NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Biz müstəqilik, biz qalibik, biz suverenik!

...

Azərbaycan xalqı dünyanın yeganə xalqlarındandır ki, bütün meydanlarda igidliyini, mərdliyini ortaya qoyur, müharibədə, döyüşdə belə humanistliyini qoruyub saxlamağı yaxşı bacarır. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində çarəsiz vəziyyətə düşən düşməninə əl uzadan, halına acıyan, sülhsevər, yardımsevər olduğunu sübut edən xalqımızın qəhrəman nümayəndələri 2023-cü ilin sentyabr ayında hərb tarixinin ən qısa, sərrast, adil əməliyyatını reallaşdırmaqla regionda ədalətli nizam yaratdılar, mühüm şanlı tarix yazdılar. Və beləliklə, Azərbaycan dövləti bütün ərazisində öz suveren və konstitusion hüquqlarını tam bərpa etdi. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla bu şanlı tarix əbədiləşdirildi, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi. Bir neçə ay sonra, daha dəqiq desək, 2024-cü il dekabrın 28-də isə Prezident İlham Əliyevin imzaladığı növbəti Sərəncama əsasən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Nəzərə alsaq ki, konstitusiya və suverenlik anlayışları dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır, o zaman tarixi zəfərin 5-ci ilini nəzərdə tutmaq baxımından bu Sərəncamın əhəmiyyəti daha aydın, daha bariz şəkildə özünü göstərir. Sərəncamda deyilir: “2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir”.

    Hərb tarixinin ən sərrast, ən adil əməliyyatı 

Vətən müharibəsində məğlubiyyətini Rusiyanın iştirakı ilə üçtərəfli Bəyanatı imzalamaqla rəsmləşdirən Ermənistan çox keçmədi ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı. Qarabağdakı separatçı qüvvələr törətdikləri təxribatlara qarşı Azərbaycan Ordusundan dəfələrlə aldıqları zərbələrdən dərs çıxarmaq əvəzinə gün ötdükcə daha da azğınlaşıb, daha da quduzlaşdılar. Hər dəfə bir bəhanə, bir oyunla həm yerli, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa, mənasız yerə vaxt uzatmağa çalışdılar. Gah humanitar məqsədli “Laçın” dəhlizindən çirkin hərbi-siyasi məqsədlər naminə istifadə edərək müxtəlif diversiya qrupları ilə təxribatlara əl atdılar, ərazilərimizi minalayaraq onlarla günahsız insanın həyatına son qoydular, gah “məsumluq” donuna bürünərək yalandan aclıq aksiyasına qalxıb haray-həşir qopardılar, gah da “Spayka” şousu göstərərək BMT-də, Xankəndidə heç bir hüquqi əsası olmayan qondarma prezident seçkiləri keçirməklə dünya ictimaiyyəti qarşısında özlərini rəzil vəziyyətə saldılar. Ancaq qalib Azərbaycan liderinin siyasi iradəsi, müzəffər Ordumuzun qüdrəti qarşısında bütün çirkin siyasi, diplomatik gedişlər, hərbi hiylələr iflasa uğradı, qurulan oyunlar acı məyusluqluğa, məğlubiyyətə düçar oldu. 
Beləliklə, 2023-cü il sentyabrın 19-20-də 24 saata yaxın zaman çərçivəsində reallaşdırılan antiterror tədbirləri ilə məzmun və mahiyyətinin zərrə qədər dəyəri olmayan, mənfi obrazlarla zəngin, cəfəng fikir və düşüncələrdən yoğrulan 30 illik uydurma erməni nağılı, nəhayət ki, həmişəlik bitdi. Birliyin, həmrəyliyin gücü, “dəmir yumruğ”un möhtəşəm təntənəsi ilə əzəli yurdumuz Qarabağın hər qarışında separatizmin kitabı bağlandı, erməni mərəzinin kökü kəsildi. Prezident İlham Əliyevin Dövlət Suverenliyi Günü ərəfəsində – bu il sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə dediyi kimi: “İkinci Qarabağ müharibəsindən sonra artıq bizim şanlı Zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin Azərbaycan qanunlarına tabe olun, gəlin Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm siyasi təxribatlar, yekəxanalıq və faktiki olaraq mənfi münasibət özünü göstərdi. Ona görə 19-20 sen­tyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik”.
Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamaya görə antiterror əməliyyatı zamanı cəmi bir gün ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək ordumuzun tam nəzarəti altına alınıb. Bölmələrimizin dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edilib. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18 min 664 atıcı silah düşməndən müsadirə edilərək götürülüb. Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla, 13 istiqamətdə həyata keçirilib. Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefi də nəzərə alınaraq bölmələrimiz, əsasən, kiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli   hərəkəti təmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb.
Bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 kilometr irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra edib. Ümumilikdə, onu vurğulamaq olar ki, Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib. Antiterror əməliyyatına dair açıqlanan bu faktlar da bir daha müharibədən sonra ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə reallaşdırıldığını və xalqımızın qələbə əzminin, “dəmir yumruğ”un yenilməzliyinin sarsılmaz olduğunu bütün dünyaya sübut etdi.

