NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Biz öz torpaqlarımızın sahibiyik

...

Biz öz yurdumuza qayıtdıq 

Hər dəfə xəbər saytlarında, televiziyalarda ilk xəbər olaraq Laçına Zəngilana, Şuşaya, Cəbrayıla, Xocalıya növbəti köç karvanı yola salındı xəbərini izləyir və uzun illər cəbhə bölgəsində birlikdə yaşadığım insanları xatırlayıram: onlar bir neçə dəfə o rayondan bu rayona, bu kənddən başqa kəndə köçmüşdülər. Müharibə başlayanda yaşadıqları kənd-şəhərlər işğal edilən gün güllə yağışı altında yığmışdılar ev-eşiyi. Birini götürüb beşini götürə bilməmişdilər zəhmətlə alıb yığdıqları əşyalarını. Kimi isə ancaq quru canını götürüb çıxa bilmişdi düşmənin yağış kimi yağan güllələrinin əlindən. Kimisi isə evinin qapısını bərk-bərk qıfıllayıb açarlarını özü ilə götürmüşdü. Bir gün qayıtmaq ümidi ilə. Qayıtdılar, çünki onlar öz ordusuna, Ali Baş Komandanına inanırdılar. Əmin idilər, sandıqda ən dəyərli əşya kimi saxladıqları açar bir gün gələcək öz evlərinin qapısında paslanan qıfılı açacaq. Elə də oldu. Azərbaycan Ordusu Zəfər yürüşünü Şuşada, Laçında tamamlayıb xalqına sonsuz sevinc yaşatdı. Bu gün Laçın Beynəlxalq Hava Limanına enən təyyarədə “Qarabağa xoş gəlmisiniz!” sözlərini eşitmək qədər qürurverici heç nə ola bilməz bizim üçün. Bəli, Laçına həyat qayıdıb, doğma insanların səsi, uşaqların gülüşü qayıdıb. Biz dövlət başçısının verdiyi hər vədə əməl etdiyimiz kimi, “Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə, Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik” sözlərinə də ürəkdən inanıb Laçına qayıtdıq. 

Laçın laçın çağlarına geri dönür

Azərbaycan tarixində xüsusi yerə malik Laçın şəhəri işğaldan azad edildiyi gündən şəhərdə abadlıq-quruculuq işlərinə başlanıldı. Ölkə başçısı buraya etdiyi səfərlərdə laçınlılara tezliklə öz yurdlarına qayıdacağı müjdəsini verdi. Bu gün Laçın, sözün əsl mənasında, laçın çağlarına geri dönür. Ərazidə aparılan geniş tikinti-bərpa işləri nəticəsində Laçın gündən-günə abadlaşır. Statistik məlumatlara görə, erməni işğalından öncə Laçın şəhərində inzibati binalardan başqa, 2020 fərdi ev, 28 ümumi yaşayış binası olub. Təəssüf ki, işğal zamanı erməni vandalizmi nəticəsində 1500-dən artıq ev tamamilə dağıdılıb, təbiət isə ekoloji terrora məruz qalıb, bir çox abidə məhv edilib. 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusuna məğlub olan düşmənin əsl üzünü Laçına daxil olanda gördük. Şəhər dağıdılmış, tarixi abidələr yerləyeksan olmuşdu. Laçın əsl sahiblərinin nəzarətinə keçdikdən sonra isə artıq burada geniş tikinti-bərpa işlərinə başlanıldı. Laçın şəhərində doqquz içməli su anbarı, üç yağış sularının toplanması anbarı, bir çirkab suların təmizlənmə qurğusunun tikintisi aparıldı. Həmçinin bərpası mümkün olan evlər əsaslı təmir olundu. Müasir memarlıq üslubuna uyğun olaraq xalq memarlığı da qorunmaqla müxtəlif dizaynlı dekorasiya işləri aparıldı. Evlərin əsaslı təmiri ilə yanaşı, həyətyanı sahələrin abadlığı, landşaft işləri paralel yerinə yetirildi. İşğal zamanı ekoloji terrora məruz qalan Laçın şəhərinin yaşıllıq zolaqları da bərpa edildi. Şəhər ərazisində yeni parklar salındı, iqlimə uyğun yeni ağac və bitkilər əkildi. Həyətyanı sahələrdə damcı-suvarma sistemi quraşdırıldı. Yol infra­strukturu quruldu. İş yerlərinin yaradılması məqsədilə istehsal müəssisələrinin tikintisi, o cümlədən əhalinin məşğulluğu üçün müxtəlif müəssisələrin açılması istiqamətində işlər görülüb. Sürətlə həyata keçirilən işlər Laçının doğma sakinlərinə tezliklə yenidən qucaq açmasına imkan yaratdı. Bunu bütün xalq görür və hamılıqla sevinirik ki, laçınlılar daha yurd həsrəti çəkməyəcəklər. Vaxt gəlib çatdı, laçınlılar öz yurduna qayıtdı. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi yenidən quruldu. Biz yurdumuzu, bərpa etdik. 

MDB-nin mədəniyyət paytaxtı – Laçın

Laçın təkcə öz sakinlərinə qucaq açmadı, o həm də 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edildi. Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biri oldu. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nüma­yəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib. Bu tədbir təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm hadisə hesab olunur. Bu təşəbbüs mədəni əməkdaşlığın genişlənməsinə, həmçinin azad edilmiş ərazilərin dirçəlişinə töhfə verməklə yanaşı, Laçının zəngin mədəni irsinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin gün bir çox mədəniyyət xadimlərinin tədbirdə iştirak etməsi Laçının Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsinin bariz nümunəsi kimi dəyərləndirilir. 

Laçın quşu qanad saxlar bu yerlərdə

28 il Həkəri çayı lal axdı, xınalı qayalarının xınası soldu Laçının. Sarı Aşığın sazından qəm-qüssə sədaları gəldi. Ürəyi sazlı, sözlü laçınlılar dağlıq, meşəlik yerləri Laçına bənzətdi, ağı deyib ağladı. Amma heç bir dağ-dərə Laçının əvəzi ola bilmədi. Bir vaxtlar Rəşid Behbudovun səsindən can alan “Laçın” xalq mahnısı 28 il həsrət nəğməsinə çevrilmişdi. Bu mahnı hər dəfə səslənəndə bağrımız göynədi, gözlərimiz doldu. Laçınlı xanəndə Məhəbbət Kazımov isə ömrünün sonuna kimi ürəkağrısı ilə “Laçınım”, – dedi. Laçın işğaldan azad ediləndən sonra “Laçınım” mahnısının sədaları Laçın dağlarında əks-səda verəndə ürəyimiz o dağların buz bulaqları kimi sərinlədi. Həmin kadrları seyr edəndə illər öncə yaşadığım Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşan 

        Laçın bir quş olaydı,
        Uçub bağa qonaydı,
        Son nəfəsim verəndə, 
        Mənə sirdaş olaydı.

deyə-deyə dünyadan köçən laçınlı Alimə xalanı xatırladım. Öz-özümə dedim ki, daha bitdi bu həsrət, əbədiyyən bitdi. Bundan sonra Həkəri daha gur axacaq, yazı da, qışı da bizim olacaq Laçının. Bu gün təkcə laçınlılar deyil, bütün Azərbaycan daha həsrətlə yox, sevinclə “Laçınım”, – deyir. Laçın laçın vaxtlarına ­qayıdır.     

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 02.08.2025 17:30