Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
İqlim dəyişikliklərinin təsiri fonunda su ehtiyatlarının qorunması hər zamankından daha strateji əhəmiyyət daşıyır. Xüsusilə qış mövsümündə yağan qarın, yağışın miqdarı təkcə mövsümi hadisə deyil, həm də ilin su balansını müəyyən edən əsas amillərdən biridir. Bəs bu yağan qarın, yağışın su ehtiyatlarına, təbiətə nə kimi əhəmiyyəti var? Bu suallara cavab tapmaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar siyasət, risklərin təhlili və idarə olunması şöbəsinin, Kənd təsərrüfatının ekologiyası, iqlim dəyişmələri, fitosanitar və baytarlıq risklərinin araşdırılması sektorunun müdiri Nigar Abdullayeva ilə həmsöhbət olduq.
– Az qar yağan illərlə müqayisədə bol qar yağan illərdə su balansında hansı fərqlər müşahidə olunur?
– Az qar yağan illərdə qış mövsümündə torpaqda suyun toplanması zəif olur. Yaz aylarında çayların debiti azalır, yeraltı suların səviyyəsi aşağı düşür və bitkilərin vegetasiya dövründə su çatışmazlığı riski artır. Belə şəraitdə hidroloji və aqrar quraqlıq halları daha tez-tez müşahidə olunur. Bol qar yağan illərdə isə qar örtüyü qışboyu suyu özündə saxlayaraq təbii akkumulyator rolunu oynayır. Yazda qarın tədricən əriməsi nəticəsində su torpağa hopur, yeraltı su ehtiyatları artır, çay və su anbarları daha sabit qidalanır. Bu isə su balansının daha tarazlı və dayanıqlı formalaşmasına səbəb olur. Əsas fərq ondadır ki, qar suyu torpağa mərhələli şəkildə daxil olur və bu da su ehtiyatlarının qorunmasını təmin edir.
Qar örtüyü qış aylarında suyun təbii anbarı funksiyasını yerinə yetirir. Yağışdan fərqli olaraq, qar dərhal axına çevrilmir, uzun müddət saxlanılır və yaz mövsümündə mərhələli şəkildə əriyir. Bu proses infiltrasiya səviyyəsini artırır və yeraltı suların qidalanmasına şərait yaradır. Xüsusilə dağlıq ərazilərdə çayların əsas qidalanma mənbəyi qar sularıdır. Qar ehtiyatı çox olduqda yaz aylarında su anbarları dolur, bulaq və artezian sularının səviyyəsi yüksəlir və yay aylarında su təminatı daha stabil olur. Bu baxımdan, qar yağıntısı su ehtiyatlarının formalaşmasında strateji əhəmiyyətə malikdir.
– Qar yaz əkinləri üçün hansı üstünlüklər yaradır?
– Qar əriməsi nəticəsində torpağın üst və orta qatlarında rütubət ehtiyatı artır. Bu, yaz əkinlərinin cücərməsi və kök sisteminin inkişafı üçün optimal şərait yaradır. Torpağın rütubətli olması qida maddələrinin bitkilər tərəfindən daha yaxşı mənimsənilməsinə imkan verir. Bundan əlavə, qar sularının tədricən torpağa hopması eroziya riskini azaldır. Qar örtüyü olan illərdə yazlıq və payızlıq bitkilərdə məhsuldarlıq göstəriciləri, digər aqrotexniki şərtlər sabit qalmaqla, daha yüksək olur. Qar həm də vegetasiya dövrünün daha sağlam başlanmasına zəmin yaradır.
– Qar torpağı şaxtadan qoruma baxımından nə dərəcədə əhəmiyyətlidir?
– Qar örtüyü torpaq üçün təbii istilik izolyatorudur. Onun istilik keçiriciliyi aşağı olduğuna görə qar təbəqəsi torpaq səthində temperaturun kəskin enməsinin qarşısını alır. Hava temperaturu çox aşağı düşdükdə belə, qar örtüyü altında torpağın temperaturu nisbətən sabit qalır. Bu xüsusiyyət payızlıq bitkilərin, çoxillik əkinlərin və meyvə ağaclarının kök sisteminin donmadan qorunmasında mühüm rol oynayır. Eyni zamanda qar torpaqda bioloji proseslərin tam dayanmasının qarşısını alır və yaz mövsümündə torpağın daha tez aktivləşməsinə şərait yaradır. Ümumi olaraq bol qar yağan illər su ehtiyatlarının formalaşmasına, su balansının qorunmasına, torpaq rütubətinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsinə müsbət təsir göstərir. Qar örtüyü həm hidroloji sistemin, həm də aqrar ekosistemin dayanıqlığının təmin olunmasında mühüm amildir.
– Müsahibə üçün sağ olun.
Günay HACIYEVA
Digər xəbərlər