NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bir gülüş dünyanı dəyişdirə bilər

...

Bəzən həyat o qədər yorucu, o qədər ağır olur ki, insan, sadəcə, bir anlıq gülüşə ehtiyac duyur. Elə buna görə də dünyada bir çox insan bu günü daha əyləncəli keçirmək üçün hər il aprelin 1-ni Gülüş Günü kimi qeyd edir. Bu gün yalnız zarafat etmək üçün deyil, insanların bir-birinə sevinc bəxş etdiyi, qəlbləri bir az da yüngülləşdirdiyi bir gündür. Gülüş bəzən sözlərdən daha güclü olur. Bir təbəssüm insanın bütün gününü dəyişə, yorğunluğunu unutdura bilər. Həmin gün edilən kiçik zarafatlar, səmimi gülüşlər və xoş anlar həyatın təkcə qayğılardan ibarət olmadığını bizə xatırladır. Bəlkə də, bu günün ən gözəl tərəfi odur ki, insanlar bir anlıq da olsa uşaq kimi olur. Dostlar bir-birinə zarafat edir, ailələr birlikdə gülür, küçələrdə belə insanların üzündə təbəssüm görünür. Çünki gülüş insanları bir-birinə yaxınlaşdıran ən sadə, amma ən səmimi hisslərdən biridir. Unutmayaq ki, həyat bəzən çətin ola bilər, amma bəzən bir gülüş, bir zarafat, bir təbəssüm belə qəlbimizdə yeni ümidlər oyada bilər. Bəlkə də, elə buna görə deyirlər: “Dünyanı dəyişdirmək üçün bəzən, sadəcə, bir gülüş kifayətdir”.

Bəs niyə bu günü Gülüş Günü kimi qeyd edirik? Müxtəlif mənbələrdə fərqli səbəblər göstərilsə də, ən çox rast gəlinən məlumatlara görə, bu günün kökləri qədim Romaya, orta əsrlər Avropasına və hətta Pasxa bayramına qədər gedib çıxır. Təxminən, 2000 il əvvəl Romada bu günə bənzər bayramlar keçirilir və “Ağılsızların günü” adlandırılırdı. Daha sonra Qriqoryan təqviminə keçid zamanı yeni il martın 25-dən başlayıb aprelin 1-də başa çatırdı. Təqvim dəyişsə də, bəzi insanlar köhnə ənənəyə sadiq qalaraq bu günü zarafatlarla qeyd etməyə davam etdilər. Fransada isə əvvəllər aprelin 1-i Yeni il kimi qeyd olunur, insanlar bir-birinə hədiyyələr göndərirdilər. Bu hədiyyələrdən ən məşhuru isə təzə balıq idi. XVI əsrdə yeni ilin tarixi dəyişdirilsə də, “Aprel balığı” ənənəsi qorunub saxlanıldı və zamanla gülüş gününə çevrildi. Digər ölkələrdə, o cümlədən Rusiyada da bu gün müxtəlif tarixi hadisələr və yerli adətlər əsasında formalaşıb. Bu gün isə 1 aprel artıq bütün dünyada, o cümlədən Azərbaycanda gülüş və zarafat günü kimi qeyd olunur. İnsanlar bir-birinə kiçik zarafatlar edir, bəzən “ağ yalanlar” danışaraq qarşı tərəfin reaksiyasını gözləyirlər. Düzdür, çoxları aldanmamağa çalışır, amma yenə də hər il kimlərsə bu günün şirin zarafatlarına “qurban” olur.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 01.04.2026 09:19