Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Səhərin sehrli nəfəsi
Sentyabrın 15-i hər evə, hər ürəyə, hər məktəb həyətinə özünəməxsus bir sehr gətirir. Payızın sərin nəfəsi ilə qarışan uşaq gülüşləri, müəllimlərin dərin baxışları, valideynlərin qayğılı addımları, qısaca olaraq bu günün ab-havasını sözlə ifadə etmək çətindir. Əllərində gül dəstəsi tutan balaca şagirdlər məktəbə tərəf addımlayarkən sanki yalnız məktəbin qapısına yox, həm də həyatın ən işıqlı yoluna qədəm qoyurlar. O qapıdan içəri girən hər bir uşaq yeni bir dünyaya addım atır – görmədiyi bir dünyaya... Məktəb zəngi isə bu səhər adi bir səs deyil. O sanki ürəklərdə çalınan ümid simfoniyasıdır. Bu zəng bizə deyir: “Oyan, gələcəyin yoluna çıx, öyrən, yarat, yaşat!”
İlk günün duyğuları
Məktəbin həyəti bu gün rənglərin, hisslərin bir tablosuna çevrilir. Uşaqların sevincli baxışları, müəllimlərin ciddi, amma mehriban üzləri, valideynlərin həyəcan qarışıq qüruru birləşərək təkrarolunmaz mənzərə yaradır. Valideynlər bu gün iki hissi bir yerdə yaşayır: övladını yeni həyata yola salmağın gizli kədəri və onun gələcəyə addımlamasının misilsiz sevinci. Müəllimlərin baxışlarında isə böyük bir ümid var – hər yeni şagirdin simasında gələcək Azərbaycanı görmək. Şagirdlər isə bu günün ən saf qəhrəmanlarıdır. Onların çantaları, sadəcə, dəftər-qələmdən ibarət deyil, həm də xəyallarla, arzularla, ümidlərlə doludur.
Məktəb – həyatın ürək döyüntüsü
Məktəb – insan ömrünün ilk böyük sevgisidir. Burada insan ilk dəfə oxumağı, yazmağı öyrənir, ilk dəfə dost qazanır, ilk dəfə uğurun nə olduğunu dərk edir. Məktəbin qoxusu belə başqadır: təzə dəftərin qoxusu, yazı taxtasının təbaşir qoxusu, zəngin səsi, müəllimin səsi – bunların hamısı insanın qəlbində ömürboyu silinməyən xatirələrə çevrilir. Kiminsə ilk qələmi burada sınır, kiminsə ilk şeiri burada oxunur, kiminsə ilk arzusu burada doğulur. Elə buna görə də məktəb ömürlük bir sevgi kimidir – insan onu heç vaxt unuda bilmir.
Müəllim – işığın adı, şagird – sabahın nəfəsi
Bu günün ən böyük qəhrəmanları müəllimlərdir. Onlar, sadəcə, dərs keçən insanlar deyil, həm də qəlblərə toxunan, ruhları oyadan, gələcəyə işıq tutan fədakarlardır.Müəllim hər şagirdin həyatında unudulmaz bir iz qoyur. Bəzən bir “afərin” sözü illərlə insanın güc qaynağına çevrilir. Bəzən yazı taxtasında yazılan sadə bir cümlə sonradan insanın həyat fəlsəfəsinə çevrilir.Müəllim olmaq, sadəcə, peşə deyil – bu, bir sevgidir, insanın içindəki işığı başqasına ötürmək bacarığıdır.
Şagirdlər məktəbin canı, cəmiyyətin sabahıdır. Onların saf baxışları, saf gülüşləri, öyrənməyə duyduqları maraq bu günü daha da möhtəşəm edir.Hər uşaq məktəbə girərkən sanki gələcəyin bir parçasını da özü ilə gətirir. Kiminin gözlərində həkim olmaq arzusu yanır, kiminin ürəyində müəllim olmaq eşqi, kimininsə beynində mühəndis olmaq düşüncəsi gizlənir. Amma hamısını birləşdirən ortaq bir məna var – onlar sabahın ümidi, millətin gələcəyidir.
Elm – millətin nəfəsi
Elm millətin gücüdür. Elm insanı gözəlləşdirən ən saf bəzəkdir. Elm qaranlıqdan işığa aparan yoldur. Ölkəmiz bu gün elmə və təhsilə verdiyi dəyərlə gələcəyini qurur. Yeni məktəblər, yeni kitabxanalar açılır, yeni texnologiyalar meydana gəlir. Lakin hər şeyin fövqündə yenə də müəllimlər dayanır. Sabahımızın taleyi isə Bilik Günündən başlayır. Bu gün təkcə elm günü deyil, həm də hisslərin, romantikanın bayramıdır. Çünki məktəb həyətində çiçək qoxusu ilə qarışan payız küləyi, gül dəstələri ilə addımlayan uşaqlar, gözlərində ümid işığı daşıyan müəllimlər... Əlindən tutub məktəbə aparılan uşağın təbəssümü, müəllimin mehriban baxışı, sinifdə ilk dəfə qələmin səsi – bunların hər biri ömürlük bir xatirəyə çevrilir.
Məktəb sevgidir. Bilik isə o sevginin ən parlaq çiçəyidir. Bilik Günü millətin sabahına açılan qapıdır. Bu qapıdan içəri girən hər bir uşaq gələcəyin həkimi, müəllimi, alimi, Vətən qoruyucusudur.Bu günün sehrli səsini, duyğusunu qorumaq, onu gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Çünki bilik xoşbəxtliyin, azadlığın və tərəqqinin yeganə yoludur. Ürəyinizdəki işıq daim parlasın, elm sevgisi heç vaxt sönməsin!
Bilik Gününüz mübarək olsun!
Günay HACIYEVA
Digər xəbərlər