    Tarixi zəfəri taclandıran misilsiz hərbi nailiyyət

Müzəffər Ordumuzun yüksək peşəkarlığının ən bariz göstəricisi sayılan lokal xarakterli antiterror tədbirləri ilə Ağdərə, Xocavənd, Xocalı və Xankəndi separatçı rejimin tör-töküntüsündən təmizləndi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. Qarşı tərəfin provakasiyalarına baxmayaraq, bir mülki şəxsin belə xəsarət almadığı əməliyyatla Azərbaycan Ermənistana növbəti dəfə humanistlik dərsi keçdi. Əzəli torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının qaldırıldığı gün – oktyabrın 15-i isə ikiqat mühüm an kimi tarixə düşdü. Həmin gün yaşanan bu böyük xoşbəxtlik 100 illiyi qeyd olunan Ümummilli   Lider Heydər Əliyevin əsasını qoyduğu yolun təntənəsi, hakimiyyətə gəlişinin 20 ili tamam olan Prezident İlham Əliyevin qalib lider kimi xalqına siyasi fəaliyyətinin ən böyük yubiley hədiyyələrindən oldu. Xankəndidə Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edən ölkə başçısı məhz bu məqama toxunaraq dedi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Antiterror tədbirləri sayəsində vaxtilə soydaşlarımızın ölümünə fərman verən, xalqımıza hədə-qorxu gəlməyə çalışan qondarma rejimin dırnaqarası “prezidentləri”,  “nazirləri”, “generalları” da qandallanıb dəmir barmaqlıqlar arasına salındı. Bir vaxtlar Bakıda çay içmək arzusu ilə yaşayan, xəbərdarlıqlara məhəl qoymayan separatçılar indi istintaq təcridxanasında “pürrəngi” çaydan içib, dizlərini qucaqlayaraq ədalət məhkəməsinin qərarını gözləyirlər. Bəli, Azərbaycan öz gücü hesabına beynəlxalq təşkilatların etməli olub edə bilmədiklərini etdi, mövcud tarixi ədalətsizliyə son qoydu, haqq işığını yandırdı. Ən qısa vaxtda, minimum itki ilə dünya hərb tarixində mühüm örnək sayılan bu əməliyyat müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsindən sonra qüdrətinin və döyüş təcrübəsinin daha da artdığını sübut etdi. Heç bir kənar müdaxiləyə yol verilmədən aparılan antiterror tədbirləri, eyni zamanda qalib liderin uğurlu diplomatiyasının, siyasi qətiyyətinin bariz ifadəsinə çevrildi. Azərbaycan özü bütün ərazisində beynəlxalq ədaləti, eyni zamanda da konstitusion hüquqlarını, suverenliyini tam təmin etdi. Antiterror tədbirlərində qazanılan qələbə həm də böyük qələbəni taclandıran, qiymətini, dəyərini daha da artıran misilsiz hərbi nailiyyət kimi müasir tariximizə düşdü. Beləliklə, 30 illik Xocalı, Xankəndi, Xocavənd, Ağdərə həsrəti də sona yetdi, əzəli yurdularımıza əbədi bahar, əbədi həyat qayıtdı.
2023-cü ilin sentyabrın 19-20-də reallaşdırılan antiterror tədbirlərindən iki ay keçməmiş 8 noyabr – Zəfər Günündə qədim Azərbaycan torpağı Xankəndidə keçirilən paradla həm də Ali Baş Komandanın bir neçə il öncə, daha dəqiq desək, 2018-ci ildə Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda verdiyi vədin əməli təntənəsini yaşadıq. Bəli, Azərbaycan xalqı həm Vətən müharibəsi, həm də lokal xarakterli antiterror tədbirləri ilə çoxəsrlik tarixində bənzəri olmayan tarixi, misilsiz, mütləq Qələbə qazandı. Müzəffər liderin bu il sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə dediyi kimi: “2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün –  heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq”.
Tarixi zəfərimizin 5-ci ildönümü ərəfəsində, Dövlət Suverenliyi Günündə böyük fəxrlə, qürurla, qətiyyətlə deyirik: Biz müstəqilik, biz qalibik, biz suverenik. Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan, eşq olsun müzəffər Ordumuza, eşq olsun qalib xalqımıza! Dövlət Suverenliyi Günümüz Mübarək!

Nail ƏSGƏROV
 

Nəşr edilib : 19.09.2025 23:47