NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Biz buradayıq, qədim Azərbaycan torpağı olan Xankəndidə

...

Yenə həmin gün gəldi, Xankəndi Şəhəri Günü. İllərlə həsrətlə gözləmişdik bu günü. İllərlə xanın kəndi düşmənin vəhşiliyi ilə dağıdılmış, milli kimliyimiz, tariximiz dəyişdirilməyə çalışılmışdı. Amma düşmən nə qədər çalışsa da, hətta sovet dönəmində şəhərin adı qan­içən Stepanın adı ilə adlandırılsa belə, tarixi köklər “Mən azərbaycanlıyam”, – deyir, haray salırdı. “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, – deyən dövlət başçısı 44 günlük savaşda göstərdiyi səbir və iradəni antiterror əməliyyatında da göstərdi və cəmi 23 saatda ordumuz öz işinin öhdəsindən yenə layiqincə gəldi. Bəli, Azərbaycan dövləti özü “dəmir yumruğ”unu lazım gələn yerdə düşmənin başına çaxır və ona bu yerlərin əbədi sahibinin kim olduğunu sübut edir. 2023-cü il sen­tyabrın 19-20-də Azərbaycan üçtərəfli Bəyanatın müddəalarını təmin etmək, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə Ermənistan silahlı qüvvələrinin terror birləşmələrini tərk-silah etməyi vacib saydı. Və məhz buna görə onların hərbi infrastrukturunu zərərsizləşdirmək, konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Və biz xalq olaraq 44 gündə ordumuzla qürur duyduğumuz kimi sentyabrın 19-da baş tutan və cəmi 23 saat 43 dəqiqə ərzində uğurla başa çatan anti-terror əməliyyatında iştirak edən hərbçilərimizlə də qürur duyduq. 
Həmin gün bir daha sevinc yaşadıq. Vətənimizin suverenliyi bərpa edildi və bir daha sübut etdik ki, cənab Prezidentin dediyi kimi “Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz”. Xankəndi işğaldan azad edildikdən sonra burada keçirilən zəfər paradı  30 il davam edən işğal dövrünün əsas hədəfi olan “Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışının artıq reallığa çevrildiyini bir daha sübut etdi. Ordumuz, milli birliyimiz və Ulu Öndər yolunun davamçısının siyasəti ilə qələbə bayrağı ilə bəzənən Xankəndi qələbənin simvoluna çevrilib. Bir vaxtlar buranı özünə paytaxt edən separatçı rejimin nazirləri isə öz istəklərinə uyğun olaraq Bakıda çay içir. Dövlət başçısının da dediyi kimi: “Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik”.
Nüfuzlu tədbirlərə ev sahibliyi edən Xankəndidə son iki ildə aparılan quruculuq işləri şəhərin tarixinin yeni səhifəsini yazır. Bu qədim Azərbaycan torpağının ev sahibliyi etdiyi tədbirlər qlobal siyasi gündəmdə təkcə mühüm beynəlxalq hadisə deyil, eyni zamanda Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan bir şəhərin dirçəlişinin rəmzidir. Artıq bu cənnətməkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır. Qələbədən sonrakı son beş ilin qürurverici hadisələrindən biri azadlığına qovuşmuş torpaqlarımızın beynəlxalq tədbirlər üçün uyğun və ideal məkan olmasıdır. 
Həmin görüşlərdən birində dövlət başçısının çıxışında “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti hər birimizin qəlbində qürur hissi yaratdı. Yaxın günlərdə Prezident İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etməsi də bir daha sübut etdi ki, Qarabağ Universiteti Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri olacaq və gələcəyin peşəkər kadrlarını yetişdirəcək. 
Bu dünyada heç bir qüvvə ürəyi Vətən eşqi ilə dolu əsgərin və ömrünü xalqına həsr etməyə and içmiş bir Sərkərdənin qarşısında dayana bilməz. Necə ki bu xalqın qarşısında dayana bilmədilər. Biz öz torpaqlarımızı azad edib ona sahib çıxdıq. Ən qürurverici hal isə ondan ibarətdir ki, bu torpaq uğrunda canından keçənlərin sırasında ömrünün ən gözəl illərini Vətənə həsr edən gənc hərbçilər var idi. Onlar gənc ömürlərini Vətənə qurban verməklə bu dövləti özləri ilə yaşıd gənclərə əmanət etdilər. Bu gün həmin gənclərin səsi Xankəndidən, Qarabağ Universitetindən gəlir. İşğaldan azad edilmiş Xankəndidə yaradılan bu təhsil ocağını ən yüksək bal toplayaraq seçən gənc də bu torpaq üçün döyüşməyə və can verməyə hazır olan gənc qədər vətənpərvərdir. Məhz buna görə bu torpaq əbədi olaraq bizim olacaq. Çünki bizim damarımızdan qanla birlikdə   Vətən sevgisi axır. 

 Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 20.09.2025 10:50