NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Bilik Günündə Naxçıvan Dövlət Universitetində ilk dərs şəhid ailələri və qazilər tərəfindən keçilib

...

Universitetdə hər il keçirilən ənənəyə uyğun olaraq yeni dərs ilinə başlayan tələbələrin ilk dərs saatına şəhid ailələri və qazilər dəvət olunub və vətənpərvərlik mövzusunda çıxışlar ediblər. Onlardan biri də şəhid Aminin atası, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov olub.
Mais Gülməmmədov jurnalistlərə müsahibəsində bildirib: “Bu gün biz də şəhid ailələri olaraq dərsə girdik. Bu, artıq ənənəvi olaraq 3 ildir ki, NDU-nun "Şəhid Ailələri" İctimai Birliyi ilə birgə təşkil edilən vətənpərvərlik mövzusunda şəhid ailələri və qazilərimizin ilk dərs saatında universitetə qəbul olunmuş tələbələrlə görüşüdür. Bu tələbələrin vətənpərvərlik mövzusunda, vətənpərvərlik ruhunda daha dolğun təsəvvürləri olsun deyə, qəhrəman övladlarımızın, şəhidlərimizin həyat yolunu, həyat hekayələrini şəhid ana və atalarının dilindən eşitməsini daha məqsədəuyğun hesab etdik. Bu məqsədlə 60-dan çox şəhid ata və anası universitetin müxtəlif auditoriyalarında şəhidlərimizlə bağlı vətənpərvərlik mövzusunda dərs keçirik”.
Şəhid atası əlavə edib: “Bizim üçün böyük şərəf və qürurdur ki, tələbələrə övladlarımızın göstərdikləri qəhrəmanlıqlardan danışırıq. Qəhrəman oğullarımız olmasaydı, 44 günlük müharibədə tarixi Zəfər çalan şəhidlərimiz və qazilərimiz olmasaydı, bu gün bu cür rahat olmazdıq. Ali Baş Komandanımızın siyasəti və rəhbərliyi sayəsində qələbə çaldıq. Bu qələbəni xalqımıza, millətimizə, dövlətimizə, əsgərlərimizə, zabitlərimizə borcluyuq”.
Şəhid qardaşı, deputat Üzeyir Məmmədov da tədbirdə iştirak edib və jurnalistlərə açıqlamasında deyib:
“Artıq 3-cü ildir ki, Naxçıvan Dövlət Universitetində yaz və payız tədris ilinin ilk dərsində şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları və qazilər tələbələr qarşısında çıxış edərək vətənpərvərlik mövzusunda dərs keçir. Bu, həqiqətən də, şəhidlərimizin adlarının yaşadılması istiqamətində muxtar respublikada həyata keçirilən mühüm tədbirlərdən biridir. Bunun üçün Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə, müəllim heyətinə və tələbələrinə öz təşəkkürlərimi bildirirəm.
Doğrudan da, bu gün tədrisdən öncə keçirilən iclasda biz şəhid valideynlərinin və ailələrinin, qazilərimizin üzlərindəki qüruru, sevinci, fəxarəti gördük. Bu onlar üçün verilən böyük mənəvi dəyərdir. Tədris prosesində isə şəhid valideynlərinin öz övladlarına aşıladıqları vətənpərvərlik ruhunu tələbələrə ötürməyə çalışdıqlarının şahidi olduq. Tələbələrin də dərs prosesinə müsbət yanaşmaları, gələcək həyatlarında bu görüşlərin onlara stimul olacağına inam yaradır. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə cansağlığı versin”.
Universitetin Sosial məsələlər və icitmaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov da tədbirə münasibət bildirib: “Yeni qəbul olunmuş tələbələrlə ilk dərslərin şəhid ailələri və qazilər tərəfindən keçirilməsi, təbii ki, təsadüfi deyil. Bizim bu gün sabit və suveren dövlətdə yaşamamızda Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin və qazilərimizin əvəzsiz rolu vardır. NDU-da hər zaman tələbələrin elm-təhsil fəaliyyəti ilə yanaşı, onların bir vətəndaş kimi böyüməsi, keyfiyyətli kadr və yaxşı vətəndaş kimi formalaşması məqsədilə bu kimi tədbirlər həyata keçirilir. Bu gün keçirilən görüş də həmin tədbirlər silsiləsindən biridir”.
Qeyd edək ki, bu gün 60-dan artıq şəhid valideyni və qazi Naxçıvan Dövlət Universitetində olub, auditoriyalarda tələbələrlə görüşərək qəhrəman şəhidlərimizin həyat yolundan, onların göstərdiyi igidliklərdən danışıblar.

 Elnurə CƏFƏROVA

Nəşr edilib : 15.09.2025 21:26