Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Xalq – ordu birliyinin “dəmir yumruğ”unun düşmənin başında şimşək kimi çaxıb onu darmadağın etməsi ilə qazandığımız qələbədən sonra dövlətimizin qarşısında dayanan əsas vəzifələrdən biri də illərdir, düşmən tapdağında xarabaya çevrilən yurd-yuvamızın bərpa edilməsi oldu. El-obamızın hər qarışını gülüstana çevirib yenidən öz sakinlərinə qucaq açması həm hər birimizi sevindirdi, həm də dövlətimizin gücünün yenidən nümayişi oldu. Artıq beş ildir ki, davam edən quruculuq işlərini öz yurduna qayıdan insanlar üçün yaradılan şəraiti bütün Azərbaycan xalqı görür və öz dövləti ilə qürur duyur. Biz hər kəsə sübut edirik ki, torpaqlarımızı işğaldan azad etdiyimiz kimi onu qurub yenidən gülüstana çevirməyi də bacarırıq. Həm də çox qısa bir müddət ərzində. Bu real bir faktdır ki, müharibədən yeni çıxmış bir dövlətin ayağa qalxmağı zaman tələb edir. Amma buna baxmayaraq, beşillik qısa zaman kəsiyində azərbaycanlılar sübut etdi ki, bir ölkənin Vətəninə aşiq olan, onu ürəkdən sevən bir lideri və ona dayaq olan xalqı varsa o hər sahədə qalibdir. Bəli, biz bunu hər sahədə sübut etdik. Ölkə başçısına inanıb böyük qayıdışa da nail olduq. Artıq beş ildir ki, hər gün yurduna qayıdan Ağdam, Xocalı, Zəngilan, Şuşa sakinlərinin sevincinə şərik olur, ölkə başçısının işğaldan azad edilən ərazilərə etdiyi səfərləri qürurla izləyirik.
Onun bölgəyə etdiyi hər səfər yeni təməlqoyma və açılış mərasimləri ilə yadda qalır. Bu gün Ağdam və Xocalı rayonlarında olarkən açılış mərasimlərində iştirak edən ölkə başçısı bir daha hər kəsə biz qurub yaradanıq və bu torpaqların əbədi sahibiyik mesajını verdi.
Böyük Qayıdışın ayaq səsi Ağdamda da duyulur
Torpaqlarımız işğaldan azad edildikdən sonra kənd və şəhərlərimizə vurulan ziyanın miqyasını görmək üçün təkcə Ağdam rayonuna baxmaq kifayət edərdi desək, yanılmarıq. Hər qarışına mina döşənən Ağdamda, demək olar ki, salamat bir tikili görmək mümkün deyildi. Ölkə başçısının da dediyi kimi: “Buradan sanki vəhşi bir qəbilə keçmişdi”. Xarabaya çevrilən Ağdam 29 il Qafqazın Xirosima adını qazanmışdı. Vətən savaşında bir güllə belə atılmadan azad edilən rayon dövlətimizin diplomatik masadakı qələbəsi idisə, ötən illərdə rayonda aparılan minatəmizləmə və quruculuq işləri dövlətimizin daha böyük bir qələbəsi də hesab edilir. Böyük Qayıdışın ayaq səsləri Ağdamda da eşidilir. Cari ilin may ayında rayonun Kəngərli kəndinə qayıdan sakinlərlə görüşündə ölkə başçısı deyib: “Bütün bu əzablı illər arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi – hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Mən göstəriş vermişəm, sakinlərə torpaq sahələri də veriləcək. Həyətyanı sahə də 12 sotdur. Orada da əkib-becərmək mümkündür. Yəni həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Biz bunun şahidiyik”.
Bəli, biz bunun şahidi olduq. Evinə qayıdan hər kəs bunun şahidi oldu. Yuvasına qayıdan insanların işlə təmin olunması üçün mühüm addımların atıldığı Ağdamda bu gün Prezident İlham Əliyevin iştirakı ilə “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışı olub. Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb. Bu Sənaye Parkının gələcəkdə yerli sakinlərin məşğulluğunun təmin olunmasında xüsusi yerə sahib olması üçün lazımi işlər görülür.
Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və bu sahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. Həmin gün ölkə başçısı 2021-ci il mayın 28-də təməlini qoyduğu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində inşa edilən hər bir şəraitə malik Ağdam şəhər 1 nömrəli məktəb binasının və Ağdam şəhərində yerləşən 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Hər iki təhsil müəssisəsinin binasında gələcəyimiz olan uşaqların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb.
Ağdam rayonuna səfəri çərçivəsində ölkə başçısı rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib.
Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb. Məscidin bərpası Heydər Əliyev Fondu tərəfindən aparılıb. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.
Xocalı ədaləti gördü və yaşayır
İşğal edilən hər qarış torpaq üçün sevincimiz göz yaşına dönüb yanağımıza süzülmüşdü. Hər kənd, hər şəhər azad olanda ruhumuz göylərə ucalıb, Tanrıya minnətdar olmuşdu. Amma Xocalı azad olanda hiss etdiklərimiz yerə-göyə sığmamışdı. Çünki Xocalı bu xalqın qəlbinə nizə kimi batmışdı illərlə. Qəlbimizin qanayan yarası həmin gün sağalmağa başlamışdı. “Xocalı azaddır”, – deyiləndə. İllərdir, yol gözləyən narahat ruhlar da şad olmuşdu. Artıq iki ildir ki, daha qan ağlamır Xocalı, dirçəlir, gül çiçəyə bürünür. İgid oğulların azad etdiyi Xocalı qoçaq oğullarının əlləri ilə abadlaşır. Həmin abadlaşan yurd yerlərindən biri olan Xocalının Təzəbinə kəndində iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan zaman kənd sakini Məhəmməd Fərəcovun evinə baş çəkəndə ev sahibinin gözlərindən oxunan ifadə həm Müzəffər Ali Baş Komandana, həm də əziz şəhidlərin ruhuna minnətdarlıq idi.
Ölkə başçısının kəndlə tanışlığı zamanı qeyd olundu ki, 2025-ci ilin sonunadək burada, ümumilikdə, 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə – 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.
Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı inşa edilir.
Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndinə qayıtmış sakinlərlə görüşüb, kənd sakinləri Rasim Cavadovun və Kərəm Abbasovun evlərində olub. Səmimi söhbət zamanı sakinlər ölkə başçısına təşəkkür edib. Dövlət başçımız sakinlərə xoş arzularını çatdırıb deyib: “Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız – çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”.
Qeyd edək ki, Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir. Kənddə 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə, 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
Hazırda kəndin sosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruri işlər görülür. 14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa edilib, sayğaclaşdırma prosesinə başlanılıb, 10 kilometrdən çox uzunluğu olan təbii qaz xətti çəkilib, 4 kilometr uzunluğunda mövcud xətt bərpa olunub, artezian quyusu, həcmi 400 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 10,4 kilometr uzunluğunda rabitə xətti çəkilib, abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunub. İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb. Ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlı hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulan bina əsaslı təmir edilir. Kənddə bir hektar sahədə istirahət parkı salınıb.
Xocalı rayonuna səfər zamanı Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib. Rayonun Daşbulaq kəndində inşa olunan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.
Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur.
Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb.
Vətən savaşındakı qələbədən beş il keçməsinə baxmayaraq, biz xalq olaraq birləşib öz gücümüzü bir daha dünyaya nümayiş etdirdik. Şuşa, Laçın, Xocalı və Ağdamda yanan ocaqlar, eşidilən körpə səsi, toy mağarından ucalan musiqi, muğamın Cıdır düzünə yayılan sədası bir daha sübut etdi, bu xalq bir ovuc torpağı tonlarla qızıldan üstün bilir. Və bütün dünya gördü ki, biz bu torpaqların əbədi sahibiyik, biz qurub yaradanıq
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər