NAXÇIVAN :

06 May 2025, Çərşənbə axşamı

Biblioqrafik göstəricilər təqdim olunub

...

AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 2024-cü ildə nəşr olunmuş əsərlərinin Biblioqrafik göstəricisi təqdim olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Biblioqrafik göstəricidə bölmədə çalışan 40 elmi əməkdaşın 2024-cü ildə nəşr olunmuş əsərlərinin siyahısı əksini tapmışdır. Göstəricinin 2017-ci ildən hazırlandığını xatırladan akademik qeyd edib ki, əsərin tərtibçisi AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Gülvira Abbasovadır. Nəşri AMEA Naxçıvan Bölməsinin illik hesabatının tərkib hissəsi kimi dəyərləndirən bölmə sədri söyləyib ki, bu kitab hər bir əməkdaşın fəaliyyətini dəyərləndirmək baxımından faydalıdır. Kitabın sonuncu buraxılışına həm də bölmədə çalışan böyük laborantların əsərləri daxil edilmişdir.
Akademik çıxışı zamanı bölmə əməkdaşlarının 2024-cü ildəki fəaliyyətinin əsas göstəricilərini diqqətə çatdırıb. Vurğulayıb ki, ötən il ərzində AMEA Naxçıvan Bölməsi əməkdaşlarının əsərlərinə 4085 istinad qeydə alınmış, tətbiq olunan qiymətləndirmə sisteminə əsasən elmi əməkdaşların ümumi balı 23050 olmuşdur.
Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Gülvira Abbasova “Biblioqrafik göstərici - 2024” məzmunlu məruzə edib.
Məruzəçi bildirib ki, Biblioqrafik göstərici akademik İsmayıl Hacıyevin layihə rəhbərliyi və redaktorluğu ilə 2017-ci ildən başlayaraq AMEA Naxçıvan Bölməsinin Elm və Təhsil şöbəsində hazırlanaraq “Tusi” nəşriyyatında nəşr olunur.
Nəşr AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 27 fevral 2025-ci il tarixli qərarı əsasında işıq üzü görüb. 128 səhifədən ibarət əsər “Biblioqrafik icmal – 2024-cü ilin nəticələrini əks etdirir” adlı bölmə ilə başlanır. Bu bölmədə qeyd olunur ki, ümumilikdə, 17 kitab, monoqrafiya və metodik vəsait, 300 məqalə və konfrans materialı, 105 qəzet məqaləsi, 104 internet resurslarında yerləşdirilmiş material olmaqla, 526 mənbə göstəriciyə daxil edilmişdir. Elmi məqalələrdən 7-si “Scopus” və digər beynəlxalq elmmetrik bazalara daxil olan impakt faktorlu jurnallarda çap olunmuşdur.
İki hissədən ibarət olan vəsaitin birinci hissəsində əməkdaşların Azərbaycanda və xarici ölkələrdə çap olunmuş monoqrafiyaları, kitabları, jurnallarda, toplularda, dövri mətbuatda dərc edilmiş elmi və publisistik məqalələri əksini tapmışdır. Biblioqrafik göstəricinin “Köməkçi göstəricilər” adlanan ikinci hissəsində isə müəlliflərin, kitab, monoqrafiya və metodik vəsaitlərin, kitab və toplularda nəşr olunan məqalələrin və xaricdə çap olunan əsərlərin əlifba göstəriləri ayrı-ayrılıqda verilmişdir.
Daha sonra Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov çıxış edib. Natiq 8 ildir, ardıcıl nəşrə hazırlanan “Biblioqrafik göstərici” seriyasının ilbəil təkmilləşdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, 2019-cu ildən başlayaraq biblioqrafik göstəricinin birinci hissəsinə müəlliflərin müsahibələri, 2022-ci ildən isə müəlliflərin rəsmi opponentliyi əlavə olunmuşdur. 2023 və 2024-cü ilin biblioqrafik göstəricilərinə ilk dəfə olaraq müəlliflərin rəsmi opponentliyi ilə yanaşı, elmi rəhbərliyi və elmi məsləhətçiliyi də daxil edilmişdir.
Orxan Bağırov çıxışının sonunda apardığı statistik təhlillər əsasında bəzi göstəriciləri diqqətə çatdırıb. 
Sonda kitabla bağlı tədbir iştirakçılarının təklifləri dəyərləndirilib, seriyanın növbəti kitablarında tətbiq olunacaq yeniliklər müzakirə olunub.

Nəşr edilib : 06.05.2025 16:51