Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Payızın sərin nəfəsi Naxçıvanın üzərinə yayılmışdı. Səhər erkən yola düşəndə havada qəribə bir sakitlik var idi, elə bil, təbiət də hələ yuxudadır. Amma biz bu sakitliyin içində bir həyəcanla addımlayırdıq, çünki bu gün yanğınsöndürənlərin peşə bayramıdır. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla 10 oktyabr Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı günü elan olunub. Biz də həmin gün bu qəhrəman insanların dünyasına birgünlük qonaq olmağa qərar verdik. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb, Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsində bir günümüzü onlarla keçirməyə razılıq aldıq.
Qapıdan içəri girəndə ilk hiss etdiyim şey nizam, sakitlik və bir az da gərgin hava idi. Dəhliz boyu yanğınsöndürən geyimləri qayda ilə asılmışdı. Hissənin rəisi, daxili xidmət polkovnik-leytenantı Mətin Muradlı bizi qarşılayarkən təmkinlə gülümsədi, “Yanğınsöndürənlərlə eyni hissi yaşamağınız üçün hər cür şərait yaradılıb”. Elə həmin günün həyəcanı bir siqnal səsi ilə başladı. Bir anda zala yayılan sərt səs bütün söhbətləri, hərəkətləri kəsdi. Hər kəs cəld ayağa qalxdı. Kimsə söz demədi, amma hamı nə edəcəyini bilirdi. Həyəcan siqnalı vurulmuşdu. Bir neçə saniyə ərzində geyimlərini geyindilər. Ağır, qalın, yanğına qarşı qoruyucu geyimlər… Kəmərlərin taxılması, dəbilqələrin bağlanması, bir sözlə, geyimləri geyinərkən çıxan səslər sanki geyimləri öz dillərində danışdırırdı… Bu səslər bir melodiyaya çevrilmişdi. Hər şey sanki saniyəölçənlə idarə olunur. Biz də bu prosesin şahidi idik. Ətrafa baxdıqca anlayırdım ki, bu peşə, sadəcə, fiziki güc deyil, dəqiqlik, refleks və ruh tələb edir. Bir neçə dəqiqə içində artıq hamı avtomobillərdə idi. Siqnal səsləri yüksəldi, qapılar açıldı. O an içimdə qəribə bir duyğu yaranmışdı. Həm həyəcan, həm də qürur… Siqnal səsi küçələrə yayılanda şəhər sanki bu səslə nəfəs alırdı. İnsanlar kənara çəkilir, yoldan baxırdı. Onlar üçün bu səs bəzən qorxunun, bəzən də ümidin səsi olur.
Biz iki yanğınsöndürmə avtomobili ilə Babək rayonunda yerləşən təlim bölgəsinə doğru yola çıxdıq. Maşının içində sakitlik idi, sadəcə, mühərrikin uğultusu və siqnalın uzaqdan gələn titrəyişi eşidilirdi. Hər kəsin baxışında eyni ifadə vardı: məsuliyyət. Kimsə danışmırdı, çünki burada hər söz saniyəyə çevrilmişdi. Təlim bölgəsinə çatanda artıq sanki film səhnəsi başladı. Binanın pəncərələrindən qara tüstü qalxırdı, havada yanıq qoxusu vardı. Bir anlıq “Bu sadəcə, təlimdir”, – deyə düşünürdüm, amma ürəyim bu fikri qəbul etmirdi. Hər şey o qədər real idi ki, sanki, doğrudan da, içəridə insanlar var, kiminsə köməyə ehtiyacı var. Komanda bölündü. Kimisi su borusunu çəkdi, kimisi alova yaxınlaşdı. Sanki bir orkestr idi bu. Hər kəs öz notunu bilirdi, heç kim səhv etmir, hər hərəkət bir planla idarə olunur. Əlindəki ağır boruyla alovun içərisinə doğru addımlayan gənc yanğınsöndürənin alnından tər axırdı, amma o, dayanmadı. Onların üzlərində qorxu yox yalnız vəzifə vardı.
Yanğınsöndürən avtomobillərinin su püskürtməsi ilə havada buxar buludları əmələ gəlirdi. Tüstü, buxar, alov, hamısı bir-birinə qarışmışdı. Hava ağır idi, nəfəs almaq çətinləşirdi. Fotomüxbirimiz Zülfüqar Qurbanlı bütün bu anları kadra alırdı. O, kameranı əlindən salmadan, bir yanğından digərinə qaçırdı. Bəzən tüstü onu ötürdü, amma o, geri çəkilmirdi. Çünki bu sadəcə, təlim deyil, həyatın özü idi. Bir anlıq alovun içindən “xəsarət alan” çıxarıldı. Hər kəs dərin bir nəfəs aldı. Hər şey sanki bir neçə dəqiqə çəkdi, amma o, bir neçə dəqiqə, əslində, bir ömürlük hiss idi. İnsan anlayır ki, yanğınsöndürən olmaq təkcə alovla mübarizə aparmaq deyil, həm də qorxunu udmaq, başqalarının həyatını özündən önə çəkməkdir.
Təlim bitəndə hər kəsin üzündə hiss, geyimlərdə su damlaları vardı. Amma onların baxışlarında bir sakitlik hiss olunurdu. O sakitlik “Biz bacardıq”, – deyən bir baxış idi. O anda anladım ki, bu insanlar hər gün, hər həyəcan siqnalında həyatla ölüm arasında incə bir cizgidə addımlayırlar. Onların alovu söndürməsi, sadəcə, bir hadisənin qarşısını almaqdan ibarət deyildi. Bu, insan həyatını qorumaq, övladları atasız, anaları övladsız qoymamaq deməkdir. Biz təkcə Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsində bir gün keçirmədik. Biz yanğınsöndürənlərin həyatına birgünlük daxil olduq, onların məsuliyyətini, qorxusunu, qürurunu, tərlərini hiss etdik. O gün bir daha anladım ki, qəhrəmanlıq bəzən sakitlikdə gizlənir. Bəzən bir siqnal səsi ilə başlayır, “Biz bunu bacardıq” cümləsi ilə bitir. Və hər dəfə bu cümlə səslənəndə, haradasa bir ailə, bir uşaq, bir həyat xilas olur.
Rafiq TƏHMƏZ
Digər xəbərlər