ortaya qoyduğu təşəbbüslərin və əldə etdiyi nəticələrin dominant mövqedə qərarlaşdığı aydın görünür. Sözsüz ki, bu təsadüfi deyil, 2024-cü ilin sonunda Bakı şəhərində keçirilmiş COP29 təkcə təşkilati baxımdan deyil, həm də mahiyyəti etibarilə COP tarixində iqlim gündəminin yeni fəlsəfi çərçivəyə salındığı bir mərhələ kimi tarixə düşdü. Bonn danışıqlarında həmin fəlsəfə öz təsirini açıq şəkildə göstərir.

BMT-nin bu sessiyasına 5 mindən çox iştirakçının – hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, iqlim üzrə ixtisaslaşmış alimlərinin və vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması Bonnun, sadəcə, texniki hazırlıq platforması olmaqdan çıxaraq strateji yönverici bir məkana çevrildiyini sübut edir. Hərçənd sessiya formal olaraq COP30-a hazırlıq prosesi kimi təqdim olunur, əslində, burada aparılan müzakirələrin böyük əksəriyyəti COP29-un mirasını anlamaq, qiymətləndirmək və davam etdirmək üzərində qurulub. Bu mənada, Azərbaycanın iqlim siyasətində son illər ərzində müşahidə olunan keyfiyyət dəyişikliyi hazırda beynəlxalq ekspertlər tərəfindən ciddi şəkildə izlənilir və əksər hallarda nümunə kimi göstərilir.

Bakı sammitində qəbul edilən “Bakıdan Belemə Yol Xəritəsi” sənədi bu gün Bonn danışıqlarında qlobal iqlim maliyyələşməsi ilə bağlı aparılan debatların əsas istinad nöqtəsinə çevrilib. 1,3 trilyon dollar dəyərində iqlim maliyyəsinin səfərbər olunmasını hədəfləyən bu təşəbbüs təkcə inkişaf etməkdə olan ölkələr üçün yeni imkanlar yaratmır, həmçinin iqlim bərabərsizliyi məsələsini real maliyyə mexanizmləri vasitəsilə aradan qaldırmağı qarşısına məqsəd qoyur. Məhz buna görə də Bonn platformasında bu xəritənin arxasında duran siyasi iradə və texniki icra qabiliyyəti Azərbaycanın liderlik keyfiyyətlərinin konkret göstəricisi kimi dəyərləndirilməlidir. Bu, Azərbaycanın sədrliyi ilə COP29-un struktur dəyişikliklərinə yol açan bir platforma olduğunun bariz nümunəsidir.

Xatırlamaq lazımdır ki, COP29 ərzində Paris Sazişinin 6-cı maddəsi üzrə aparılan texniki danışıqların real nəticəyə çevrilməsi mümkün olmuşdu. Beynəlxalq karbon bazarlarının qurulması, ölkələr arasında karbon vahidlərinin ticarəti və əməkdaşlıq mexanizmlərinin institusional əsaslara oturdulması məhz Bakı Sammitində konkret konturlara qovuşmuşdu. Hazırda Bonn danışıqlarında bu məsələnin icra mərhələsi – yəni nəzarət, monitorinq və hesabatlılıq mexanizmləri müzakirə olunur. Burada da Azərbaycan nümayəndə heyətinin təşəbbüskar mövqedən çıxış edir.

Azərbaycanın iqlim siyasətindəki yeni yanaşma qeyd etdiyimiz bu proseslərlə məhdudlaşmır. “Bakı İqlim Fəaliyyəti Çərçivəsi” və “Bakı Maliyyə Hədəfi” kimi sənədlər sübut etdi ki, Azərbaycan artıq yalnız üzv ölkə kimi deyil, normativ və konseptual gündəm yaradan bir aktor kimi çıxış edir. Bonn danışıqlarında bu sənədlərin təkcə xatırlanması deyil, onlardan çıxan nəticələrin konkret fəaliyyət planlarına çevrilməsi göstərir ki, COP29-a, sadəcə, ötən ilin tədbiri yox, cari ilin siyasi prioriteti kimi qiymət verilir.

Bonn danışıqlarının başqa bir mühüm məqamı Azərbaycanın sərgilədiyi inklüzivlik və əməkdaşlığa açıq yanaşmanın qlobal miqyasda qarşılıq tapmasıdır. Azərbaycan nümayəndə heyətinin sessiyalarda irəli sürdüyü təkliflər yalnız texniki deyil, həm də etik aspektlərdən mühüm siqnallar verir. Davamlı iqlim tədbirləri üçün etibarlı siyasi mühitin qurulması, iqlim ədalətinin təşviqi və inkişaf etməkdə olan ölkələrin prioritetlərinin nəzərə alınması kimi məsələlər Bonnun əsas debatlarında öz əksini tapır. Bu, Azərbaycanın sədrliyi dövründə ortaya qoyduğu yanaşmanın uğurlu nəticəsidir – dialoqa açıq, məsuliyyətə söykənən, nəticəyə fokuslanan bir sədrlik modeli.

Bütün bu faktlar bir araya gəldikdə aydın olur ki, Bonn danışıqları, sadəcə, növbəti COP-un hazırlıq mərhələsi deyil, COP29-un fəlsəfəsinin davamı və onun konkretləşdiyi platformadır. Azərbaycanın burada oynadığı rol artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş, legitimləşmiş, siyasi dəstək almış, texniki peşəkarlığı və konseptual yenilikçiliyi ilə seçilən liderlik modelidir.

Yusif MİRZƏZADƏ

Naxçıvan Dövlət Universiteti

Tələbə Elmi Cəmiyyətinin sədri

Nəşr edilib : 19.06.2025 17:29