Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Yanvarın 5-də Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına artıq ənənəvi olaraq səciyyələndirilə biləcək müsahibəsi bir çox baxımdan həm ötən il ərzində Azərbaycanın dünya səviyyəsində qazandığı uğurların, əldə etdiyi inkişafın, beynəlxalq mühitdə çatdığı diplomatik zirvənin yenidən nəzərdən keçirilib xatırladılması, həm də ölkənin gələcək inkişaf perspektivlərinin, hədəflərinin ictimaiyyətə bəyan edilməsi baxımından olduqca əhəmiyyətli və maraqlı nüanslarla zəngin oldu. Əlbəttə ki, ötən ilin ən böyük diplomatik qələbəsi Ermənistanla sülh müqaviləsini paraflanması, artıq sülh şəraitində inkişafa nail olunması və bu istiqamətdə əldə edilən digər uğurlar müsahibənin əsas mövzusu və diqqətçəkən tərəflərindən oldu.
Hər birimizə bəllidir ki, 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. İndi isə xalq olaraq sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşayıb. Ötən ilin avqustunda isə bu müharibənin, belə demək mümkündürsə, soyuq mərhələsinə də son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq qələbəyə siyasi müstəvidə də möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq.
Təbii ki, uzun illər arzusunda olduğumuz Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün – 8 avqust tarixdə reallaşdı. Beləliklə, Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər cənab Prezidentin istədiyi kimi, onun diplomatik gücünün təzahürü ilə öz həllini tapdı.
Məlum olduğu kimi cənab İlham Əliyevin gərgin əməyinin nəticəsi olaraq Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Bunu ötən ilin beynəlxalq tədbirlərində iştirak, ölkə başçısının xarici ölkələrə səfərləri kontekstində daha aydın görmək mümkündür. Məhz bu istiqamətdən yanaşaraq cənab Prezident öz müsahibəsində bu mövzuya da xüsusi yer ayırdı.
Çinlə olan strateji tərəfdaşlığımız, ölkə başçısının bu ölkəyə dövlət səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması kifayət qədər böyük uğurdur. Çin dünyada aparıcı ölkələrdən biridir və qarşılıqlı əlaqələrin inkişaf etdirildiyi bu siyasi platforma dövlət başçısının uğurlu diplomatiyasının təzahürüdür.
Digər tərəfdən, Azərbaycan D-8 təşkilatına üzv oldu. 30 ilə yaxındır ki, yaradılan və bu günə qədər yeni üzv qəbul etməyən təşkilata yeganə yeni üzv Azərbaycan oldu. Müsəlman dünyasının ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çox olan ən böyük ölkələrini birləşdirən bu təşkilatın Azərbaycanı seçməsi böyük uğur sayılmalıdır.
Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi də ötən ilin ən böyük uğurlarından biri olmaqla ölkəmizin etibarlı strateji tərəfdaş imicinin və qalib liderin praqmatik yanaşmalarının uğurlu təzahürüdür. Azərbaycan Cənubi Qafqazda yerləşsə də, Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda kifayət qədər sıx əlaqələr qurduğundan ölkəmizin tamhüquqlu üzv seçilməsi qərara alınıb. Bu amilin özü də böyük siyasi və diplomatik uğurdur.
Prezident cənab İlham Əliyevin öz müsahibəsində də qeyd etdiyi kimi: “Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır”.
Beləliklə, Çin və Orta Asiya ölkələrindən gələn yüklər də Zəngəzur dəhlizi boyunca hərəkət edəcək. Bu amil, birinci növbədə, Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, eyni zamanda beynəlxalq nəqliyyat dəhlizi kimi vacibdir. Layihə tam başa çatandan sonra həm Şərq-Qərb, həm Şərq-Cənub, həm də Şimal-Cənub yolunun bir qolu olacaq. Bu eyni zamanda Orta Dəhlizin də ikinci yolu olacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Bunun əsas istiqamətverici tərəfi isə, əlbəttə ki, Azərbaycan və onun qalib lideridir.
Müsahibədə Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Araz çayı üzərində inşa edilən körpü haqqında da danışan cənab İlham Əliyev bildirdi: “Yəni bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə, əslində, iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi – Ermənistan üzərindən, biri isə Araz dəhlizi – İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik”. Göründüyü kimi, artıq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Cənab Prezident uzaqgörən siyasi səriştəsi ilə faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirir.
Bununla da Ermənistan indiki dalan vəziyyətindən çıxa biləcək, Azərbaycanla Ermənistan arasında yollar açılacaq, Türkiyə ilə Ermənistan arasında yollar açılacaq, Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək.
Cənab Prezidentin müsahibəsində toxunduğu əsas məqamlardan biri də Azərbaycanın regional süni zəka qovşağına, İT mərkəzinə çevrilmək hədəfidir. Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərin təlimi ilə bağlı planlar və artıq icra olunmuş layihələr Azərbaycanın süni zəka və İT üçün bir haba çevrilməsi strategiyasının uğurla reallaşmasının göstəricisidir.
Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmədiyi bir dövrdə Azərbaycan beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur. Amma buna baxmayaraq, İkinci Qarabağ müharibəsindən keçən beş il müddətində bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatların yeni reallıqları qəbul etdiyini aydın şəkildə görürük. Artıq sülh dövrüdür, quruculuq dövrüdür. Bir neçə ay əvvələdək bunu, bəlkə də, axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Bu reallıqları isə Prezident cənab İlham Əliyev yaratdı.
Cənab Prezidentin də müsahibəsində dediyi kimi: “Beynəlxalq hüquq pozulanda güclü olan haqlıdır. Bu bizim seçimimiz deyil. Biz hər zaman həqiqətə sadiq olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə əsaslanıb”.
Məmməd BABABYEV
Digər xəbərlər